"RUSİYANIN Suriyadan çəkilməsi SADƏCƏ olaraq bir manevrdir" — Politoloq

"Rusiyanın Suriyadan çəkilməsi sadəcə olaraq bir manevrdir" — Politoloq

Rusiya Suriyadan çəkilir

Putin tərəfindən alınan bu gözlənilməz qərar ekspertlər tərəfindən təəccüblə qarşılanıb.

ABŞ senatoru Makkeyn Putinin gücünü və enerjisini başqa istiqamətə yönəldəcəyini bildirib. Onun fikrincə Rusiya bundan sonra Ukraynada fəallaşacaq.

Rusiyanın aldığı ani qərar və Ukrayna məsələsi ilə bağlı iddiaya Türk-slavyan hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov Ölkə.Az-da münasibət bildirib:

"Bu məsələdə həm hərbi strateji faktor, həm də iqtisadi faktor var. Burada tam çəkilmədən söhbət getmir. Rusiyanın Suriya ərazisində iki bazası var, faktiki olaraq onlar yenə də öz yerlərində qalacaq.

Rusiyanın Suriyadan çəkilməsi şərti məna daşıyır. Sadəcə Rusiya Suriyada aktivliyi bir qədər azaldacaq. Əgər bazalar yerində qalırsa, hansı çəkilmədən söhbət gedə bilər? Suriyaya cəlb edilən əlavə qüvvələrin geri qaytarılmasından söhbət gedir. Suriyaya göndərilən hərbi təyyarələr və onlarla xidmət edən qüvvələri geri çağırırlar. Bu bir manevr gedişidir. Lazım gəldikdə Rusiya Suriyada aktivləşməni yenidən həyata keçirə bilər. Çəkilmə şərti və müvəqqəti məna kəsb edir.

Rusiyanın Suriyada istifadə etdiyi hərbi təyyarələr və raketlər böyük vəsait hesabına əmələ gəlir. Bir şeyi də unutmayaq ki, Rusiya Suriya kampaniyasında ən son hərbi silahlardan istifadə etdi. Rusiya üçün Suriya həm də yeni hərbi silahların sınaq meydanı oldu. Yeni silahlar böyük maliyyə xərcindən sonra düzəlir və ərsəyə gəlir.

Bizim bilmədiyimiz bir şey də ola bilər. Bağlı qapı arxasında ABŞ-la Rusiyanın bir razılaşması ola bilər. Bunun nəticəsi olaraq da aktivlik azaldıla bilər. Müəyyən bir zamandan sonra ABŞ xarici siyasətinin Yaxın Şərq üzrə həyata keçirdiyi məsələlərdə biz bunu görəcəyik. Burada ikinci bir məsələ də var. Rusiya son dönəmlər körfəz ölkələri ilə neftin ixracatının azaldılması məsələsini qaldırıb. Neftin əsas ixracatçısı olan dövlətlərdən Səudiyyə Ərəbistanı və Qətər kimi digər körfəz ölkələri nümayəndələrinin Rusiyaya səfərlərinin intensivləşdiyini görürük. Bəlkə də Suriyadan çəkilmə qərarı bu görüşlərin nəticəsində əldə olunub. Yəni bu hansısa razılaşma əsasında ola bilər. Reallıqda isə faktiki olaraq cəmi 3 saat lazımdır ki, Rusiya hərbi təyyarələri yenidən Suriyaya qayıdaraq orada hava əməliyyatları həyata keçirsin.

Rusiyanın Ukraynada fəallıq edəcəyi kimi fikirləri ciddi qəbul etmirəm. Ukrayna münaqişəsinin dondurulmuş qalması Rusiyaya sərf edir. Ukraynada yenidən əmliyyatlar keçirilməsi külli miqdarda xərc, Qərb və ABŞ-la yeni qarşıdurmalar tələb edir. Suriyadan çəkilməni Ukrayna ilə bağlayıb, indi də bu məsələni gündəmə gətirmək və orada konflikti qızışdırmağa çalışırlar".

AzerTaym.az






Fikirlər