"Zaman Cənubi Qafqazın ermənisiz mövcud olmasına doğru irəliləyir. Ermənistanda gözlənilən mümkün xaos bu reallığı daha da yaxınlaşdıracaq".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ Dövlət Departamentinin Ermənistana ayrılan yardımları dayandırması, İrəvanda biznes strukturlarının da Paşinyana qarşı qalxması fonunda bu ölkənin xaosa sürüklənməsini şərh edərkən deyib.
"Ermənistanın işğalçılıq siyasəti nəticə etibarı ilə hər nə qədər onun əleyhinə yönəldisə, onun başqa dövlətlərin forpostu olması da bir o qədər ermənilərin zərərinə işlədi. Məsələ ondadır ki, dövlət qurmağa qadir olmaması, ermənilərin daim icma halında yaşaması, onların xarici siyasətdə digər güclü ölkələrə təzim etmələrinə gətirib çıxarır. İrəvan onlardan pay almaqla regionda güc mərkəzlərinin aləti kimi çıxış etməyə imkanlar verir. Bu isə dövlət ənənəsi deyil", deyə Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, Ermənistanın yürütdüyü belə siyasət nəticə etibarı ilə mütləq iflasa məhkumdur:
"Son dövrlərdəki iki mühüm tarixi hadisə də bunu isbat etdi. Onlardan biri, Rusiyanın forpostu kimi çıxış etməsi Ermənistan dövlətçiliyinin iflasa gətirilməsi hadisəsi idi. Daha sonra isə Qərbə və ABŞ-a arxalanaraq Sorosun layihəsinə çevrilməsi də Ermənistanı iflasa uğratdı. Bunlar gözlənilən idi. Heç bir xarici ölkə daimi şəkildə başqa bir dövlətin maliyyə mənbəyi kimi çıxış edə bilməz. Ona görə də Ermənistan siyasətinin uğursuzluğa düçar olacağı əvvəlcədən məlum idi”.
Hikmət Babaoğlu qeyd edib ki, Ermənistanda dövlətçilik ənənəsinə sahib heç bir siyasi təşkilat yoxdur:
"İndi vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif biznes strukturları, radikal qruplaşmalar Paşinyanın hakimiyyətdən getməsini gözləyir. Amma bu da Ermənistana xeyir gətirməyəcək. Çünki Ermənistanda Paşinyan komandasını əvəz edəcək dövlətçilik ənənəsinə sahib heç bir siyasi təşkilat yoxdur. Ona görə ki, dövlət və erməni sözü bir-birinin əksidir. Erməni deyəndə daha çox dini icma göz qabağına gəlir. Dövlət deyəndə isə böyük xalqların qurduğu institusional qurumlar. Ona görə də "erməni dövləti" ifadəsini, yəni bu iki sözü bir yerdə işlətmək qətiyyən doğru deyil".
Həmsöhbətimiz əminliklə bildirib ki, önümüzdəki illərdə regionda özünü terror təşkilatı kimi aparan erməni icma qruplaşması süni şəkildə ona verilmiş institutdan da məhrum olacaq:
"Nəticədə Cənubi Qafqaz regionu öz əvvəlki demoqrafik landşaftına qovuşacaq. Yəni zaman ermənisiz Cənubi Qafqazın mövcud olmasına doğru irəliləyir. Ermənistanda gözlənilən mümkün xaos bu reallığı daha da yaxınlaşdıracaq".
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib. Bu barədə ABŞ-nin Hökumətin Effektivliyi Departamenti (DOGE) X sosial şəbəkəsində məlumat yayıb.
"Katib Rubio Dövlət Departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib", deyə məlumatda bildirilib.
Bu addımın atılmasına səbəb isə iddialara görə, Trampın Dövlət Departamentinin büdcəsini yarıya qədər azaltmaq istəyi ilə bağlıdır. Vurğulanıb ki, Ağ Ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir. Bu, Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48 faiz azdır.
Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir. Hansı ki, Ermənistana "Demokratik Mədəniyyətin Təşviqi" proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.
Bu arada Ermənistanda vergilərin artırılmasına etiraz edən kiçik biznes nümayəndələri hökumət binası qarşısında aksiya keçiriblər. Bildirilib ki, Nazirlər Kabineti biznes icması ilə dialoqa getmək istəmir, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir.
Fikirlər