MOSKVADA GENERALI ÖLDÜRDÜLƏR - Yaroslav Moskalik kim olub? + VİDEO (Yenilənib)

Bu gün Moskva yaxınlığında avtomobilin partladılması nəticəsində həlak olan general Yaroslav Moskalik barədə bəzi məlumatlar açıqlanıb.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Moskalik Ukraynada əməliyyatlar planlaşdıran şöbədə xidmət edib. O, hələ 2015-ci ildə Normandiya formatı üzrə Ukrayna danışıqlarında iştirak edib.

58 yaşlı Yaroslav Moskalik general-leytenant rütbəsi daşıyıb və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini olub. Qeyd olunur ki, bu şöbə “Ukraynada əməliyyatların planlaşdırılmasında əsas halqadır”.

Moskalikin adı “Vaqner”-lə də əlaqələndirilir. 2018-ci ildə general Rusiyanın “Stroytransgaz” şirkəti tərəfindən Suriyadan fosfat filizi tədarükünə nəzarət edib.

2015-ci ildən Moskalik müxtəlif beynəlxalq konfransların iştirakçısıdır. Xüsusilə, 2021-ci ildə general Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edib və orada Suriyadan danışıb. Elə həmin il Moskalik general-leytenant rütbəsi alıb.

O, arxa cəbhədə öldürülən ikinci yüksək rütbəli rus generalıdır. Ondan əvvəl 2024-cü ilin dekabrında general-leytenant İqor Kirillov məhv edilmişdi.

 

***

Moskva yaxınlığındakı Balaşixada avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik həlak olub. 

“AzPolitikaxəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb.

Partlayan avtomobilin generala məxsus olmadığı bildirilir. Partlayıcı qurğunun Moskalikin avtomobilin yanından keçərkən işə düşdüyü qeyd olunur. Partlayış generalı bir neçə metr kənara atıb, həmçinin, binanın aşağı mərtəbələrindəki pəncərələr sınıb.

Məlumata görə, partlayışa avtomobilin içərisinə yerləşdirilən partlayıcı qurğu səbəb olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.

 


 


 










Fikirlər