Suriyada ABŞ və Rusiya arasında hərbi münaqişə mümkündür.
AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, bu fikirlə hərbi politoloq, Q.V. Plexanov adına Rusiya İqtisadi Universitetinin sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiyev çıxış edib.
"Təəssüf ki, Suriyada Rusiya və ABŞ arasında hərbi münaqişəsi mümkündür. Bu həm də dolayısi ilə artıq baş verib: Rusiya tərəfi terrorçuları bombalayırdı, amma bazada amerikalılar var idi. Amerikalılar Suriyanın hökumət qoşunlarının bölmələrinə atəş açır və bombalayırdılar, amma orada bizim hərbi məsləhətçilərimiz var idi”, - ekspert bildirib.
Aleksandr Perendjiyev yaranmış vəziyyəti ciddi adlandırıb. Bununla belə, onun fikrincə, qlobal hərbi münaqişədən və Rusiya ilə Amerika silahlı qüvvələrinin birbaşa toqquşmasından qaçmaq mümkündür: "Ümid edirəm ki, birbaşa hərbi toqquşma olmayacaq. Rusiya-Amerika danışıqlarının əsas məqsədi hərbi toqquşmaya icazə verilməməsi olmalıdır”.
Qeyd edək ki, oktyabrın 3-də ABŞ Dövlət Departamenti Rusiya ilə Suriya üzrə aparılan danışıqların dayandırıldığını rəsmən elan edib. İdarənin nümayəndəsi Con Kirbi ABŞ-ın səbrinin tükəndiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavabında bildirib ki, Vaşinqton Suriya üzrə əldə olunan razılaşmanı yerinə yetirməyib və məsuliyyəti üzərindən atmağa çalışır.