Terror aktında İŞİD izi - ABŞ rəsmisi: “Bu fərziyyədir”
ABŞ-da hesab edirlər ki, Çərşənbə günü İranda baş verən partlayışları İŞİD qruplaşması həyata keçirə bilərdi. Yenisabah.az Fox TV-yə istinadla xəbər verir ki, bunu yüksək rütbəli ABŞ rəsmi deyib. "Bu, həqiqətən də terror aktına bənzəyir. Biz keçmişdə İŞİD-dənoxşar şeylər görmüşük". O əlavə edib ki, bu fərziyyədir. Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi Kirmandakı partlayışın arxasında İsrailin olduğuna dair heç bir işarənin olmadığını bildirmişdi. İran rəsmiləri Kirmandakı partlayışın terror aktı olduğunu bildirsə də, bunun arxasında kimin olduğunu açıqlamayıblar. İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei vurğulayıb: “Düşmənlər bilməlidirlər ki, bu fəlakətə sərt cavab veriləcək”. Xatırladaq ki, terror aktı nəticəsində 103 nəfər ölüb, ən azı 211 nəfər yaralanıb. İlkin məlumatlara görə, partlayıcılar qəbiristanlıqda qalan iki torbaya yerləşdirilib və uzaqdan işə salınıb. İranın xüsusi xidmət orqanları partlayışların terror aktı olduğunu düşünür. İran hökuməti partlayışlarla bağlı yanvarın 4-ünü milli matəm günü elan edib.