13.07.2014 - "Qapalı Dairə"- siyasi koloniya -TƏHLİL
Azlıqda qalan bu dairəyə həm iqtidar daxildi, həm də müxalifət. Ölkədə gedən ictimai-siyasi proseslərdən Xalqın 85-88 %nin xəbəri olmur və hətta buna maraq da göstərə bilmir. Çünki “Dairə” qapalıdır və Xalq üçün qapalıdır! Cəmiyyətimizin əksər hissəsini məqsədyönlü olaraq ictimai-siyasi proseslərdən təcrid ediblər. Deqradasiyaya uğradıblar. Bu qapalı dairənin içərisində elə bir vəzyyət yaranıb ki, insanlarımıza nəyin davasını etdiklərini unutdura biliblər. Hələ də sovetlərdən qalma şəxsiyyətə pərəstiş düşüncə sistemindən qurtula bilmirik. Demokrat olmaq, demokratik cəmiyyət qurmaq üçün,ilk əvvəl insanın demokratik düşünməyə qadir qafası, əxlaqı olmalıdır. Şəxsi hisslərimizi, şəxsi münasibətlərimizi və problemlərimizi ictimai- siyasi proseslərə də daşımağımız böyük əngəlimiz , qüsurumuzdur. Həm siyasi partiyalararası,həm ictimai birliklərarası, həm də iqtidar –müxalifət münasibətlərimizdə vəziyyətimiz göz qabağındadır və bunu heç kim dana bilməz. İqtidar da şəxslərin iradəsi ilə idarə olunur, müxalifət də. Və bu qapalı “dairə”də heç kim satılmayıb, hamı alınıb. Şükürlər olsun ki, həmişə dözülməz hədd yetişəndə Xalqlar ayağa qalxıb öz sözün deyir.
Heç vaxt nəzərə alınmayan, başqa tərəf, əsas mövzu var. Milli düşüncə sisteminin, Milli Dövlətçilik anlamının cəmiyyətimizdə yer almamasına maraqlı olan dövlətlər var. Bütövlükdə “qapalı dairə” boyu bu kimi metodların tətbiq olunmasına münbit şərait yaradanlardan, xoşagəlməzliklərdən qurtulmaq, ayrılmaq lazımdır, nəinki səmimiyyət olmadan "birləşmək". Birləşmələr, ayrılmalar, dairəiçi baş verir və bunun Xalqa heç bir dəxli və aidiyyəti də yoxdur. Azərbaycanı, Xalqın iştirakı olmadan, yəni xalqın iradəsi nəzərə alınmadan idarə etməkdə maraqlı olan dövlətlər, Azərbaycanın sərvətləri hesabına özünə güc toplamış, milli cahillərin hesabına ölkəni koloniya halında yaşadırlar. Əslində həmən qapalı “dairə” dən, kaloniyadan, Milli hakimiyyət qurmaq istəyən, bunu dərk edən qüvvələr ayrılmalıdır, Xilas olmalıdır. Yoxsa yalanlarla, qondarma oyunlarla bərkimiş, düşüncə tərzimizdə yalnız tərif deməklə, və ya söyüş söyməklə formalaşan siyasi həyatımız, Xalqa heç nə verə bilməyəcək. Sovetlərin mirası olan “Şəxsiyyətə pərəstiş “ düşüncəsinin fəsadları, məlum dar cəmiyyətimizdə, “Qapalı Dairəmizdə” xəstəlik halı yaradıb.
Bütün baş verən narazılıqları da, ölkəmizin acınacaqlı vəziyyətini də məsədyönlü şəkildə yaradanların, idarə edənlərin qarşısında dayanmağı bacarmaq lazımdır. Demokratik yaşam tərzinin necə olduğunu Xalq mənimsəməlidir. Yaxşı söz güləşdirənləri siyasətçi hesab etmək, yalançı tarix, riyaziyyat mütəxəsisini, ad-sanına görə siyasətə qoşmaq, yaxşı ixtisas sahibi olduğuna görə siyasi savadlı saymaq, ziyalı adlandırmaq yanlışdır və Xalqın siyasi maariflənməsinə əngəl törədir.
Azərbaycanda bütün mənalarda dözülməz həddin aşılmağının, səbr kasasının daşmasının astanasında dayanmışıq. Hər kəs -- , diktatoru da, “demokrat”ı da həddini aşmaqdadır. Elə qurublar ki, son 20 ildə, kim nə edirsə etsin, bütün hərəkətlər Xalqın əleyhinə yönəlir. Artıq zaman gəlib yetişib, kim nə edirsə etsin , o hərəkət, Xalqın xeyrinə işləyəcək. Bu qapalı dairə ya Xalqa xidmət etməlidir, ya da bir gün Xalqın ayağı altında qalıb ayaqlanacaq. Xalq ayağa qalxıb öz Cəbhəsini yaradanda, heç bir qüvvə bu qapalı “dairə”ni xilas edə bilməyəcək. Heç vaxt gec deyil. Ona görə də bu qapalı dairədən ayrılmaq, Xalqla birləşmək lazımdır. Bu mənzərəni inkar edənlər, Xalqın taleyini bu "QAPALI DAİRƏ" də saxlamaq niyyətində olanlar olacaq.
Artıq “Qapalı Dairə”dən xilas olmağın, Xalqa qarışmağın vaxtıdır!
Son , 2013 prezident seçkilərində də aktivlik dəyişməz olaraq qaldı və diriykən ölüyə dönməyimizin faciəsini yaşamaqdayıq.
Aydın ŞÜKÜR.