İsrail-Fələstin davası: 8-ci gün - cəbhə böyüsə...
Belə görünür ki, İsrail-Fələstin savaşı tezliklə bitməyəcək. Ən azı ona görə ki, hər iki tərəfdən çox sayda mülki şəxs həlak olub. Bu da tərəflər arasında qarşılıqlı nifrəti və etimadsızlığı yüksək səviyyədə saxlayır. Üstəgəl, burada regional və qlobal güclərin özəl maraqları açıq görünür. Bəs müharibənin 8-ci günündə onun yaxın bölgələrə sıçrama ehtimalı haqda nə demək olar? Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsinin böyüyə biləcəyindən və tez bitməyəcəyindən ehtiyatlandığını dilə gətirib. “Narahatlıqlarımız çox yüksəkdir. Bunun bir-iki həftə ərzində bitəcəyinə əmin deyiləm. Və buna görə də biz işimizi və liderlərlə əlaqəmizi davam etdiririk. Baş verənləri dayandırmaq üçün vasitəçiliklə həll yollarını axtarırıq”, - deyə Türkiyə lideri qeyd edib. Türkiyə başçısı onu da qeyd edib ki, Yaxın Şərq problemi həll olunmalıdır və qəti həll yolu paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasıdır. “Biz regiondakı bütün güclü oyunçuları ədalətli sülhdə uduzan olmur şüarı altında sülhün bərqərar olması üçün məsuliyyət daşımağa çağırırıq”, - Ərdoğan əlavə edib. Müstəqil Fələstin dövləti ilə bağlı eyni fikri Rusiya rəhbəri Vladimir Putin dilə gətirib. Bəs Qərb, ABŞ da bunu istəyirmi? Yada salaq ki, BMT TŞ-nin 1967-ci il sənədinə əsasən Fələstin torpaqlarında iki dövlətin yaradılması nəzərdə tutulur. İsrail və paytaxtı Şərqi Qüds olmaqla Fələstin.
Fikrət Yusifov: “İki xalq arasında belə dərin düşmənçilik yaratmaq kimlərin marağında idi?” Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov iri güclərin iki xalq arasına səpdikləri ədavətdən söz açdı: “Artıq səkkizinci gündür ki, dünyanın diqqəti Yaxın Şərqdə - Fələstinlə İsrail arasında baş vermiş, insanlara insanlığa sığmayan acılar yaşadan qanlı müharibəyə yönəlib. Nədən bu torpaqlarda İsrail dövləti yaradıldıqdan sonra fələstin və yəhudi xalqları arasında ağır qisasçılıq hisləri ilə müşayiət olunan bu qədər qanlı, bu qədər barışmaz bir münasibət formalaşıb? İki xalq arasında belə dərin düşmənçilik yaratmaq kimlərin marağında idi? Heç bir dövlət onun vətəndaşlarının on illər boyunca qan-qada içərisində yaşamasını istəməz. Əslində bütün baş verənlərin kökündə dünyanın böyük güclərinin on illər boyu bu məsələdə ikili standartlarla müşayiət olunan ikiüzlü siyasəti dayanır. Böyük güclər bu bölgədə alovlandırdıqları ocağın sönməsini heç vaxt istəməyiblər. Çünki onun istisinə qızınırlar. Bölgədəki bu isti onlara “ərəb dünyasında” istədikləri “balanslaşdırılmış abı-havanı” saxlayıb, bundan maksimum yararlanmağa imkan yaradır. Əgər Fələstin dövləti vaxtında yaransaydı, bugünkü hadisələrin baş verməyəcəkdi. Nəhayət bu xalqların dövlət qurmaq tarixlərinə qısa bir nəzər saldıqdan sonra Həmasın İsrail üzərinə etdiyi hücuma qayıdaq. Nədən Həmas hərbi qruplaşması İsrail ərazisində bu qədər qanlı, insanlığa yaraşmayan bir vəhşilik törətdi. Bu hücumun arxasında çox izlər görünür. Burada törədilən vəhşiliklərdən 20 yanvarda Bakıda, birinci Qarabağ savaşında Xocalıda, Kəlbəcərdə və digər yaşayış məntəqələrimizdə Rusiyanın dirijorluğu ilə törədilmiş qətliamların, İranın İraqla müharibə zamanı azyaşlı uşaqların boynundan “cənətə gedirsiniz” lövhəsi asıb, onları minalanmış ərazilərə göndərməsi kimi vəhşiliklərin qoxusu gəlsə də bu münaqişə ocağının daima alovlanması bütün böyük güclərin maraq dairəsinə aid olub. Bu gün də dünyanın bir çox bölgələrində böyük güclərin yaratdıqları və günümüzə qədər gəlib çıxan onlarla belə “qaynar” məkanlar mövcuddur. Baxın, tək Rusiyanın Cənubi Qafqazda, Moldovada, Gürcüstanda, Ukraynada yaratdığı münaqişə ocaqları və rusların əski Sovet respublikalarının ərazilərində istənilən vaxt gerçəkləşdirə biləcəyi onlarla digər “potensial münaqişə ocaqları” var. Heç şübhəsiz ki, dünyanın hər yerində mövcud olan münaqişələrin kökündə böyük güclər tərəfindən xalqlar arasında müxtəlif “səbəblərlə” salınmış və onlar tərəfindən daima körüklənən milli ədavət dayanır. Bu gün ABŞ-nin, İngiltərənin, Fransanın və digər böyük güclərin dünyanın ayrı-ayrı ölkələrində yaratdıqları onlarla belə münaqişə ocaqları bu dediklərimizin sübutudur. Bunun üçün yetər ki, təqdim etdiyimiz xəritədə dünyanın ayrı-ayrı ölkələrindəki qaynar nöqtələrə nəzər salıb bir düşünək. Bu münaqişə ocaqlarını kimlər hansı məqsədlə yaradıblar? Hər münaqişənin altında dediyimiz böyük güclərin barmağı var. Onlar özlərinin “vasitəçilik” kimi iyrənc alətindən istifadə edib bu münaqişələri bir qayda olaraq qızışdırır və yekunlaşmasına imkan vermirlər. Bütün bunlar dünyanın qloballaşdığı bir dönəmdə də böyük güclərin imperiya ambisiyasının sonsuz olduğunun göstəricisidir. Günahsız xalqların böyük güclərin bu çirkin oyunlarından qurtulmasının yeganə yolu, yaranmış problemləri öz aralarında çözə bilməkdən keçir. Əks halda onlar böyük “dostları” tərəfindən körüklənən bu münaqişələrin içərisində əbədi çabalayacaqlar. Üçüncü yol yoxdur".
Əli Orucov: “İsrail-Fələstin müharibəsinin geniş coğrafiyanı əhatə edə biləcəyi qorxusu artıq reallaşmaqdadır” AMİP liderinin köməkçisi, politoloq Əli Orucov müharibənin bitməsində maraqlı olmayan qüvvələri önə çəkdi. Onun fikrincə, İsrail-Fələsin müharibəsinin tezliklə yekunlaşa biləcəyi mümkün görünmür: “HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumun miqyası və itkilər çox böyükdür. Bu isə İsrail cəmiyyətində də, rəsmi dairələrdə də dərin hiddət doğurub və qisasçılıq hissini gücləndirib. Belə bir atmosferdə müharibəni dayandırmaq, tərəfləri danışıq masası ətrafına oturtmaq çox çətindir. Üstəlik də İsrail HƏMAS təhlükəsini birdəfəlik aradan qaldırmaqda, bu təşkilatı tamamilə sıradan çıxarmaqda israrlı görünür. Hər keçən gün isə müharibənin şiddəti və itkilərin, dağıntıların miqyası artmaqdadır. Tərəfləri barışığa dəvət edən, bu istiqamətdə çabalar göstərən qüvvələr də azdır. Türkiyənin fəallığından başqa barışıq səhnəsində elə ciddi dövlət gözə dəymir. Rusiyanın təşəbbüsləri də kifayət etməz. Çünki Rusiya hazırda qlobal güc mərkəzlərindən biri kimi rolunu demək olar ki, itirib. Bunlara qarşılıq olaraq ABŞ müharibənin daha geniş arealı əhatə etməsi üçün İsrailə siyasi və hərbi dəstəyini əsirgəmir. İsrailin silah-sursatla təmini azmış kimi özünün təyyarə daşıyan hərbi gəmisini İsrailə kömək üçün göndərib. Qərb də müharibənin dayandırılmasında həvəs göstərmir. HƏMAS-ın hücumu, mülki şəxsləri və obyektləri hədəf alması Fələstin xalqının beynəlxalq dəstək almasına da mənfi təsir göstərib. Əksinə İsrailin aşırı güc tətbiqinə, bəzən beynəlxalq humanitar qanunu pozmasına, susqunluq göstərməsinə səbəb olub. İsrail-Fələstin müharibəsinin geniş coğrafiyanı əhatə edə biləcəyi qorxusu artıq reallaşmaqdadır. Livan bu müharibəyə cəlb oluna bilər. İran meyilli Hizbullah hər an təhrikedici addım ata bilər. Yaxud İraqdakı şiə silahlı qruplaşmaları bu müharibənin iştirakçısı ola bilər. Aparılan müşahidələrdən görünür ki, bəzi xarici və daxili qüvvələr Türkiyəni İsraillə yenidən konfliktə çəkməyə çalışır. İran açıq şəkildə HƏMAS-ı dəstəkləyir. Ümumilikdə isə, bölgə sanki barıt çəlləyini xatırladır, xırda bir ehtiyatsızlıq və ya təxribat bu coğrafiyanı müharibə çənbərinə ala bilər. İsrail-Fələstin arasında qarşıdurmanın isə bir çıxış yolu var, 1967-ci il BMT TŞ sənədinə uyğun olaraq Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin yaradılması, İsrail-ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasıdır. Təəssüflər olsun ki, ABŞ həmişə buna mane olub və İsrailə daim dəstək ifadə edib. Ümumilikdə, Yaxın Şərq bölgəsi illərdir ki, narahat bölgə olaraq qalır. Son dövrlər İsrail-ərəb dövlətləri arasında müəyyən yaxınlaşma olsa da, alovlanan İsrail-Fələstin müharibəsi göstərilən səyləri də alt-üst etdi. Ərdoğanın barışdırıcı mövqeyi, bu yöndə aktivliyi ümid edək ki, öz müsbət bəhrəsini verəcək. Fələstin dövlətinin yaranması üçün isə səylər və təşəbbüslər artırılmalıdır. Bu cür müharibələr qlobal proseslərə neqativ təsir göstərir və böhranları daha da dərinləşdirir". “Yeni Müsavat”