Tramp ölkəmizi buna görə Putinə vermək istəyir – Ukraynalı diplomat gizlinləri açdı

kapak 130731

Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında kameralar qarşısında və ictimaiyyətə açıq baş tutan görüşdə yaşanan qalmaqal beynəlxalq gündəmi zəbt edib. Görüşün yekununda Ukraynanın təbii ehtiyatlarının ABŞ tərəfindən istifadəsini təsdiqləyən saziş imzalanması gözlənilirdi. Lakin Oval kabinetdə Zelenski, Tramp və vitse-prezident Di Vens arasında yaşanan gərginlik sənədin imzalanmasını mümkünsüz etdi.

AzerTaym.az bildirir ki,qlobalinfo.az bu mövzuda ukraynalı diplomat və politoloq Vadim Tryuxandan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– ABŞ və Ukrayna prezidentlərinin görüşünü necə şərh edərdiniz? Belə bir gərginlik gözlənilirdimi?

– Görünür, bu ssenari öncədən planlanıb. Ukrayna ABŞ-ın Rusiya ilə münasibətlərini bərpa etmək, Rusiyanın resurslarına yol tapmaq və onu Çindən ayırmaq cəhdlərinə mane olur. Buna görə də Tramp və Di Vens Zelenski üzərindən Ukraynanı nüfuzdan salmaq ssenarisini hərtərəfli düşünərək planlamışdılar. İstənilən başqa bir dövlətin prezidenti ictimai şəkildə bu cür psixoloji hücuma dözə bilməzdi. Zelenski buna dayandı. Çünki onun əsəbləri möhkəmdir və o, hətta Putinin diz çökdürə bilmədiyi, müharibə aparan ölkənin prezidentidir. O səbəbdən bu onun üçün gözlənilən idi. Lakin hesab edirəm ki, ciddi səhv etdi. Tramp prezident Zelenskini “diktator” adlandırdıqdan sonra bu səfər ümumiyyətlə baş tutmamalı idi. O bir az ara verməli, müşahidə və məsləhətləşmə aparmalı və yalnız bundan sonra hansısa səfərə getməli və ya görüş keçirməli idi.

– Görüşdən qısa müddət sonra Tramp milli təhlükəsizlik əməkdaşlarına Ukraynaya silah tədarükünü müvəqqəti və ya tamamilə dayandırmağı araşdırmaq tapşırığı verib. Əgər bu baş verərsə, müharibənin taleyinə necə təsir göstərə bilər?

– Bu, gözlənilən idi. Bunun əsasında Tramp administrasiyasının Kremlə doğru yönəlməsi durur. Tramp Ukraynanı Putinə vermək istəyir və yardım və dəstəkdən imtina edilməsi planı bunun tərkib hissəsidir. Düşünürəm ki, ABŞ-da bu, Ukraynanı dəstəkləyən əhalinin əksəriyyətinin, eləcə də Demokratlar Partiyasının və Respublikaçıların bir hissəsinin xoşuna gəlməyəcək. Fikrimcə, Tramp bu riskə getsə, ciddi reytinq itirəcək və demək olar ki, impiçmentinə aparan geridönüşü olmayan prosesin başlamasına rəvac verəcək.

– Kiyev hansı alternativ mənbələrə yönələ bilər?

– ABŞ-dan aldığımız bəzi silahlar, ilk növbədə, “Patriot” raketlərinin sayı xeyli azalıb və bizim üçün Rusiyanın raket hücumlarından müdafiə olunmaq çətin olacaq. Lakin hesab edirəm ki, perspektivdə, 3-6 aydan sonra biz alternativ tapacağıq. Artıq Fransa, İtaliya və Almaniyadan ala biləcəyimiz hava hücumundan müdafiə sistemləri var. Və avropalılar Ukraynanın tab gətirməsi üçün hər şey edəcəklər. Bəlkə bayağı səslənir, ancaq Tramp bütün yardımları kəssə də, biz Rusiyaya qarşı mübarizə aparmağa davam edəcəyik. Biz qalib gələcəyik.

WhatsApp Image 2025 03 02 at 13.46.44

Vadim Tryuxan

Lakin burada daha bir məqam var: ABŞ hərbi sənaye kompleksi Ukraynaya silah tədarükündən bu cür asanlıqla imtina etməyə razı olacaqmı? Çünki son üç ildə ABŞ-da istehsal olunan silahların satışı təqribən üç dəfə artıb. Ukraynaya edilən silah tədarükü reklam rolunu oynadı. Bizim rus silahlarını məhv etməyimiz Rusiya üçün antireklam oldu. Rusiya silah satışında çox geriləyib və özünə də yetmir. Ukrayna Rusiyaya məxsus çox sayda tanklar, zirehli maşınlar, artilleriya, təyyarələr, helikopterlər, gəmilər və s. məhv edib. Qara dəniz hərbi donanması, demək olar ki, artıq mövcud deyil. Ukrayna onu məqsədyönlü şəkildə məhv edir. Üç il ərzində təqribən 700 təyyarə və helikopteri, 10 min tankı, 20 mindən çox artilleriya sistemini və s. məhv etmişik. Bunlar hətta Rusiya üçün belə fantastik rəqəmlərdir. Çətin olacaq, amma biz mübarizə aparacağıq.






Fikirlər