Tramp açıqladı: Rusiya DÜNYAYA TƏHLÜKƏDİR
Elxan Şahinoğlu: “Təhlükədən özümüzü sığortalamalıyıq” Amerika prezidenti Donald Trampın həftənin ilk günü açıqladığı yeni milli təhlükəsizlik strategiyası dünya gündəmini zəbt edib. 20 dəqiqəlik çıxışında Tramp 53 səhifəlik strategiya sənədində dünyaya və Azərbaycanın yerləşdiyi region ölkələrinə ciddi mesajlar göndərib. O, açıq şəkildə Rusiya və Çinin ölkəsinin dünya qaydasına təhdid yaratdığını bildirib. Tramp Rusiyanın öz fövqəldövlət statusunu qaytarmağa, öz sərhədlərində təsir dairəsini artırmağa çalışdığını vurğulayır. İran və Şimalı Koreya ilə bağlı da kəskin fikirlər səsləndirən Ağ Ev sahibi bu dövlətlərin regionda sabitliyi pozduqlarını, Amerika üçün təhlükə mənbəyi olduqlarını deyib. O, Rusiyanın Avrasiya regionu üçün təhlükə olduğunu da vurğulayıb. Göründüyü kimi, Tramp Amerika ilə münasibətləri gərgin olan hər bir dövlətin açıq şəkildə adını çəkib və bu dövlətlərlə bağlı dünyaya mesaj ünvanlayıb. Əsas maraq doğuran isə odur ki, Ağ Ev rəhbəri Türkiyənin adını belə çəkməyib. Bu da bir sıra suallar yaradır. Trampın adlarını qeyd etdiyi Rusiya və İranla bağlı olan hissələr isə Azərbaycanı da yaxından maraqlandırır. Çünki söhbət şimal və cənub qonşumuzdan gedir ki, Tramp burada Cənubi Qafqaz ölkələrinə, region dövlətlərinə uyarıcı mesajlar göndərir.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Barak Obama dövründə 2010-cu ildə də eyni tipli doktrina açıqlansa da, orada Rusiya təhlükə kimi göstərilmirdi: “Həmin doktrinada Rusiya ilə əməkdaşlıq ön plana çəkilirdi. Amma Rusiyanın Krımı işğal etməsindən, Donbas separatçılarına verdiyi dəstəkdən sonra Rusiyaya qarşı münasibət dəyişdi, sanksiyalar tətbiq edildi. Tramp özü istəməsə belə, müşavirləri və digər dövlət rəhbərliyində təmsil olunanlar Rusiyanı düşmən, rəqib səviyyəsinə qaldırırlar. Orada əsas əhəmiyyətli cümlə odur ki, Rusiya qonşuluğunda təsir dairəsini genişləndirməyə çalışır. Gürcüstan və Ukrayna burada örnək göstərilir. Hansı dövlət ki, Amerika ilə yaxın əlaqələr qurmağa, tərəfdaş olmağa çalışır, Rusiya onu hədəf götürür. Necə ki, Gürcüstan və Ukraynanı hədəf götürdü. Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Rusiya bizim qonşumuzdur, bu dövlətlə normal münasibətlər qurmaq vacibdir, baxmayaraq ki, Ermənistana dəstək verir. Amma Amerika ilə də normal münasibətlər qurmalıyıq, bu bizim haqqımızdır. Rusiyanın buna reaksiyasının necə olacağını yaxın gələcək göstərəcək. Amerika Azərbaycanın enerji layihələrini dəstəkləyir. Bu ilin may-iyun aylarında Tramp iki dəfə ölkə başçısına məktub göndərdi. Hər iki məktubda ölkəmizin rolu yüksək qiymətləndirildi, Azərbaycanla əməkdaşlığın vacibliyi vurğulandı, enerji əməkdaşlığı yüksək dəyərləndirildi. İndinin özündə də istənilən Amerika diplomatını danışdırsan, Azərbaycanla əməkdaşlığın rolundan danışacaq. Çünki Azərbaycan öz enerji resurslarını Xəzərdən çıxarıb, neft-qazı Rusiyadan yan keçməklə Avropa bazarına çıxarır ki, Avropanın Rusiyadan asılılığı nisbətən bir az azalır. Rusiyanın Azərbaycana müəyyən qədər təzyiqlərinin artacağı istisna edilmir. İndinin özündə də bunlar hiss olunur. Rusiya istəsə belə, Amerika ilə münasibətləri gərginləşdirə bilmərik. Rusiyanın bölgəyə təsirindən söz açılırsa, bu o deməkdir ki, Amerika bundan sonra Rusiyanın yerləşdiyi regionda ona qonşu olan dövlətlərə dəstəyini artırmağa çalışacaq, həmçinin Azərbaycan da”. Politoloq Trampın İran, Çin və Şimalı Koreya ilə bağlı dediklərinə də toxundu: “İran bizim qonşumuzdur. Çinin də adı çəkilir, baxmayaraq ki, son illərə qədərki doktrinalarda Çin Amerikanın tərəfdaşı adlandırılırdı. İndi görürük ki, o da Rusiya ilə eyni sıraya qoyulub. Çinin inkişafı Amerikanı narahat edir. İranla bağlı Amerikanın mövqeyində ciddi dəyişiklik var. Sanki Azərbaycanın iki qonşusu Amerika tərəfindən hədəf götürülüb. Bunun Azərbaycana müəyyən təhlükələri, riskləri var. Azərbaycan və Amerika bir-biri ilə tərəfdaş münasibətlər qurmağa çalışırlar ki, bu da Rusiya və İranda müəyyən dairələrin xoşuna gəlmir, bundan sonra da gəlməyəcək. Çalışacaqlar ki, ölkəmizə təzyiqlər etsinlər, Azərbaycan Amerika ilə münasibətlərə önəm verməsin. Amma biz müstəqil xarici siyasət yürüdürük. Düşünürəm ki, Trampın İranın adını çəkməsi bu ölkənin Amerikaya münasibətini daha da sərtləşdirəcək, eyni zamanda Amerikanın bölgə müttəfiqlərini özlərinə rəqib görəcəklər. Əgər tərsinə olsaydı, yəni Amerika Rusiya və İranla münasibətləri normallaşdırmağa çalışsaydı, bu bizim də xeyrimizə olardı. Təzyiqlər azalardı. Çox təəssüf ki, əksi baş verir. Bu da bizə müəyyən təhlükələr yarada bilər. Bu təhlükədən özümüzü sığortalamalıyıq. İndiki siyasəti davam etdirməliyik. Türkiyənin adını çəkməməsinə gəlincə, deyə bilərəm ki, Amerika artıq qardaş ölkəyə əhəmiyyət vermir, Türkiyəni strateji müttəfiq siyahısından silib. Türkiyənin özündə də haqlı olaraq, Amerikaya qarşı sərt münasibət var. Çünki Amerika bölgədəki silahlı kürd qruplaşmalarına dəstək verir, Güləni öz ölkəsində gizlədir, hazırda məhkəməsi gedən Rza Zərrab işi də sanki Türkiyəyə qarşı yönəlib. Türkiyə iqtidarına alternativ qüvvələr Amerika və digər Avropa dövlətləri ilə işbirliyinə gedirlər. Bu da münasibətlərin soyumasına səbəb olur. Türkiyə fərqli xarici siyasətə önəm verir ki, nəticədə Amerika onun adını nə müsbət, nə də mənfi istiqamətdə çəkmir”.