Təhsil Şöbəsinin müdiri, yoxsa, MAKLER?!

Cəbrayıl təhsilinin “şefi” Validə Həsənova rayonda müğənnilərlə toy sahibləri arasında vasitəçilik edir

Məlum olduğu kimi, əvvəlcə Laçın və Cəbrayıl, ardından isə Salyan Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər. Daha doğrusu, tutduqları vəzifə onlardan qurtulub.

Kadr dəyişikliyinin əsas səbəbini KİV-ə şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalı, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər”.

Gözləməyə dəyər ki, vəzifədən qovulmuş başçıların ardından onların özləri xislətli məmurlardan formalaşdırmış olduqları komandaların üzvləri də kürsüləri ilə vidalaşmalı olacaqlar. Bunu anlayan, necə deyərlər, “kürkünə birə düşən” məmurlardan biri də havadarını itirmiş Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənovadır.

RTŞ müdirinin rəvac verdiyi qanunsuzluqlar barədə indiyədək çox deyilib, çox yazılıb. Hətta onun haqqında təhsil nazirinə ünvanlanmış şikayətnamələr KİV-də dərc olunub. Məcburi köçkün Müşfiqabad qəsəbəsindəki orta məktəbdə yoxlama aparılmasını istəyən cəbrayıllı məcburi köçkün Nazilə Fərhadova qızı Aygün Cavadovanın yaşadığı problemlərdən bəhs edərək, yaşadıqları problemlərə görə Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənovanı ittiham etmişdi. Demişdi ki, Validə müəllimə vakant yerləri gizlədərək nazirliyə göndərməyib. Bütün müəllimləri də özü təyin edib. O, həmin müəllimlərin təcrübəsi olub-olmadığına əhəmiyyət vermir.

Öz birbaşa vəzifəsinin öhdəsindən gələ bilməyən “əməkdar müəllimə” V. Həsənova bu kimi ittihamlara cavab vermək əvəzinə özünə aid olmayan işlərə baş qoşur. Məsələn, yazar Əziz Musa ilə müğənni Mətanət Əsədova arasında yaranan məlum qalmaqaldan dərhal sonra V. Həsənova aznews.az-a açıqlamasında bunları demişdi: “Əziz Musa üç il öncə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın məktəbində müəllim işləyirdi və sonra müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovuldu. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı. Lakin bir müddət sonra nazirlik Ə.Musaoğlunun pedaqoji fəaliyyətini və qaçqınlığını nəzərə alaraq, Xırdalan şəhərində yerləşən Cəbrayil məktəbində işləməsinə razılıq verdi. Müəllimi dolandırıb, yaşatmaq borcumuz idi. İstəmədik ki, o, gedib nökərçilik etsin və müəllim adına xələl gətirsin”.

Ə.Musaoğlu da buna cavab olaraq Ölkə.az-a bildirmişdi ki, heç vaxt Biləsuvarda yerləşən Cəbrayıl məktəbində müəllimlik etməyib.
Maraqlıdır, V. Həsənova əgər doğrudan da Əziz müəllimin qovulmasından sonra onun işsiz qalmaması ilə qayğılanacaq qədər humanistdirsə, insaflıdırsa, onu dolandırıb-yaşatmağı özünə borc sayırdısa, niyə onun Mətanətlə konflikdə olduğu dar məqamda arxasından zərbə vurdu? 

Məlumatlı mənbə bildirir ki, RTŞ müdiri ilə müğənninin arasında əvvəldən də mehriban münasibət olub və onun Əziz Musanı ittiham etməsindən sonra bu münasibət dostluğa çevrilib. Bildirilir ki, M. Əsədova öz növbəsində Validə müəllimənin nümayiş etdirdiyi qadın həmrəyliyini layiqincə qiymətləndirib. 

Belə ki, sözügedən hadisədən sonra RTŞ müdiri toy-düyün edən cəbrayıllılarla müğənninin arasında qiymətkəsmədə əsas söz sahibinə çevrilib. Deyilənə görə bu vasitəçilikdən Validə müəlliməyə də xeyir qalır. Müğənnini öz xeyir işlərinə dəvət etmək istəyənlər onun impressariosuna deyil, məhz Validə xanıma müraciət edirlər. Hətta bu iş şöbə müdirinə o qədər perspektivli görünüb ki, o, rəhbərlik etdiyi Cəbrayıl təhsil ictimaiyyətinə – məktəb direktorlarına, müəllimlərə öz övladlarının toylarına müğənni seçimində məhz Mətanətə üstünlük vermələrini tapşırıb.

Mövzuya qayıdacağıq.






Fikirlər