Tramp Azərbaycanı niyə pulla TƏHDİD EDİR?

ABŞ milyardlarla yardımı dayandırır-bunun Azərbaycan və digər ölkələrə təsiri...

Amerika prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı çıxan dünya dövlətlərini açıq şəkildə hədələyib. Onun təhdidi qərara qarşı olan bütün ölkələrdə geniş müzakirələrə səbəb olub.

Ağ Evdə KİV nümayəndələri ilə görüşündə həmin dövlətlərə maliyyə yardımını kəsəcəyi ilə hədələyib. Tramp bildirib ki, Vaşinqtonun qərarına qarşı çıxan dövlətlər Birləşmiş Ştatlardan 100 milyonlarla və hətta milyardlarla dollar yardım alır. Lakin sonra Vaşinqtonun əleyhinə səs verir. “Yaxşı, biz görərik onlar necə səs verir. Qoy bizə qarşı səs verməyə hələ bir cəhd etsinlər. Biz buna görə çox qənaət etmiş olarıq. Biz heç nədən narahat deyilik”.

Qeyd edək ki, Trampın bu açıqlaması BMT-nin onun qərarını ləğv etməsindən öncəyə təsadüf edir. Məhz Ağ Ev sahibinin dediklərindən saatlar sonra BMT onun Qüds qərarını ləğv etdi. Bundan sonra proseslərin necə davam edəcəyi, ABŞ-ın yardımı dayandıracağı halda yardım alan ölkələrə bunun necə təsirlər edəcəyi müzakirə olunur.

Şübhəsiz ki, Trampın hədələdiyi ölkələrdən biri də Azərbaycandır. Çünki Azərbaycan BMT-nin üzvüdür, Qüdslə bağlı birmənalı şəkildə mövqeyini ilk günlərdən Xarici İşlər Nazirliyi və ölkə başçısı səviyyəsində bəyan edib.

Trampın milyonlarla dollar ifadəsi başa düşülsə də, milyardlar dedikdə nələri nəzərdə tutduğu müəmmalıdır. Belə yüksək məbləğdə yardımları Qüds qərarına qarşı çıxan hansı dövlətlərə ABŞ-ın etdiyi də suallar sırasındadır. Azərbaycana isə hansı sahələrdə Amerika tərəfindən yardımların edildiyi də müzakirələr arasındadır.

Image result for Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov BMT-də ən çox üzvlük haqqını Amerikanın ödədiyini bildirdi:“Bütövlükdə Amerika Birləşmiş Ştatları hər il dünyanın ayrı-ayrı ölkələrinə müxtəlif proqramların maliyyələşdirilməsi çərçivəsində bir neçə on milyard dollar həcmində maliyyə yardımı göstərir. Bundan başqa, əksər dünya dövlətlərinin üzv olduqları beynəlxalq institutlarda və Birləşmiş Millətlər Təşkilatında ən böyük üzvlük haqqının ödəyicisi də ABŞ-dır. Məsələn, 2016-2017- ci illər üçün BMT-nin 5,4 milyard dollar büdcəsinin 1,3 milyard dollarını və ya 22 faizdən çoxunu ABŞ ödəmişdir. Bu qayda ilə Birləşmiş Ştatların Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında və digər beynəlxalq qurumlarda üzvlük haqqının həcmi digər böyük dövlətlərin ödədikləri üzvlük haqqından bir neçə dəfələrlə çoxdur. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin məlumatına görə, 2016-cı ildə Vaşinqton Afrikanın cənub hissəsində yerləşən ölkələrə 13 milyard dollar həcmində hərbi və iqtisadi yardım etmişdi. Təxminən bu qədər də vəsait Afrikanın şimalında və Yaxın Şərqdə yerləşən ölkələrə göstərilmişdi. Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr içərisində son 17 ildə ən çox yardım Qırğızıstan (1,3 milyard dollar, Qazaxıstan (1,1 milyard dollar), Tacikistan (841 milyon dollar), Özbəkistan (720 milyon dollar), Türkmənistan (200 milyon dollar) ala bilmişdi. Bu sırada Azərbaycan və digər MDB ölkələri də var”.

İqtisadçı alim Amerikanın xərcləri getdikcə azaltdığını da qeyd etdi: “Ancaq bir məsələ aydındır ki, son illər ABŞ administrasiyası büdcədən ayrılan bu xərclərin kəskin şəkildə azaldılması kursunu tutub. Məsələn, Gürcüstana ayrılan yardımlar son illər ərzində bir neçə dəfə azaldılıb. Trampın bu gün elan etdiyi kursa hələ prezident Corc Buşun hakimiyyətdə olduğu illərdən başlanıb. İndiki dönəmdə ABŞ-n Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və bu məsələyə digər ölkələrin münasibətinin birmənalı olmaması Birləşmiş Ştatlar rəhbərliyini və onun çılğın prezidenti Donald Trampı daha çox qıcıqlandırır. Çılğın hərəkətləri ilə öz reytinqinə ciddi zərbələr vurmaqda davam edən Tramp bu addımı ilə ABŞ-da kifayət qədər güclü olan yəhudi icmasının nüfuzunu qazanmaq istəyir. ABŞ-n seçiminin əleyhinə səs verən ölkələrə bu yolla hədə-qorxu gəlmək isə Birləşmiş Ştatların sərhədlərindən kənarda mövcud olan ”demokratiyanın" tələblərinə tam uyğundur. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Biz bu məsələdə ABŞ administrasiyasının kursunu dəstəkləmirik. Azərbaycan Ermənistan deyil ki, ona ayrılan hər hansı bir maliyyə dəstəyinin azalmasından əziyyət çəksin. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 45 milyard dollara yaxınlaşır. Bizə ayrılacaq bir neçə milyon dollar vəsaitin kəsilməsi isə heç nəyi dəyişmir. Azərbaycan bütün hallarda bu məsələdə öz maraqları prizmasından çıxış etməli idi və belə də etdi. Cənubi Qafqaz regionunda Azərbaycan ABŞ-a daha çox lazım olan bir ölkədir. Bu səbəbdən yardımın kəsilməsinin kimə daha çox lazım olmasını qoy ABŞ administrasiyasında bu qərarı qəbul edəcək şəxslər müəyyən etsinlər".






Fikirlər