ÇİN SƏRMAYƏSİ VƏ TEXNOLOGİYASI İRANA GƏLİR – “Yeni era başlayır…”

 

ruhani_si_tzinpin3

2016-cı ilin başlanğıcı, şübhəsiz ki, İran üçün mühüm tarixi kəsim oldu. 16 yanvar tarixində rəsmi şəkildə İranın nüvə proqramı ilə əlaqədar olan müqavilə, hərtərəfli şəkildə işə düşdü və nəticədə Avropa, ABŞ və digər ölkələr İrana qarşı tətbiq edilmiş sanksiyaları qaldırdılar. 22-23 yanvar tarixlərində isə Çin Xalq Respublikasının sədri Si Çzinpin İrana rəsmi səfər edib. Çin rəhbərliyi axırıncı dəfə İranda bundan 14 il əvvəl olmuşdu. İran xalqı üçün ən çətin günlər, demək olar ki, arxada qalıb. Bundan sonra Çin–İran əməkdaşlığında yeni era başlayır. (“Jenmin Jibao” – Çin)

Artıq 30 ildir ki, Qərbin İrana qarşı tətbiq etdiyi sərt sanksiyalar, enerji daşıyıcıları sektoru başda olmaqla, bu ölkənin ticarətinə çox ciddi təsir edir. İran iqtisadiyyatı və əhalinin yaşayış səviyyəsi mürəkkəb vəziyyətə düşüb. Elə bu səbəbdən də Çin və İran arasındakı iqtisadi–ticari əlaqələr də çətinliklə üzləşib.

Çin Xalq Respublikasının İranda, BƏƏ, Niderlanddakı keçmış səfiri Xua Limin “Jenmin Jibao” qəzetinə verdiyi müsahibəsində deyib: ”İrana qarşı tətbiq edilmiş sanksiyaların bir hissəsinin ləğvindən sonra İranın neft ixracatı və valyutanın maneəsiz dövriyyəsi bərpa olunur. Bunlarla yanaşı Çin ilə İran arasında əməkdaşlıq yolundakı maneə də aradan qaldırılacaq. İran Çinə olan neft ixracının həcmini əhəmiyyətli dərəcədə artıracaq. Digər tərəfdən isə Çinin sərmayəsi və texnologiyası bu ölkəyə gələrək, İranın iqtisadi inkişafının təmin edilməsi üçün kömək olacaq. Çin və İran arasındakı ticari-iqtisadi münasibətlərdə yeni inkişaf mərhələsi başlayacaq”.

“Ninsya” Universitetinin Yaxın Şərq məsələləri üzrə elmi tədqiqat institutunun rektoru Li Şaosyan hesab edir ki, Çin Xalq Respublikasının sədri Si Çzinpinin İrana səfərinin mühüm tərəfi, iki ölkə arasındakı ticari-iqtisadi əməkdaşlığın irəliləməsindən ibarətdir.

Li Şaosyan İranın inkişaf perspektivləri ilə bağlı nikbin əhval ruhiyyədədir. Məsələ ilə əlaqədar o, deyib: “Əgər İran bu imkanlardan istifadə edə bilərsə, onda tezliklə onun sürətli inkişafı başlaya bilər”.

Sanksiyalar götürüldükdən sonra İran beynəlxalq bazarlara qayıdacaq və bir çox ölkələr onunla əməkdaşılıq etməyə çalışacaqlar. Ona görə də təcriddən azad olunmuş İran ətrafında yaranmış yeni vəziyyətlə əlaqədar olaraq, Çin yeni rəqiblərin təzyiqləri ilə qarşılaşacaq. Li Şaosyan hesab edir ki, sanksiyaların götürülməsindən Çin qazanclı çıxacaq. Çünki Çin İranın böyük ticarət tərəfdaşıdır və onların əlaqələrindəki bir-birlərini qarşılıqlı tamamlama göz önündədir.

İpək yolu layihəsi çərçivəsində Çinin “bir zolaq – bir yol” strategiyası İranda müsbət qarşılanıb. Çinin təşəbbüsü ilə irəli sürülmüş “bir zolaq – bir yol” layihəsinin tikintisində İran mühüm tərəfdaşa çevrilir. Li Şaosyan əlavə olaraq deyib: ”İran hal-hazırda çətin vəziyyətdədir və onun xeyli miqdarda sərmayəyə ehtiyacı var. Ona görə də, Tehran böyük həvəslə həmin layihənin birləşdirici nöqtələrindən biri olmaq istəyir. Çinin infrastruktur tikintisi sferasında böyük üstünlüyü var. Bundan əlavə Çin “bir zolaq – bir yol” xəttinin İran ərazisində birləşməsini həyata keçirmək üçün güclü istehsal imkanlarına malikdir. İnvestisiya, ticarət və elmi-texniki əməkdaşlıq sahəsində böyük bir potensialın açılması gələcəkdə hər iki tərəf üçün qarşılıqlı gəlir və mənfəətlərin əldə olunmasına imkan verəcək”.

Əgər məsələyə Çin ilə İran arasındakı ticari və iqtisadi əlaqələrin istiləşməsi kontekstindən yanaşılarsa, onda hər iki tərəfi humanitar sahədə, təhsildə, mədəniyyət və turizmdə geniş perspektivlər gözləyir. İran turizm resursları ilə zəngindir. İranda ölkədaxili vəziyyət sabitləşir və ona görə də, İran Çin əhalisi üçün populyar turizm istiqamətinə çevrilə bilər.






Fikirlər