Urologiya xəstəxanasında DƏRMAN PROBLEMLƏRİ VAR...

Urologiya xəstəxanasında DƏRMAN PROBLEMLƏRİ VAR...

Burada bütün həkimlərə tapşırılıb ki, xəstələrə yalnız baş həkimin qudası Səidə Qəndilovanın aptekində satılan preparatlar təyin olunsun

Bir neçə gün bundan öncə redaksiyamıza daxil olmuş məlumatlarda akademik M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının fəaliyyətində müşahidə olunan bəzi problemlərdən bəhs olunurdu. Xəstəxananın baş həkimi Əli Babayevin yol verdiyi müxtəlif pozuntuları diqqət mərkəzinə çəkən mənbə, ilk növbədə kadr məsələlərində müşahidə olunan nöqsanlar barədə açıqlama vermişdi: "Xəstəxanada yaşı 71 ili keçmiş həm həkim və həm də tibb bacısı hələ də təqaüdə göndərilmirlər. Ştatda ən azı 3-4 nəfər "ölü can” qismində adlar yer alıb. Laboratoriya müayinələrinə görə 15-20 manat civarında ödəniş alınır. Ümumi USM müayinəsi 25 manata keçirilir. Amma bu məbləğ xüsusi müayinələrə şamil olunmur. Onların ayrıca qiymətləri mövcuddur. Məsələn, qadınlarda daxili orqanların kompleks müayinəsi 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 50, QİÇS analizi 20, adi həkim müayinəsi 30, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir.(bizimdövr)Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 150-200 manatdır...” Lakin alıdığımız açıqlamada baş həkimə qarşı irəli sürülən ittihamlar bununla bitmir. Mənbə təqdim etdiyi faktların bəzi təfərrüatlarına da toxunur. Məlumatda daha sonra deyilir: "Əli Babayev laborator analizlərə görə pul yığımlarını həyata keçirməyi bir gənc rus xanıma tapşırıb. Bu xanımın əslində xəstəxanada hansı vəzifəni tutduğu, konkret nə işlə məşğul olmalı olduğu da məlum deyil. Amma belə nonsenslər bu tibb müəssisəsində nadir hal deyil. Məsələn, hamının baş həkimin katibəsi kimi tanıdığı xanım bu gün həm də xəstəxananın kadrlar şöbəsinin işini aparır. Amma Əli Babayev deyir ki, guya bu xanım əslində elə kadrlar şöbəsinin müdiridir. Sadəcə olaraq, "müvəqqəti” katibəlik də edir. Aydındır ki, bu halda da "ölü canlar” maxinasiyasının daha bir təzahürü müşahidə olunur...”
Daha sonra, açıqlama verən mənbə baş həkimin bəzi yaxın qohumlarının da xəstəxananın fəaliyyətindən yetərincə bəhrələndiklərini vurğulayır. Bu barədə məlumatda deyilir: "Xəstəxananın nəzdində fəaliyyət göstərən aptek də Əli Babayevin yaxın qohumlarına məxsusdur. Belə ki, həmin aptekin müdiri Səidə Qəndilova baş həkimin qudasıdır. Bu səbəbdən də, xəstəxananın bütün həkimlərinə tapşırılıb ki, xəstələrə yalnız Səidə xanımın aptekində satılan dərman preparatları təyin olunsun. Səidə Qəndilova isə, həm bu vəziyyətdən, həm də bəzi dərman satan şirkətlərlə əldə etdiyi anlaşmalardan yararlanaraq, öz biznesindən iki tərəfli qazanc götürür. Məhz bütün bu və bir çox digər özbaşınalıqların nəticəsidir ki, bu gün xəstələr Klinik Uroloji Xəstəxanaya müraciət etməkdən imtina edirlər. Hal-hazırda da xəstəxanada cəmi 25-26 nəfər pasiyent var. Halbuki, xəstəxanada eyni zamanda 90 nəfərdən artıq xəstə müalicə ala bilər. Lakin burada yaranmış vəziyyətdən xəbərdar olan xəstələr digər səhiyyə müəssisələrinə üz tutmağa üstünlük verirlər. Əli Babayev isə, böyük ehtimalla bu vəziyyətdən kifayət qədər razıdır. Onu narahat edə biləcək yeganə bir məsələ varsa, o da Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun bundan sonra hələ neçə müddət həmin vəzifədə qalacağı ilə bağlı ola bilər. Çünki, bu postda artıq 4-cü nazirlə çalışan müavin, Əli Babayevi birbaşa himayə edən ən nüfuzlu sima hesab olunur...”






Fikirlər