Savaş istəyən xalq EHTİYATLI HÖKUMƏT

Sərdar Cəlaloğlu: “Kortəbii addımlar atılmamalıdır” Fazil Mustafa: “Hansısa qüvvənin çılğınca hərəkəti gözlənilmir” Cavid Musazadə: “Atəşkəs elan olunmasaydı, proseslər getdikcə böyüyəcəkdi” Cəbhə xəttində baş verən proseslər Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsi və digər milli məsələlərə münasibətini bilmək üçün bir test oldu. Qəzetlərdə, saytlarda, telekanallarda, məhəllə köşələrində cəmiyyətin milli ruhundan çox danışılırdı, söhbətlər açılırdı. Digər yandan da “müharibə başlayarsa, cəbhəyə kim gedəcək” sualına müsbət cavabın olacağına şübhələr də vardı. Amma Azərbaycan ordusu uğurlu əməliyyatlarla düşmən mövqelərinə dağıdıcı zərbələr endirib işğal altında olan yüksəklikləri azad etdikcə, ölkəni bürüyən Qarabağa dəstək aksiyaları başladı. Hər kəs bildiyi kimi öz dəstəyini nümayiş etdirirdi. Xüsusilə insanların şəhidlərin dəfn mərasimlərinə qələbə ruhunda gəlmələri, burada 1990-cı illərdən qalma ağlaşma sindromunu qırmalarını qeyd etmək lazımdır. Lakin ordunun işğal altında olmuş ərazilərdə irəliləməsi fonunda gözlənilməz atəşkəsin elan olunması sürpriz idi. Bakı və bölgələrdə küçələrə axışan insan kütlələri əməliyyatların davamı və Qarabağın azadlığı tələblərini dilə gətirdilər. Hələ də pərakəndə şəkildə davam edən aksiyaların Qarabağ üçün kortəbii xalq ayaqlanmasına gətirib çıxaracağı ehtimal olunur. Bir sıra kənar və daxili qüvvələrin müdaxilələri ilə vəziyyəti nəzarətdən çıxarmaq istəklərinin olmasından da bəhs olunur. Bu cəhdlərə əl atmaq istəyənlərin bunu öz siyasi maraqlarının təmini üçün etmələrindən danışılır. “Hakimiyyət xalqa arxayın olmalıdır” Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə bildirib ki, xalqın nəzarətdən çıxması xalqın öz əleyhinə işləyərdi. S.Cəlaloğlunun sözlərinə görə, dövlətlə xalq birləşməsə, Dağlıq Qarabağ münaqişəsinin effektiv həlli mümkün deyil: “Bəzi qüvvələr xalqla hakimiyyəti qarşı-qarşıya qoymaq istəyirlər. Bu tamam yanlış mövqedir. Hökumətin dəstəyilə ordu tam hazır vəziyyətdə ortada durmalıdır ki, Azərbaycan danışıqlarda üstün mövqe əldə etsin. Biz bundan uzağa gedən hərəkət edə bilmərik. Əgər xalq Qarabağın azad olunması üçün ayağa qalxacaqsa, bu Azərbaycanın əleyhinə işləyəcək. Çox böyük uduzarıq. Xalqın ayağa qalxması riski var. Şəhid olmuş qardaşım oğlunun yas mərasimində insanları gördüm. İnsanlar vuruşmaq, torpaqları azad etmək istəyirlər. Amma xalq siyasəti o qədər dərindən bilmir. Bilmir ki, dünyada hər şey güc yoluyla həll olunmur, ermənilərin arxasında kim durur, biz hansı addımları ata bilərik. Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Xalqın hərbi vətənpərvərliyi hökumətə arxayınlıq verməlidir ki, danışıqlarda ermənilər axmaq bir şərt qoysa, razılığa gəlməsə həmin xalq ordusuyla birlikdə torpaqlarını azad etmək imkanına malikdir. İndiyədək bu hiss, tərpəniş yox idi, hökumət də danışıqları uzadırdı, ermənilərə qarşı ciddi müqavimət göstərə bilmirdi. Amma biz indi hərbi siyasətdə tam qələbə qazana biləcəyimizi göstərdik. Bunun üzərində siyasət qurulmalıdır, yaranmış vəziyyətdən istifadə olunmalıdır. Uzağa gedən hərəkətlər etmək olmaz, xalq kortəbii addımlar atmamalıdır”. “Proseslər nəzarət altındadır” Millət vəkili Fazil Mustafa “Cümhuriyət”ə xalqın kortəbii formada nəzarətdən çıxacağına inanmadığını deyib. F.Mustafanın sözlərinə görə, indiyə qədərki dövrdə Ermənistanda baş verən proseslər bir-iki nəfər istisna olmaqla bizdə problemlər ortaya çıxarmadı: “Buna görə də, proseslər dövlətin nəzarəti altındadır. Hansısa bir şəkildə, hansısa bir istiqamətdə hansısa qüvvənin çılğınca hərəkət edəcəyi gözlənilmir. Lazım olarsa, dövlət səfərbərlik elan edib qüvvələri Qarabağın azad olunmasına yönəldə bilər. Ancaq dövlətdən kənar bu proseslərin aparılması həm problemlidir, həm də faydasız ola bilər. Çünki dövlətin koordinasiya etdiyi ordunun sistemi içində aparılan əməliyyatların effekti daha böyükdür”. “Arzuları ürəklərində qaldı” AXCP sədrinin müavini Cavid Musazadə “Cümhuriyət”ə bildirib ki, cəbhədə baş verən proseslərin əvvəlində xalqın ayağa qalxması hiss olunurdu. İlkin olaraq Gəncədə Qarabağa dəstək aksiyalarının baş verdiyini deyən C.Musazadə qeyd edib ki, Bakı və bir sıra bölgələrdə də eyni proseslər təkrarlandı: “Şəhidlərin dəfn mərasimləri zamanı hərəkətlənmələr oldu. Atəşkəs elan olunmasaydı, proseslər getdikcə böyüyəcəkdi. Kənar müdaxilələrin iştirakıyla da əməliyyatlar dayandırıldı, atəşkəs elan edildi. Xalqın baş verənlərə münasibəti adekvat idi, milli birliyin olması müşahidə edildi. Hər kəs torpağın azad olunmasını istədiyi üçün “qana qan” dedi. Bu, kütləvi hal alardısa, əməliyyatlardan nəticə olmazdısa bunu kənar müdaxilələrlə kimlərsə dövlət əleyhinə çevirə bilərdilər. Daxildə də öz yazılarıyla dövlətə qarşı aqressiyasını ortaya qoyanlar oldu. Proseslərdən istifadə etməyə cəhd edənlər ola bilərdi ki, onların arzuları ürəklərində qaldı”.  






Fikirlər