Rza Zərrab YOLUN sonuna GƏLDİ
Üç həftəlik məhkəmə prosesinin yekunları və gözlənilənlər.... Azərbaycan əsilli iş adamı Rza Zərrabın və Xalq Bankın keçmiş müdir müavini Mehmet Hakan Atillanın yeganə ittiham olunan şəxs kimi qeyd olunduğu, İran investisiyalarına embarqonun pozulması ilə bağlı Amerikada keçirilən məhkəmədə son mərhələ başlanıb. “Yeni Müsavat” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prosesin çərşənbə axşamında keçirilən iclasında iddia və müdafiə tərəfi yekun nitqlərini söyləyib. Bununla da qərar mərhələsinə keçilib. Çərşənbə günü keçirilən iclasda isə hakim Riçard Berman jüri üzvlərinə qərar alma proseduru ilə bağlı son təlimatları verdi. Bunun ardınca jüri üzvləri andlarını içdi və qapalı qapılar arxasında verəcəkləri qərarla bağlı görüşmələrə başladı. Jüridə 12 üzv var. Qərarın verilməsi üçün yekdillik əsas şərtdir. Jürinin Atillaya yönləndirilən 6 ayrı cinayət üçün onun hər bir cinayət üçün ayrı-ayrılıqda suçlu olub-olmadığına qərar verməsi gözlənilir. Jüri təqsirləndirilən şəxsi bütün ittihamlarla bağlı suçlu hesab edəcəyi kimi, bəzi ittihamlar üzrə suçlu hesab edib, digərləri üzrə etməyə bilər. Atillaya “ABŞ və özəlliklə də ABŞ Xəzinə Nazirliyinə qarşı dələduzluq yolu ilə tələ qurmaq, Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmaq üçün tələ qurmaq, bankçılıq sistemində saxtakarlıq etmək, bankçılıq sistemində saxtakarlıq etmək üçün tələ qurmaq, qara pul yumaq və qara pul yumaq üçün tələ qurmaq” ittihamları yönləndirilir. Jürinin vəzifəsi Atillanın günahkar olub-olmadığına qərar verdiyi nöqtədə sona çatacaq. Jüri necə qərar verəcək?
Qanuni olaraq jürinin başqa heç bir təsir altında qalmadan 27 noyabrda başlayan məhkəmə prosesi boyunca həm ittiham, həm də müdafiə tərəfinin çıxardığı şahidlə ortaya qoyduğu dəlilləri təhlil edərək, qərar çıxarması gözlənilir. Jürinin qərar verməsi üçün mütləq bir zaman yoxdur. Amma Yeni il tətilinin yaxınlaşmasına görə jürinin də dəyərləndirməsini qısa müddət içərisində tamamlayıb, qərarını açıqlaması gözlənilir. Jürinin dəyərləndirmə zamanı yeni məhkəmə iclasları tələb etmə və ya iddia, müdafiə tərəflərindən bəzi nöqtələrə aydınlıq gətirmə, bəzi tezisləri yenidən açıqlama istəməsi haqqı da var. Əgər jüri üzvləri aradan qaldırılmayacaq qədər böyük ölçüdə fikir ayrılıqlarına sahibdilərsə, bu zaman hakim onlardan növbəti dəfə cəhd göstərmələrini istəyir. Amma jüri üzvləri arasında fikir ayrılıqları aradan qaldırılmasa və bu, qərarvermə anı üçün problem yaradarsa, bu halda hakimin prosesi ləğv etmə və yeni bir proses başlama tələbi irəli sürmə haqqı var.
Çərşənbə axşamı günü keçirilən prosesdə iddia və müdafiə tərəfi proses boyunca gündəmə gətirdikləri iddiaları, bunlara yönəlmiş cavabları ümumiləşdirən bir qapanış nitqi söylədi. İddia instansiyası adına söz alan Nyu York Cənub Bölgəsi prokuror köməkçisi Maykl Lockard Atillanın Xalq Bankı qurumaq üçün “yalan söylədiyini” və İrana yönəlmiş embarqonun pozulmasında önəmli rol oynadığını iddia etdi. Müdafiə heyəti adına söz alan vəkil Viktor Rokko da Atillanın içinə düşdüyü hekayənin ABŞ-da bir məhkəmə salonuna yox, detektiv janra aid bir əsərə aid olduğunu deyərək, müvəkkilinin günahsız olduğunu dedi. Cəza necə müəyyənləşəcək? ABŞ hüquq sistemində jürinin vəzifəsi ittiham olunan şəxsin günahkar olub-olmadığını hökm etdiyi nöqtədə sona çatır. Bu prosesdə də jürinin səlahiyyəti ancaq Atillanın günahkar olub-olmadığına qərar verməyi əhatə edir. Bu qərar verildikdən sonra isə hakimin vəzifəsi başlayır. Jüri cinayətə yol verildiyinə qərar verərsə, müəyyənləşəcək cəzanı hakim müəyyənləşdirir. Əgər jüri Atillanın günahkar olmadığına qərar verərsə, bu zaman onun qısa müddət içərisində azadlığa buraxılması gözlənilir. Jüri Atillanın günahkar olduğuna qərar verərsə, bir neçə həftə ərzində prokuror Bermanın ayrı bir prosesdə tərəfləri bir araya gətirib, ittiham olunan şəxsə verdiyi cəzanı açıqlaması gözlənilir. Yekun prosesin yanvar ayının sonlarına doğru baş verəcəyi gözlənilir. Bu prosesdə isə jürinin verəcəyi qərardan asılı olmayaraq, hakim Bermanın bütün hallarda bir cəza prosesi keçirməsi gözlənilr. Sözügedən prosesdə Atilla barədə ittihamlar sübuta yetirilərsə və o, günahkar elan edilərsə, həm Atilla, həm də prosesin digər iştirakçısı, Türkiyə və İran vətəndaşı, iş adamı Rza Zərrab üçün cəza qərarı veriləcək. Günahkar elan edilməszə, bu halda ancaq Zərrab üçün cəza qərarı veriləcək. İttihamları qəbul edən və prokurorluqla anlaşma yoluna gedərək, şahidlik edən Zərrab üçün veriləcək cəzanın müəyyənləşməsində iddia instansiyasının mövqeyi də rol oynayacaq. Edilən anlaşma çərçivəsində, prokurorluğun hakim Bermana bir sənəd təqdim etməsi və bu sənəddə Zərrabın şahidliyinin iddia instansiyasına və ümumən prosesə nə qədər yardımçı olduğu öz əksini tapacaq və cəza endirimi tələbi də yer alacaq. Hakim Bermanın Zərrabla bağlı cəza qərarında prokurorluğun mövqeyini də nəzərə alacağı gözlənilir. “Yeni Müsavat” xatırladır ki, Nyu-Yorkda keçirilən məhkəmə 27 noyabr günü jüri üzvlərinin seçimi ilə başladı. İlk şahid olaraq Zərrab 28 noyabr günü şahid kürsüsünə çıxdı. Üç həftəlik bir prosesin sonunda tərəflər son sözlərini dedilər və məhkəmənin istintaq prosesi də yekunlaşdı.