ABŞ kəşfiyyatından Cənubi QAFQAZLA bağlı xəbərdarlıq

 

 
 

bitmap-img6


Ərəstun Oruclu: “Ola bilər ABŞ artıq Cənubi Qafqaz bölgəsindən geri çəkilsin və bölgəni müəyyən müddətə Rusiyaya buraxsın”

 

Birləşmiş Ştatlar kəşfiyyatı hesab edir ki, Gürcüstan Rusiyanın təzyiqləri altında özünün Qərbə strateji oriyentasiyasına yenidən baxacaq. Virtualaz.org xəbər verir ki, həmin sensasion qənaətlə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Konqresin kəşfiyyat komitəsində Amerika kəşfiyyat cameəsinin (17 kəşfiyyat strukturu) dünya üzrə risklərin qiymətləndirilməsinə (“Worldwide Threat Assessment.” ) dair illik məruzəsini təqdim edərkən çıxış edib.
Amerikanın bütün kəşfiyyat strukturlarını birləşdirən Milli Kəşfiyyat Agentliyinin direktorunun təqdim etdiyi məruzənin Qafqaz və Mərkəzi Asiya regionlarına dair hissəsində bir sıra maraqlı məqamlar yer alır. Sənəddən məlum olur ki, Amerikanın hökumət casusları və analitikləri Rusiyanın təzyiqləri altında Gürcüstanın öz geosiyasi oriyentasiyasını dəyişə biləcəyi qənaətinə gəliblər.
Ceyms Klepperin məruzəsində göstərilir ki, hətta indi, Gürcüstanın islahatlar sahəsində irəlilədiyi bir vaxtda gürcü siyasətində rəqabət şiddətlənəcək. 2016-cı il parlament seçkiləri ərəfəsində iqtisadi problemlər də hökumət üçün siyasi baxımdan çox həssas çağırış olacaq. Gürcü elitasında və ictimaiyyətində Qərbə inteqrasiyanın yavaş templə getməsindən məyusluq hökm sürür. Və belə bir vaxtda daha effektivli olan Rusiya təbliğatı Tiflisin avroatlantika məkanına inteqrasiyanı yavaşıtması, yaxud dayandırması ehtimalını artırır.
“Rusiya ilə gərginlik yüksək olaraq qalacaq və biz hesablayırıq ki, Moskva Tiflisin Avropa İttifaqı və NATO ilə sıx əlaqələrdən imtina etməsi üçün ona təzyiqləri artıracaq”-Ceyms Klepper bildirib.
Politoloq Ərəstun Oruclu da hesab edir ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktorunun təqdim etdiyi məruzədə Gürcüstanın Rusiyaya meyllənəcəyi barədə deyilənlərin reallaşması ehtimalı var: “Ola bilər ki, Gürcüstan Rusiyanın təzyiqi altında avrointeqrasiya yolundan bir qədər aralansın. O da ola bilər ki, ABŞ artıq Cənubi Qafqaz bölgəsindən geri çəkilsin və bölgəni müəyyən müddətə Rusiyaya buraxsın. Yəni bölgəni öz geosiyasi maraqlarından kənarda qoysun, Rusiyanın hər tərəfdən sıxılaraq aqressivləşməməsi üçün ola bilər müvəqqəti, hansısa bir dövr üçün Cənubi Qafqaza olan marağı azalsın. Belə olan şəraitdə təbii ki, Gürcüstan rusiyayönümlü xətt seçməyə məcbur olacaq. Azərbaycan və Ermənistan onsuz da rusiyayönümlü siyasət yürüdür. Bu, heç kəsə sirr deyil. Qərbdə də bunu yaxşı bilirlər”.
“Qərb yaxın Şərqdən Rusiyanın çəkilməsi üçün Cənubi Qafqazı güzəştə gedə, Qərblə siyasi bazarlığa gedə bilərmi” sualına Ə.Oruclu belə cavab verdi: “Bazarlama deməzdim mən buna. Sadəcə olaraq, hər iki tərəf öz maraqlarını hesablayır. Məsələn, Cənubi Qafqaz bölgəsi hazırda ABŞ-ın nəyinə lazımdır? Türkiyə var, artıq İranla münasibətlər başqa müstəvidədir. Belə olduğu halda əhəmiyyəti azalan ölkələr uğrunda Rusiya ilə qarşı-qarşıya gəlməyin, vəziyyəti bir qədər gərginləşdirməyin heç bir əsası yoxdur. Yaxın Şərq məsələsinə gəldikdə, düşünmürəm ki, orada hansısa bazarlaşma mümkün olsun. Çünki Rusiya üçün ora çox önəmli bölgədir. Rusiyanın orada öz mövcudluğunu saxlamağın yeganə yolu Suriyada Əsəd rejimini dəstəkləməkdir. Ona görə də alverə getməsi ehtimalı görünmür”.
“Dedikləriniz reallaşsa, yəni ABŞ Cənubi Qafqazı bir müddət tamamilə Rusiyaya buraxsa, bu, Azərbaycanda da demokratiya ümidlərinin daha bir müddətə dəfni demək olacaqmı” sualını isə politoloq belə cavablandırdı: “O ümidlər hələ dəfn olunmayıb ki? Kimlərdəsə son zamanlar ümid işığı yaranmışdısa belə, düşünmürəm ki, ümid işığı əsaslı idi. Mən ümid yeri görmürəm”.(musavat.com)






Fikirlər