ZİYANIN YARISINDAN QAYITMIŞ ZİYA MƏMMƏDOV... - Keçmiş nazir “ailə dostu” Trampın yadına düşəcəkmi?

Donald Tramp bütün dünyanı bir-birinə vurarkən bunun bir ucunun da Azərbaycana dəyəcəyi ehtimalı artır. Azərbaycanda isə tərcümeyi-halında kiçik də olsa Trampın “izi” olan bir sabiq məmur var - Ziya Məmmədov...

Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) keçmiş rəisi, keçmiş nəqliyyat naziri, Rusiyanın Dərbənd şəhərinin fəxri vətəndaşı, ABŞ Prezidenti Donald Trampın tanışı... 73 yaşlı Ziya Məmmədovun 1971-ci ildən başlayan əmək fəaliyyətinin ən önəmli məqamları bunlardır və burada nə qədər qəribə olsa da Trampın adı keçir...

Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilə qədər 15 il müddətində Azərbaycan ən gəlirli qurumlarından biri olan Nəqliyyat Nazirliyinə rəhbərlik edib. Maraqlıdır ki, onun vəzifədən çıxarılması ilə bağlı prezident sərəncamı belə yoxdur. Çünki 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilərək rabitə sektoru ilə birləşdirildi, Ziya müəllim də təqaüdə göndərildi.

Keçmiş nazirin karyerasının 18 ili Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposuna bağlıdır. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu məzunu burada maşinist köməkçisindən başlayıb, rəis müavini, məntəqə rəisliyinə qədər karyera yolu keçib. Daha sonra qurumun Gəncə Lokomotiv deposunun rəisi, 1991–1993-cü illərdə isə Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsinə yükləlib. 1993–1996-cı illərdə ADDY rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib. Prezidentin 31 iyul 1996-cı il tarixli Sərəncamı ilə qurumun rəisi təyin edilib. Beləliklə, Ziya Məmmədovn “qızıl dövrü” bu tarixdən hesablanır.

 

 

 

O, qısa müddətdə məmur korpusunda var-dövləti, dəbdəbəli həyatı, səxavəti ilə fərqləndi və mətbuatın “ulduzlarından” birinə çevrildi. Bu vəifədə 6 il qaldıqdan sonra Z.Məmmədov 2002-ci ilin avqustunda Nəqliyyat naziri təyin edildi. Bu tarixdən 1 il sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və Azərbaycana yavaş-yavaş böyük neft pulları daxil olmağa başladı.

2004-cü ildə Ziya Məmmədovun ilk böyük layihəsi icra olunmağa başladı: 120 kilometrlik Bakı-Ələt-Hacıqabul avtomagistralı o zamana qədər Azərbaycanda mövcud olmayan beynəlxalq standartlara uyğun şəkildə genişləndirildi və yenidən quruldu. On milyonlarla dollar vəsaitin xərcləndiyi yol, sonrakı illərdə bir neçə dəfə əsaslı təmir olunub. Hazırda onun əsas hissəsi yarasız vəziyyətdədir, yolun hər iki istiqamətdə sağ zolağı tamamilə sıradan çıxıb. Mütəxəsssilər bildirirlər ki, yol keyfiyyətsiz inşa olunub, həmçinin normadan artıq yüklənmiş maşınların magistrala daxil olması infrastrukturun məhv olmasına gətirib çıxarıb.

 

 

Bakı-Qazax magistralının 80 kilometrlik Hacıqabul-Kürdəmir hissəsi də Ziya Məmmədovun nazir olduğu dövrə istifadəyə verilib. Yenidənqurma layihəsinə 350 milyon manatdan artıq vəsait xərclənib. Magistralın qalan hissəsi də mərhələli şəkildə yenidən qurulub və yüz milyonlarla dövlət vəsaiti və kreditlər hesabına başa gəlib.

Bundan başqa, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Ələt-Astara dövlət sərhədi avtomobil yolu şəhərlər və rayonlar arası çoxlu sayda yol layihələri icra olunub.

Z.Məmmədovun nazir olduğu dövrdə nəqliyyat sektoru neft gəlirləndən ən böyük pay alan qurum olub. Bu sahəyə ümumilikdə 5 milyard manatdan artıq vəsait yönəldilib.

 

 

Ziya Məmmədovun 2008-ci ilin 12 mart tarixində prezidentə məruzəsində böyük pullardan bəhs olunur: “Əgər 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdısa, artıq 2007-ci ildə bu məbləğ 130 milyon manat olmuş, 2008-ci ildə isə 162 milyon manatdır. Yolların, körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2004-cü ildə 16,3 milyon manat olmuşdusa, 2007-ci ildə bu rəqəm 464 milyon manat təşkil etmiş, 2008-ci ildə isə 522 milyon manat məbləğində təsdiq olunmuşdur. Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən avtomobil yolları layihələri üzrə 2007-ci ildə 99,3 milyon dollar vəsait cəlb edilmişdir və 2008-ci ildə isə bu vəsaitin 250 milyon dollar olacağı gözlənilir. Əgər 2000-ci illərin əvvəllərində nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumları kiçik vəsaitləri belə çox ehtiyatla ayırırdılarsa, hazırda ən nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən daha sərfəli şərtlərlə təklif olunan investisiyaların məbləği 3 milyard dollardan artıqdır...”

 

 

Milyardlıq layihələrdən alınan, çırpışdırılan “otkatlar” hesabına Z.Məmmodv 2005-ci ildə ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olan ZQAN Holdinqi təsis etdi. Oğlu Anar Məmmədov tərəfindən idarə olunan şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib.

10 may 2013-cü il tarixindən etibarən ZQAN adı dəyişdirilrək “Garant Holing”lə əvəzlənib.

Holdinqin tərkibində bu şirkətlər daxil idi: “Bank of Azerbaijan”, “Qarant Sığorta” ASC, "Garant İnşaat Sənaye" MMC, Garant (Ucar) Aqro ("Mərcan" toyuqları)

“Rixos Quba”, Quba Olimpiya Kompleksi MMC, ZQAN Construction, “Azbentonit”, Goranboy Gips ASC, Göyçay Çınqıl

TranEuroCom Telekommunikasiya, “Delfin Otel”, “Meridian hoteli”, ZQAN Plaza, “Kəhrəba restourants”, “Royal Estate Royal Fakilities Managment” daşınmaz əmlak, “Garant Agricultur Group”, KFC Azərbaycan, M.Trans MMC, “Delfin” MMC, Turbo.az MMC və s.

 

 

 

Məlumdur ki, bu sayda şirkətlərin yaradılması, fəaliyyəti, nəhəng gəlirlərii bilavasitə büdcədən istiqamətləndirilmiş milyonlar hesabına başa gəlib. Anar Məmmədovun biznesdə qaz vurub qazan doldurması onun fitri istedadı, qabiliyyəti ilə bağlı olmayıb. Hər halda, alın təri ilə pul qazanan iş adamları ziyafətlərdə, eyşi-işrət məclislərində milyonları havaya sovurması ilə gündəmə gəlmirlər...

 

 

 

Ziya Məmmədovun biznes imperiyasının aqibəti də digər məmur həmkarlarından fərqli olmadı. Vəzifədən çıxarıldıqdan qısa müddət sonra şirkətlər bir-brinin ardınca bağlandı, yaxud əl dəyişdirdi. Onun topdağıtmaz sərvətinin əhəmiyyətli hissəsi əlindən çıxdı, yalnız oğlu vasitəsi ilə xaricə çıxara bildiyi, Londonda, başqa Avropa paytaxtlarında daşınmaz əmlaka, səhmlərə, biznesə yatırılan milyonlar ona qaldı. Hazırda uzun illərdir ayağı Azərbaycana dəyməyən Anar Məmmədov Britaniyada, ABŞ-də bu vəsaitlər hesabına iş adamı titulu daşıyır.

 

 

 

ABŞ-də Donald Trampın hakimiyyətə qayıtması Məmmədovlar üçün düşərli hadisə sayılır. Çünki o, nazir olduğu dönəmlərdə Trampın franşizini alıb Bakıda onun adına otel inşa etməyə, onunla münasibtlər qurmağa nail olmuşdu. Bu səbəbdən Anar Məmmədov 2016-cı ilin yanvarında Trampın inauqurasiyasına da dəvət almışdı. Amma cəmi 1 il sonra Z.Məmmədovun rəhbərlik etdiyi nazirliyin vəzifəsi ilə birlikdə ləğv edilməsi onun ulduzunun parlamasına imkan vermədi. Özü ilə biznesi də tarixin arxivinə getdi. İndi Ziya Məmmədovun və oğlunun dünya iqtisadiyyatını biri-birinə vuran Trampın yadına düşməsi qətiyyən inandırıcı deyil...

 

 

Ziya Məmmədov hazırda gününün çox hissəsini doğulduğu Ucar rayonunun Qızılqumlaq kəndindəki villasında keçirir, ibadətlə məşğul olur, ara-sıra insanları halallığa, dürüstlüyə, mənəvi saflığa çağırır. Büdcədən oğurlanmış pullar hesabına tikilmiş villada oturub bu cür “ağsaqqallıq” etmək mənəvi dəyərlərə, dinə, əxlaqa nə dərəcədə uyğundur?Bunu sabiq nazir özü daha yaxşı bilər yəqin ki... 

 

 

Ancaq hər halda, varidatının əhəmiyyətli hissəsini qoruya bilən Ziya müəllim ziyanın yarısından qayıtmış kimi görünür. Görək, bir zamanlar ona “körpüdən keçəndə...” məsəlindəki qədər yaxın olan və hazırda dünyanı qarışdıran “dostu” Tramp da ziyanın yarısından qayıda biləcəkmi?

“AzPolitika.info”

 

 






Fikirlər