Bu saytlara giriş QADAĞAN EDİLDİ
“Kütləvi informasiya vasitələri haqqında"Qanunda dəyişiklik edilib. Publika.az xəbər verir ki, dəyişikliyə görə, bundan sonra qadağan edilən məlumatları yayan saytlara giriş məhdudlaşdırılacaq. "Kütləvi informasiya vasitələri haqqında" qanunun 3-cü maddənin üçüncü abzasına "internet" sözündən sonra "informasiya ehtiyatı" sözləri əlavə ediləcək, 5-ci maddənin birinci hissəsinə "Məlumat azadlığı haqqında", sözlərindən sonra "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", sözləri ilə, 10-cu maddəyə "sirləri" sözündən sonra, habelə "yayılması qadağan edilən digər informasiyanı" sözləri əlavə ediləcək. Qanunun 19-1-ci maddəsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsi əlavəsi olunub. Qanuna edilən dəyişiklikləri dəstəklədiyini deyən millət vəkili Əflatun Amaşov xüsusən, 19-1-ci maddəni müsbət qarşıladığını deyib: “Qanunda göstərilir ki, qadağan edilən informasiyaları yayan saytlara giriş məhdudlaşdırılmalıdır. Lakin bu, o demək deyil ki, bu saytların fəaliyyəti qadağan edilir. Hesab edirəm ki, bu məsələdə müddət dəqiq müəyyən edilməlidir. Böyük Britaniyada bu işlə əlaqədar konkret Komitə fəaliyyət göstərir və onlar qadağan edilən informasiyaları yayan internet resursuna giriş məhdudiyyyətini dəqiq müəyyən edirlər”