
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dayandırılması üçün atılması vacib olan əsas addımları və Ukraynanın hansı kompromislərə hazır olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Zelenski xatırladıb ki, mart ayında Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı ABŞ qeyd-şərtsiz atəşkəs təklif etmişdi və Ukrayna bu təşəbbüsü qəbul etsə də, Rusiya rədd etmişdi.
"Prezident Tramp və Birləşmiş Ştatlar bildiriblər ki, tərəflərdən biri tam atəşkəsə və müharibənin sonuna yaxınlaşdıran digər addımlara razılaşmasa, güclü tədbirlər görüləcək – o cümlədən sanksiyalar və sair. Biz bunların hamısını belə də qəbul edirik. Biz tərəfdaşlarımızın təklif etdiyi hər şeyi edirik. Yalnız Konstitusiyamıza və qanunvericiliyimizə zidd olan məsələləri edə bilmərik – bu da başadüşüləndir”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsi – bu ölkənin sağ qalması deməkdir:
"Biz tam şəffaf və açığıq. Hazırda Rusiya üzərində ciddi təzyiq və yeni, güclü sanksiya paketləri görmürəm. Hələ ki, ümid edirik. İncikliksiz, emosiyasız və açıq şəkildə bildiririk ki, Rusiya Federasiyasına daha güclü təzyiqlə biz tərəfləri tam və qeyd-şərtsiz atəşkəsə yaxınlaşdıra bilərik. Bu, birinci addımdır”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski, həmçinin Ukraynanın hansı kompromisə hazır olduğunu da açıqlayıb:
"Hesab edirəm ki, bizə hücum edilib, ərazimiz işğal olunub – on minlərlə insan öldürülüb. Bir çox uşaq və böyüklər diri-diri gömülüb. Atəşkəsdən sonra, məhz bu faciəni törədən terrorçularla danışıqlar masasına oturmağa hazır olmaq – bu, elə böyük kompromisdir”, – deyə o bildirib.
Prezidentin sözlərinə görə, Ukrayna bu müharibənin davam etməsini istəmir və ilk addım – tam atəşkəs olmalıdır.
"Bütün təşəbbüslər əhəmiyyətlidir. Müxtəlif liderlər müxtəlif sülh təşəbbüsləri irəli sürürlər, amma hamısı bir məqamdan başlayır – tam və qeyd-şərtsiz atəşkəsdən. Bu təkliflərlə hər kəs razılaşır – yalnız Rusiya istisna olmaqla”, – deyə Zelenski qeyd edib.
İkinci vacib addım kimi o, Rusiya tərəfindən oğurlanmış ukraynalı uşaqların geri qaytarılmasını göstərib:
"Bu, qırmızı xətdir – uşaqları unutmaq olmaz. Bəli, biz öz vətəndaşlarımızı unutmaq istəmirik”, – deyə prezident bildirib.
Zelenski həmçinin "hamını hamıya” prinsipinə əsaslanan dəyişdirilmə təşəbbüsünü də xatırladıb – yəni hərbçilərin, mülki vətəndaşların, jurnalistlərin və uşaqların geri qaytarılması.
"Biz bundan imtina etmək istəmirik, bu da qırmızı xətdir. Kimə mane olur bu? Burada nə səhvdir?” – deyə o əlavə edib.