Kremldə ÇEVRİLİŞ planı, yaxud... PUTİN Suriyadan niyə çıxır?

Rusiya prezidenti Vladimir Putin Suriyadakı rus əsgərlərinə geri qayıtmaq əmri verib. Artıq ilk qrup Suriya torpaqlarını tərk edib. Suriyada atəşkəs əldə olunsa da, hazırda vəziyyət qeyri-stabil olaraq qalır. Bu baxımdan, “Suriyada əsas hədəflərə nail olmuşuq” deyən Putinin niyə geri çəkildiyi suallar doğurur.


Publika.az bununla bağlı yeri və xarici ekspertlərin fikirlərini öyrənib.

“Putin zərərin yarısından geri döndü”

Türkiyəli siyasi yazar Özcan Tikit bildirir ki, Rusiya 6 ay ərzində Suriyada olsa da, Əsədə tam qalibiyyət verə bilməyib: “Bu baxımdan, rusların indi geri çəkilməsi suallar yaradır. Əslində Rusiyanın Suriyada müharibəyə girməsi regional gücləri Əsədə qarşı çevirdi. Yaxın Şərq tarixində ilk dəfə İslam Ordusu adı altında hərbi təlimlər keçirildi. Putinin çəkilmə əmrini verməsindən bir gün öncə müxaliflər Suriyanın hərbi təyyarəsini vurdu”.

Ö. Tikit qeyd edib ki, Rusiya Suriyada müharibəyə girməklə ciddi iqtisadi itkilər verdi.

“İddialara görə, Rusiyanın elit qrupları Putinin Suriyada apardığı müharibədən narahat olublar və hətta Kremldə ona qarşı çevriliş belə hazırlayırmışlar. Bunlar iddialardır, lakin səbəblər sırasında ola bilər. Bununla yanaşı, Rusiyada böyük sayda müsəlman yaşayır və Moskvanın Suriyada müsəlmanlara qarşı döyüşməsi daxili ixtilafları qızışdıra bilərdi. Bu baxımdan, “zərərin yarısından dönmək də xeyirdir” prinsipinə söykənən Putin geri çəkildi”, - deyə o vurğulayıb.
 

“Rusiya onları geri çəkmirsə, bu, Türkiyəyə qarşı təhdiddir”

Politoloq Can Kasapoğlu isə hesab edir ki, hər şeydən əvvəl Rusiyanın Suriyadan nəyi çəkib, nəyi saxlamasına diqqət etmək lazımdır: “Rusiyanın bölgədə 40-a qədər hərbi təyyarəsi var və onlar Suriya səmasında hələ də uçurlar. Eyni zamanda, bölgədə yerləşdirilən S-400, SA-17, SA-22 kimi raket kompleksləri orada qalır. Əgər Rusiya onları geri çəkmirsə, bunu Türkiyəyə qarşı təhdid olaraq görə bilərik”.

“Rusiya Suriyadan geri çəkilməklə müxalifətə təzyiqləri artıracaq”

Digər türkiyəli ekspert Qalib Dalay isə düşünür ki, Rusiya Suriyadan geri çəkilməklə müxalifətə təzyiqləri artıracaq: “Moskva ABŞ-dan tələb edəcək ki, müxalifəti Suriya problemi ilə bağlı müzakirələrə buraxmasın”.

Lakin ekspert hesab etmir ki, Rusiyanın Suriyadan geri çəkilməsi ilə Türkiyə bu bölgədə rahat hərəkət edə biləcək.

“Putin Suriyadan çıxmaqla Rusiyanın Yaxın Şərq səhifəsini qapatmış oldu”

Azərbaycanlı ekspert Azər Qasımlı isə Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı verilən qərarın doğru olduğu qənaətindədir: “Putin ondan əvvəlki rus siyasətçilərinin səhvini etmədi. Daha doğrusu yanlış yolun yarısından qayıtdı. Çünki Suriya bataqlıq idi. Sanksiyalar altında olan, iqtisadi problemlərin içində boğulan ölkə üçün bu tip avantüraların sonu yaxşı olmur. Rusiya Suriyada elan etdiyi rəsmi məqsədinə nail ola bilmədi. Rəsmi məqsədi İŞİD-i yox etmək və ya Suriyadan çıxarmaq idi. Amma bu olmadı. Bunun əvəzinə Türkiyə, Səudiyyə və bölgədə yerləşən bir neçə müsəlman ölkəsi ilə münasibətlərini pisləşdirdi. Lakin fikrimcə Rusiyanın Suriya kampaniyasının rəsmi olmayan, amma real əsas iki məqsədi vardı: Əsəd rejimini möhkəmləndirmək və Putinin Qərb liderləri ilə təmaslarını bərpa etmək”.

Onun sözlərinə görə, Putin birinci məqsədinə qismən nail ola bildi.

“Əsəd vaxt qazandı və hələ də iqtidardadır. Lakin bu müvəqqətidir. Ruslar Suriyanı tərk etdikdən sonra savaş ya yenidən qızışacaq, ya da danışıqlar yolu ilə Əsəd getmək məcburiyyətində qalacaq. Putin ikinci məqsədinə isə tam nail ola bildi. Ukraynadakı hadisələrə görə o, tam təcrid olunmuşdu. Hətta “Böyük Yeddilik” ölkələrinin toplantısına onu dəvət etmədilər. Bir sözlə Putin Obama, Olland və Merkellə ünsiyyət imkanını tam itirmiş durumda idi. Suriyaya müdaxilə etməklə dünya liderlərini bir daha onunla hesablaşmaq, danışmaq, bir masa arxasına oturmağa məcbur etdi”, - deyə o bildirib.

A. Qasımlı əlavə edib ki, Putin Suriyadan çıxmaqla Rusiyanın Yaxın Şərq səhifəsini qapatmış oldu: “Suriya epopeyasının əsas nəticəsi budur. Əsəd rejiminin bundan sonra hakimiyyəti saxlamaq üçün heç bir şansı yoxdur. Ən yaxşı halda Suriya iki-üç yerə parçalanacaq və şiələrin yaşadığı bölgələrdə Əsəd rejimi hakimiyyətini davam etdirəcək. Lakin bunun da ehtimalı böyük deyil. Bununla da Türkiyə üçün bölgədə böyük imkanlar açılır. Lakin ABŞ-la anlaşdığı və Rusiyanın əvəzinə Suriya bataqlığına təkbaşına girməmək şərti ilə”.

AzerTaym.az






Fikirlər