“Sanksiyalar İranla qəddar zarafat etdi” - ”Bu faktorlar qəzada mühüm rol oynayıblar...”

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı müxtəlif versiyalar dolaşır. Onu daşıyan helikopterin qəsdən qəzaya uğradılmasını söyləyənlər İran hakimiyyətindəki daxili çəkişmələri xüsusilə önə çəkirlər. Lakin bütün bunlar fakt yox, sadəcə mülahizələrdir.

Helikopter qəzasının görünməyən konspiroloji tərəflərindən başqa, hamıya bəlli olan açıq gerçəklər də var. Belə ki, ABŞ sanksiyaları üzündən İranın hərbi və mülki aviaparkının necə bərbab vəziyyətdə olması göz önündədir.

“AzPolitika” xəbər verir ki, Böyük Britaniyanın “Financial Tımes” qəzeti “Sanksiyalar İranın köhnəlmiş helikopter parkıyla qəddar zarafat etdi” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Minlərlə saat uçuş həyata keçirən bu köhnə helikopter üçün havaya qalxmaq və təhlükəli ərazi üzərində qatı dumanda uçmaq şərtləri son dərəcə ağır olub. İran prezidentini və xarici işlər nazirini daşıyan ABŞ istehsalı olan “Bell 212” helikopterinin Azərbaycan sərhədi yaxınlığında dağa çırpılmasının səbəbi aydın deyil.

Amma analitiklər və keçmiş rəhbərlər deyirlər ki, əgər Tehranın Qərb sanksiyaları üzündən ehtiyat hissələri ala bimədiyini nəzərə alsaq, yəqin ki, qəza texniki nasazlıqla bağlı olub.

“Sent -Endryus Universiteti”(University of St.Andrews) nəzdindəki İran Araşdırmaları İnstitutunun təsisçisi Əli Ənsari vəziyyəti belə şərh edib: ”İranın aviaparkı ümumilikdə rejimin təcəssümüdür. O, köhnədir. Bu təyyarələr və helikopterlər uçmamalıdırlar. Onlar hər dəfə sadəcə, növbəti qəza reysini həyata keçirirlər”.

Tehran hələlik aviaqəza ilə bağlı rəsmi açıqlama verməyib. İsrail rəsmiləri qəzayla əlaqələrinin olmadığı siqnalı yollayıblar, ABŞ Senatındakı çoxluğun lideri Çak Şumer isə bəyan edib ki, Amerika kəşfiyyat xidmətinin məlumatına görə, bu qəzada cinayət niyyətinə dair sübut yoxdur.

Helikopter qəzasının səbəbi çox böyük ehtimalla köhnəlmiş və onilliklər boyu əldən düşmüş aviaparkdır. Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar hava donanmasının yenilənməsinə imkan verməyib, ehtiyat hissələrinin alınması və onlara xidmət göstərilməsi üçün müqavilə imzalanması mümkünsüz olub. İranın mülki aviasiyasında bir neçə “A-300 Airbus” təyyarəsi var. Bu təyyarələrin istehsalı on il bundan əvvəl dayandırılıb. İranda istismar olunan sərnişin təyyarələrinin orta yaş həddi 28 ildir. Bu isə ümumdünya orta statistik göstəricisindən iki dəfədən də artıqdır. Ölkənin əsas sərnişin şirkəti “İran Air”in tərkibində hətta 40 ildir ki uçan bir ədəd “A-300” təyyarəsi də yer alır.

“Ascend” konsaltinq bölümünə rəhbərlik edən Rob Morris deyib: ”Köhnə təyyarələr adətən az etibarlı olurlar və bu da istifadənin orta səviyyəsində özünü göstərir. Onlar gün ərzində 4,8 saat və ya orta göstəricidən təxminən iki dəfə az uçurlar”.

İran 2015-ci ildə dünyanın aparıcı dövlətləri ilə nüvə müqaviləsi imzalayandan sonra sanksiyaların bəziləri götürüldü. Onda Tehran öz aviaparkını yeniləmək üçün ”Boeing” və “Airbus”-la 40 milyard dollar dəyərində saziş imzaladı. Lakin 2018-ci ildə İran gözlənilmədən bu imkanlardan məhrum oldu, çünki ABŞ Prezidenti Donald Tramp birtərəfli qaydada nüvə sazişindən çıxdı və İrana qarşı yüzlərcə yeni və daha sərt sanksiyalar tətbiq etdi. İranın Hərbi Hava Qüvvələrindəki təyyarələrin böyük hissəsi hətta mülki aviasiyadan da köhnədir. Onların silahlı qüvvələrində təyyarələrin əksəriyyəti 1970-ci illərdə alınıb. İran hərbi qüvvələrində həmçinin Sovet təyyarələri və uçuşa yararlı olan Fransa istehsallı bir neçə “Miraj F-1” təyyarəsi də var.

Qərb kəşfiyyatı hesab edir ki, İrana müasir “Su-35” qırıcıları verməklə bağlı ruslarla gizli müqavilə müzakirə edilib. Amma hər hansı sazişin imzalanması barədə məlumat yoxdur.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun(The Center for Strategic and International Studies) məlumatına görə, İran ordusundakı köhnəlmiş döyüş texnikası çoxluq təşkil edir. Bu, Hərbi Hava Qüvvələrində xüsusilə seçilir. Analitiklər deyirlər ki, İran Prezidenti İbrahim Rəisinin, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın olduğu hökumət helikopterinin pis hava şərtlərində yerə çırpılmasında yəqin ki, texnikanın köhnəliyi mühüm faktor hesab edilməlidir.

”Bell 212” və həmçinin də dörd pərli “Bell 412” helikopteri etibarlılığı ilə tanınır. Onu 1960-cı illərdə yaradıblar və Vyetnam müharbəsində istifadə ediblər. O vaxtdan indiyədək bir çox ölkələrdə istifadə olunur. Bu gün həmin helikopteri Avstraliya Hərbi Hava Qüvvələri, Yaponiyanın sahil mühafizəsi, Tailand polisi və ABŞ yanğınsöndürənləri istifadə edirlər.

“Miçiqan Universiteti”ndə aviakosmik maşınqayırmanı tədris edən professor Karlos Çesnik bildirib: ”Bell 212 və Bell 412 geniş istifadə olunur və çox əla təhlükəsizilik göstəricilərinə malikdirlər. İstənilən bədbəxt hadisə zamanı istismar müddətini nəzərə almaq lazımdır. Hava şəraiti və texnikaya göstərilən xidmət də səbəblər sırasında öndə gəlir”.

Görünür ki, bu faktorlar baş verən qəzada mühüm rol oynayıblar. Hazırda İranda 62 ədəd “Bell” helikopterləri istismar edilir, onların içərisində 13 ədəd “Bell 212” var. Açıq mənbələrə əsasən düşən helikopterin qeydiyyat nomrəsi 6-9201 olub. Bu, ondan xəbər verir ki, həmin helikopter hələ 1994-cü ildən İran Hərbi Hava Qüvvələrindədir.

Təyyarələrlə müqayisədə heliokpterlər daha az təhlükəsizdir. ABŞ-də helikopterdə ölümlə nəticələnən qəzaların nisbəti yüz min uçuş saatı üçün 1,3, təyyarələr üçün isə 0,98-dir. Bu, ABŞ-nin Nəqliyyatda təhlükəsizlik üzrə milli komitəsinin verdiyi məlumatdır. Hər halda heliokpterlər hərbi təchizatın əsas dayağı olaraq qalırlar və bir çox ölkələrdə mühüm şəxsləri qısa məsafələrə daşıyırlar. Helikopterlər həmçinin, avtomobillərdən daha təhlükəsizdir.

Qaçaqmalçılıq yoluyla öz aivaparkını ehtiyat hissələri ilə təmin etməyə çalışan İranda vəziyyət daha pisdir. Belə ki, 2005-ci ildə hərbi-nəqliyyat təyyarəsi Tehranda çoxmənzilli evə çırpılmışdı və nəticədə 128 nəfər həyatını itirmişdi. Keçən il idman naziri Həmid Səccadini aparan helikopter futbol meydançasına eniş edən zaman qəzaya uğramışdı. Nazir sağ qalmışdı, amma onun köməkçisi hələk olmuş,daha 12 nəfər isə yaralanmışdı. Bundan beş ay sonra İranda təlim təyyarəsi düşmüş və nəticədə iki nəfər ölmüşdü.

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Rəsinin ölümündə İrana qarşı sanksiyalar tətbiq edən ABŞ-ı günahlandırıb. O, bu barədə deyib: ”Bu, Amerikanın İran xalqına qarşı etdiyi cinayətlərin cərgəsinə yazılacaq”.

 

 






Fikirlər