ABŞ Cənubi Qafqazı Rusiyaya təhvil verir – iddia

ABŞ Cənubi Qafqazı Rusiyaya təhvil verir – iddia

“Rusiya ətrafında qurulan çəmbər Cənubi Qafqazla davam edəcək və Orta Asiya respublikaları boyunca uzanmaqla Qırğızıstanda başa çatmalıdır” 

 

ABŞ-ın son illərdə Cənubi Qafqazda üstünlüyünü xeyli dərəcədə itirdiyi, Rusiyanın isə təsir imkanlarını artırdığı müşahidə edilir. Bir sıra siyasi ekspertlərin fikrincə, bu proses yanvarın 21-də Donald Tramp ABŞ prezidenti kimi vəzifəsinin icrasına başladıqdan sonra daha da sürətlənəcək, ABŞ cənubi Qafqazı tamamilə Rusiyanın nəzarətinə buraxacaq. 
Politoloq Qabil Hüseynli  hesab edir ki, Trampın vəzifəsinin icrasına başlamasından sonra Cənubi Qafqazın Rusiyaya buraxılacağı gözlənilmir. Çünki ABŞ-ın təhlükəsizlik konsepsiyası var. Bu konsepsiyada ABŞ və onun müttəfiqləri üçün bir nömrəli təhlükənin Rusiyadan gəldiyi bəyan edilir. 
Ona görə də bu konsepsiyanın tələblərinə uyğun olaraq, Rusiyanın ətrafında ABŞ başda olmaqla, NATO bir böyük təhlükəsizlik çəmbəri qurmağa çalışır: “Bu təhlükəsizlik çəmbəri artıq Skandinaviya respublikalarından tutmuş Baltikyanı respublikalardan keçərək Polşa, Macarıstan və Bolqarıstana qədər uzanır. Yəni Baltik dənizindən Qara dənizə qədər artıq həm raketdən müdafiə sistemləri ilə, həm müxtəlif qoşun növlərinin, eləcə də quru qoşunlarının yerləşdirilməsi ilə bu çəmbərin qurulması başa çatıb. Amerikanın konsepsiyasının məğzində Rusiyanı tam həlqəyə alan, Rusiyanı bütün sərhədi boyu mühasirəyə alacaq təhlükəsizlik çəmbərinin tam şəkildə qurulması dayanır. Bu çəmbərin ən önəmli hissələrindən birini də Cənubi Qafqaz bölgəsi əhatə edəcək. Donald Trampın müəyyən deyimləri, fikirləri ABŞ-ın dövlət maraqlarını əks etdirə, üstələyə bilməz”.
Image result for Trump
Politoloq dedi ki, “Dərin dövlət”  Trampı müəyyən davranış qaydalarına dəvət edəcək. Əgər Tramp bu dəvətə uyğunlaşacaqsa və dövlətin müxtəlif qurumlarının təlqinlərinə müəyyən əhəmiyyət verəcəksə, uyacaqsa iş başında qala biləcək: “Trampın siyasi naşılıqdan doğan bəyanatlarına Amerikanın mühüm qurumları uzun müddət dözməyəcək. Məncə, Tramp öz manerasını və davranış normalarını dəyişməyə çalışacaq, buna nail ola biləcək. Amma nail olmadıqda ortada impiçment məsələsi durur. Amerikanın müvafiq orqanları impiçment prosedurunu işə salmaqla ABŞ-ın köklü maraqlarına uyğun gəlməyən və ya naşı siyasət yeritməyə çalışan insanı siyasi hakimiyyətdən uzaqlaşdırmağa çalışacaq. 
Image result for Qabil Hüseynli
Amerika bu saat Rusiyanı beynəlxalq terrorizmdən də təhlükəli hesab edir. Əgər tutaq ki, Barak Obamanın hakimiyyətinin ilk dövrlərində, Klintonun hakimiyyətinin son dövrlərində Amerika üçün ən təhlükəli məqam beynəlxalq terrorizmdirsə, indi ABŞ və NATO üçün ən təhlükəli məqam Rusiya amili hesab edilir. Rusiyanın yavaş-yavaş artan gücü fövqəldövlətə çevrilmək iddialarıdır ki, bu da ABŞ-ın və onun müttəfiqlərinin prinsipial konseptual maraqlarına qətiyyən uyğun gələ bilməz. 
Image result for Trump and Putin
ABŞ-ın konseptual planına görə, Rusiya ətrafında qurulan çəmbər Cənubi Qafqazla davam edəcək və Orta Asiya respublikaları boyunca uzanmaqla Qırğızıstanda başa çatmalıdır. Əgər bu plan reallaşdırılmayacaqsa, Ağ Ev tərəfindən Rusiyaya hansısa bir sahədə güzəştlərə gediləcəksə, Pentaqon, Dövlət Departamenti, Senat, Konqres və digər mühüm orqanlar sözügedən planın həyata keçməsinə cəhd edəcəklər və buna nail olacaqlar". 
Image result for Suriyada vəziyyət
Q.Hüseynlinin sözlərinə, Suriyadakı müvəqqəti pauzaya görə Rusiya elə sanmamalıdır ki, Yaxın Şərqdə hər şey başa çatıb. Yaxın Şərq ABŞ-ın, İsrailin və Avropa dövlətlərinin həyati maraqlarına daxil olan əsas bölgədir: “Bu bölgə uzun müddət ABŞ-ın təsir dairəsinə daxil olub. ABŞ heç zaman belə asanlıqla təsir dairəsinə daxil olan bölgəni Rusiya və İranın nəzarətinə verməyəcək. Həmçinin ABŞ onun üçün mühüm əhəmiyyət kəsb edən Cənubi Qafqazı da Rusiyaya buraxmayacaq. ABŞ Rusiyanın dünyanın bütün nöqtələrində, bütün istiqamətlərdə təqibini davam etdirəcək. ABŞ-ın siyasətində Tramp kimi adamlar çox gəlib gedib. Amma Amerikanın köklü maraqları var və onu dünyanın bir nömrəli dövlətinə çevirən həmin köklü maraqlarıdır. O köklü maraqlardan kim kənara çıxıbsa, mərkəzdənqaçma qüvvəsi kimi həmin adamlar uzaqlaşdırılıb. ABŞ-ın bu siyasətini dəyişməyə heç kimin gücü çatmayacaq”. 

 






Fikirlər