Ekspert: “ABŞ-ın yeni prezidenti bir çox ənənələrin üstündən xətt çəkir, bütün ehkamları dağıdaraq, vədlərini yerinə yetirir....”
Donald Tramp ABŞ prezidenti seçildikdən sonra seçkiqabağı verdiyi vədlərə əməl etməyə çalışır. Artıq o, bu xüsusda sensasiya yaradan bəzi qərarlara imza atıb. Belə ki, onun müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı fərman imzalaması, Meksika ilə sərhədə divar hörmək barədə göstəriş verməsi Avropa ictimaiyyətini də narahat edir.
Təsadüfi deyil ki, Fransa prezidenti Fransua Olland Avropa ölkələrini ABŞ prezidenti Donald Trampa qarşı birləşməyə çağırıb. Olland bu birliyin olduqca vacib olduğunu diqqətə çatdırıb.
Bəs, hesab eləmək olar ki, bütün bu addımları ilə Tramp Rusiyanın ümidlərini doğruldur?
Politoloq Elxan Şahinoğluna görə, Amerikanın yaxın siyasi tarixində belə bir hal olmayıb ki, hər hansı prezident andiçmə mərasimindən keçən iki həftə ərzində belə bir təlatüm yaratsın: “Bu, həm ölkə içində, həm də ölkə xaricində belədir. Hətta andiçmə mərasimi də küçə yürüşləri, etirazlarla yadda qaldı. İndi də verdiyi vədlərin hamısını yerinə yetirməyə başlayır. Halbuki, əvvəlcə düşünülürdü ki, o, verdiyi vədlərin hamısını yerinə yetirə bilməz. Çünki bu vədlər Amerikaya problemlər yaradar. Ancaq görürük ki, bütün ehkamları dağıdaraq, vədlərini yerinə yetirir. Nəzərə almaq lazımdır ki, bu adam siyasətçi yox, biznesmendir. Biznesdə isə belədir ki, imzaladığın sənədi gərək yerinə yetirəsən. Meksika ilə sərhədə divar hörmək məsələsini ortaya atması, bu dövlətlə münasibətləri gərginləşdirib. İndi də deyir ki, həmin divarı elə Meksikanın özü tikəcək. Meksika prezidenti isə cavab verir ki, buna pul ayırmayacağıq.
Ola bilər ki, Tramp Amerikada çalışan meksikalılardan artıq vergi tutub, o divarı tiksin. Yaxud da başqa bir məsələ Kanada ilə bağlıdır. Kanada ABŞ-a dost, tərəfdaş, qonşu dövlətdir. Tramp müsəlman ölkələrindən vətəndaşları ölkəyə buraxmadığı halda, Kanada baş naziri bildirdi ki, biz onları qəbul etməyə hazırıq. Bu da faktiki olaraq qonşusu Amerikaya bir mesaj idi. Üstəlik də indi Rusiya ilə münasibətlərində də dəyişiklik var. Rusiyada buna çox böyük önəm verirlər. Rusiya mediasında əvvəllər Barak Obamanı sərt tənqid edirdilərsə, Trampla bağlı bu, müşahidə olunmur. Görünür Kremldən sifariş var ki, gözləmə mövqeyində olmalıyıq”.
Ekspert bildirib ki, Rusiyanın Trampla bağlı iki gözləntisi var: “Birincisi ümid odur ki, Suriyada terrorçulara qarşı Rusiya ilə birgə mübarizə aparacaq. Hansı ki, bunun da artıq əlamətləri var. Görünür gələcəkdə Rakkaya hücumla bağlı Rusiya və Türkiyə ilə əməkdaşlıq mümkündür. Rusiyanın ikinci gözləntisi isə Ukrayna ilə bağlıdır. Aydındır ki, nə ABŞ, nə Avropa İttifaqı dövlətləri, nə də elə Rusiyanın yaxın müttəfiqləri olan Qazaxıstan, Belarus Krımı Rusiya ərazisi kimi tanımayacaq. Rusiya da heç bunu gözləmir. Ancaq Rusiyanın Trampla bağlı ümidi odur ki, Donbasla bağlı Ukrayna mövzusu onun üçün arxa plana keçsin. Tramp elə seçkiqabağı çıxışlarında da Ukrayna mövzusundan çox da danışmırdı. Doğrudur, fevralın 4-də Ukrayna prezidenti ilə danışıb. Ancaq elə də ciddi əlaqələr yoxdur. Düşünmürəm ki, Tramp Obama dövründə olduğu kimi Ukraynaya dəstək versin. Rusiyada bu məsələdə ümidlidir”.
Politoloq Trampın Avropa ilə münasibətlərinə də toxundu: “Amerikada, dünyada baş verən proseslərə iki baxış mövcuddur. Hələ ötən əsrin əvvəllərində bir qrup Avropanın öz problemləri ilə məşğul idi. Deyirdilər ki, Avropada, Asiyada baş verənlərin bizə aidiyyəti yoxdur. İkinci qrup siyasətçilər isə bildirirdilər ki, bu məsələlərdə fəal rol oynamalıyıq. Birinci Dünya müharibəsində Amerika əvvəl iştirak etsə də, sonra yenidən öz ”qınına çəkildi" və Avropanın işinə qarışmadı. İkinci Dünya müharibəsi başlayanda da Amerika Avropanın işinə qarışmaq istəmirdilər. Bu müharibədən sonra isə neçə illik siyasət dünyada hegemon olmaq üzərində qurulmuşdu. Ancaq indi görürük ki, Tramp, bu ənənənin də üstündən sanki xətt çəkməyə çalışır. Avropanın iki ən önəmli strukturu var: Avropa İttifaqı və NATO.
İkisi ilə də bağlı Trampın çox tənqidi fikirləri var. Avropa İttifaqı ilə bağlı söyləyir ki, Britaniya düz addım atıb, bu ittifaqı tərk etdi. Yəni sözündən belə çıxır ki, Avropa İttifaqı dağılmalıdır. NATO ilə bağlı isə bildirir ki, bəsdir, biz onları maliyyələşdirdik. NATO üzvləri də öz təhlükəsizliklərinə görə Amerikaya və NATO-nun saxlanmasına pul ödəsin. İndiyə qədər Avropanın təhlükəsizliklə bağlı yeganə ümidi Amerikaya idi. İndi Tramp bu məsələyə də biznesmen kimi yanaşaraq deyir ki, razıyam, ancaq pul ödəyin. Ona görə də Avropada çaxnaşma var. Bu isə o demək deyil ki, Amerika dünyadakı proseslərdən çəkiləcək. Çünki ən azından beynəlxalq terrorizmə qarşı mübarizə aparacağını deyir və bunun üçün də Suriyada, Yəməndə, İraqda aktiv olmalıdır. Lakin bununla bərabər özünə yenə də problem yaradır. Yeddi müsəlman ölkədən vətəndaşları Amerikaya buraxmamaq, Avropa İttifaqında, müsəlman ölkələrində tənqidlə qarşılanır. Hətta onun bu cür qətnamələri Rusiya üçün də diskomfort yaradır. Çünki İranla Amerikanın münasibətləri gərginləşsə, Rusiyanın Amerika ilə təktərəfli dostlaşması xarici siyasətdə problemlər yarada bilər".