İQTİSADİYYAT DARALIR, PUTİN “YUMŞALIR” – “İqtisadi böyümə sıfır səviyyəsində olacaq”

 

190352_AP803324092068-pic4_zoom-1000x1000-8716

Rusiyanın siyasi sistemi, idarəetmə funksiyası ən başda oturan şəxsin əlində cəmləşdiyi üçün, bunu çox vaxt “vertikal hakimiyyət” adlandırırlar. Ona görə də prezidentin illik müraciətinin xüsusi çəkisi var.

 Moskvadakı “Karnegi araşdırmalar mərkəzi”nin əməkdaşı Andrey Kolesnikov qeyd edir ki, prezidentin müraciəti “xalqla ünsiyyət” deyil, bu Rusiya elitası üçün nəzərdə tutulan kodlaşdırılmış ideoloji direktivlərdir. Prezidentin bu ilki nitqi təəcüb doğuracaq qədər yumşaq idi. Bu çıxış çənab Putinin 2012-ci ildə yenidən prezidet kürsüsünə qayıtdığı dövrdən sonra həyata keçirdiyi qarşıdurma kursundan geri çəkildiyini göstərir. (The Economist)

Heç şübhəsiz ki, Putin öz nitqinə terror təhlükəsi məsələsini yada salmaqla başladı. Həmişə olduğu kimi, o, Amerikanın Yaxın Şərqdə öz istədiyi qaydaları tətbiq etmək arzusunun həyata keçirilməsinin vətəndaş müharibələrinə gətirib çıxarması barəsində danışdı. Putin, rus təyyarəsinin vurulması hadisəsindən sonra, Rusiyanın yeni “qəddar düşməni” Türkiyəni isə kəskin tənqid atəşinə tutdu. O, eyni zamanda bildirib ki, Rusiya tərəfindən tətbiq edilən ticarət sanksiyalarından başqa, “digər tədbirlər” də görüləcək.

Lakin onun çıxışının böyük bir hissəsi, əsasən sülhpərvər varakter daşıyırdı və başlıca diqqət iqtisadiyyata, ucuz neft qiymətlərinə hazır olmağa, həmçinin də sosial məsələlərə toxunurdu. Ukrayna məsələsinin üstündən sükutla keçildi. Krım barəsində isə ötəri fikir söylənildi. Anti-amerikançılıq isə demək olar ki, olmadı.

Bəlkə Putin sadəcə olaraq “hava proqnozunu” diqqətə alıb? Müstəqil “Levada–Mərkəz”-in bu yaxınlarda apardığı rəy sorğusunda respondentlərin 75%-i Qərblə münasibətlərin yaxşılaşdırlmasının vacib olduğunu söyləyib. Hazırda Rusiya iqtisadiyyatı təhlükəli vəziyyətdədir və hətta Putin öz çıxışında bunu etiraf etməyə qədər yaxınlaşdı. Rusiya prezidenti bu barədə deyib: “Heç nəyi dəyişməməklə, biz sadəcə olaraq öz ehtiyatımızı yeyib qurtaracağıq, iqtisadi böyümə isə haradasa sıfır səviyyəsində olacaq”.

İqtisadi çətinliklər əsas etibarı ilə əhalinin hakimiyyətə loyal münasibət bəsləyən kəsiminə təsir göstərir. Yük avtomobilləri sürücülərinin noyabrın ortalarından başlayan etirazları tədricən bütün ölkə ərazisinə yayılır. Sürücülər, federal magistral yollardan istifadəyə görə böyük yük avtomobillərinə tətbiq olunan yeni ödəmə sisteminə qarşı çıxırlar. Onlar həmçinin bu sistemə Putinin keçmiş dostlarından biri olan Arkadi Rotenberqin oğlu İqor Rotenberqin rəhbərlik etməsinə etiraz bildirir. Rusiyanın cənubundakı avtomobillərin birindəki plakatda “Rotenberq İŞİD-dən pisdir” yazılmışdı.

Putinin dostbazlıq əsasında qurduğu sistem ilə özəl sahibkarlar arasında gedən münaqişə güclü siyasi rezonans doğurub. Rusiya Kütləvi İnformasiya Vasitələri bu mövzudan qaçırlar. Çünki onlar fəhlə sinfinə məxsus olan yük avtomobillərinin sürücülərini liberal reneqatlar və satqınlar kimi təqdim edərək, tənqid hədəfinə çevirə bilməzlər. Sürücülər bildirirlər ki, onlar sadəcə olaraq, hökumətdən bəzi cavablar almaq istəyirlər. Rusiya bloqqerləri ilə söhbəti zamanı, etirazçılardan biri – Aleksandr Rastorquev deyib: ”Biz çox şey istəmirik. Biz sadəcə olaraq, hakimiyyətlə aramızda dialoq olmasını istəyirik”. Ancaq məhz belə bir dialoqu Putinin vertikal hakimiyyəti özünə sığışdıra bilməz.

Bu mübarizədə sürücülər çox çətin ki, uğur qazana bilsinlər, amma onların etirazı buludların üstündə gəzişən Putinin reytinqindəki mövcud problemlərin əyani göstəricisidir. Ölkədə iqtisadi vəziyyət pisləşir. 2016-cı ilin dövlət büdcəsi keçən ilə nisbətən 8% azaldılıb. Real gəlirlər Putinin bütün prezidentlik dövründə ilk dəfədir ki, aşağı düşür. Rusiya rəsmi nümayəndələrindən heç kim yük avtomobilləri sürücülərinin tərəfində durmağa cəsarət etməyib. Müxalif siyasətçi Aleksey Navalnı isə etiraz çıxışlarından öz maraqları üçün istifadə etməyə çalışır.

Ancaq Navalnının və onun “Korrupsiyaya qarşı mübarizə fondu”nun keçən həftə Rusiya baş prokuroru Yuri Çaykaya qarşı irəli sürdüyü ittiham və onların internetə yerləşdirdikləri 44 dəqiqəlik film vəziyyəti bir qədər də gərginləşdirir. Həmin film Yunanıstandakı dəbdəbəli kurort mehmanxanasının atəşfəşanlıqla və rus pop-ulduzlarının çıxışları ilə müşahidə olunan açılış mərasimindən çəkilmiş kadrlarla başlayır. Bütün bunların hamısı Rusiya mədəniyyət nazirinin iştirakı ilə baş verir. Sonra isə filmdə bildirilir ki, bu mehmanxana cənab Çaykanın oğlu Artyoma məxsusdur. Difər tərfdən isə filmdə deyilir ki, kadrlarda göstərilənlərdən başqa Çaykanın oğlunun xeyli sayda müxtəlif dövlət tenderləri və özəlləşdirmələr zamanı əldə etdiyi biznes obyektləri var.

Çayka isə hər şeyi inkar edir. O, Navalnını ittiham edərək, bildirir ki, bütün bunların hamısı adı çəkilməyən “sahiblər” tərəfindən sifarişdir. Rusiya baş prokuroru günahkarları diffamasiyaya görə məsuliyyətə cəlb etməyi planlaşdırır. Öz növbəsində isə Navalnı deyib ki, böhtan atdığına görə Çaykanı məhkəməyə verəcək.

Putinin mətbuat katibliyinin rəhbəri Dmitri Peskov Navalnının filmini şərh etməkdən yayınaraq deyib ki, Kreml prezidentin çıxışının mətni üzərində işləməklə məşğuldur və bu filmə baxmağa vaxt yoxdur.

Belə bir cavab hakim elita nümayəndələri arasında çox ciddi gərginliyin yaşandığından xəbər verir. Ancaq çox böyük ehtimalla, Putin Çaykadan üz döndərməyəcək. Çünki korrupsiyaya qarşı səlib yürüşündən söhbət getmir. Belə olan halda gərək vertikal hakimiyyət sistemi bütövlüklə ləğv olunsun. Elə bu səbəbdən də Putin hesab edir ki, iqtisadiyyatın liberallaşmasına, bürokratik aparatın ixtisara salınmasına və biznes sferasında rəqabətin yaradılmasına israr edənlərin məsləhətlərini yerinə yetirmək mümkün deyil.

Lakin seçim qarşısında qalan Putin bunun əvəzinə Rusiya vətəndaşları üçün yeni əlavə əyləncələr verə bilər. Rusiyalılar, ölkələrini yenidən “böyük dövlət” etdiyi üçün, öz prezidentlərinə hədsiz heyrandırlar. Maraqlıdır ki, rusiyalılara sual verəndə ki, ölkəni böyük edən nədir, onda onlar iki xüsusiyyətin adını çəkirlər: zənginlik və hərbi qüdrət. Cənab Putin vətəndaşlar üçün birinci xüsusiyyəti təmin edə bilmədikcə, o ölkə xaricində ikinci xüsusiyyətə üstünlük verəcək.

Tərcümə etdi: Vaqif NƏSİBOV






Fikirlər