"Prezident olmaq istəyirsiniz?" sualına Ərdoğanın oğlundan REAKSIYA - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan prezident olmaq niyyətində olmadığını bildirib. AzerTaym.az xəbər verir ki, o, bu barədə Rusiyanın TASS agentliyinə verdiyi müsahibədə danışıb. Jurnalistin "Gələcəkdə Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi?" sualına cavab olaraq Bilal Ərdoğan açıq şəkildə siyasi ambisiyalarının olmadığını vurğulayıb: "Siyasi ambisiyalarım yoxdur. Bu barədə tez-tez suallar verirlər, lakin mən qeyri-hökumət sektorunda fəaliyyət göstərmək, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm". Bilal Ərdoğanın sözlərinə görə, o, vaxtının böyük hissəsini təhsil və mədəniyyət sahələrinə həsr edir. Təhsil layihələri, məktəb və universitet proqramları, təqaüdlər və akademik təşəbbüslərlə məşğul olduğunu deyən Ərdoğan, gənc istedadların dəstəklənməsinin əsas hədəflərindən biri olduğunu bildirib: "İstəyirəm ki, ən parlaq və istedadlı gənclər arzularına çatmaq üçün dəstək alsınlar. Eyni zamanda mədəni irsin qorunması və yenidən canlandırılması istiqamətində də çalışıram. Həyatımı məhz bu sahələrə həsr etmək niyyətindəyəm". Bu açıqlama ilə Bilal Ərdoğan siyasi karyera ehtimallarına son qoyaraq, vətəndaş cəmiyyəti və mədəni layihələrə fokuslanacağını bir daha bəyan edib.