«TƏZADLAR»ın 23 YAŞI tamam olur

image here

..1993-cü ilin aprelin 14-də ilk sayı işıq üzü görən, o vaxtdan mənfur düşmənimiz ermənilərin işğal etdikləri Qarabağın düşməndən azad edilməsi üçün xalqı səfərbər olmağa çağıran və "Qarabağı azad etməyən xalqı Allah da xilas etməyəcək!" şüarını başı üzərindən əskik etməyən «Təzadlar»ın 23 yaşı tamam olur... Və neçə gün əvvəl-aprelin 4-də Azərbaycan ordusunun düşmənə ağır zərbəsi ilə bir neçə kəndin geri alınması, elə o satda da strateji yüksəkliklərin qan bahasına ələ keçirilməsi bir daha sübut etdi ki, 23 illik şüarımızdakı çağırışımız və Allaha bu şüarla dualarımız ünvanına yetişdi, xalqımız ruh düşkünlüyündən xilas olundu, düşməni məhv etməyə səfərbər oldu! İnanırıq ki, bu xalq tezliklə düşməndən 23 illik böyük qisasını da alacaq!!!
*** 
Bəli, "Təzadlar" daxili işlər nazirinin keçmiş müavini, mərhum Rövşən Cavadovun sədri olduğu «Xudu Məmmədov» Xeyriyyə Cəmiyyətinin təsisçiliyi ilə yaradılmışdı. Həmin vaxt Azərbaycanın görkəmli şəxsləri-xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, professorlar - Nurəddin Rza, Yusif Səmədov, İlham Rəhimov və başqa tanınmışlar qəzetin Redaksiya Heyətinin üzvləri idilər. ...Və 1995-ci ilin məlum mart hadisələrindən sonra qəzet bir neçə sayında nəşrini dayandırsa da, az sonra redaksiya kollektivinin təsisçiliyi ilə nəşrini davam etdirdi və Azərbaycan ictimai fikrində bu günə kimi öz sözünü deməkdədir.
Onu da deyək ki, indiyədək prinsipial və dəyişməz mövqeyinə görə "Təzadlar"ın başı qalmaqallı olub, sağdan və soldan badalaqlanıb, çoxsaylı məhkəmə çəkişmələrinə çəkilib, cərimələnib, üstümüzə şər-şəbədələrlə gəliblər, təkləmək istəyiblər, lakin tək olan Tanrı başımızın üstündə olduğundan təklənməmişik, həmişə ayaqda olmuşuq. Hətta 2009-cu ilin aprelində qəzetin baş redaktoru keçmiş ABU-nun rektoru, hazırda Fransada müvəqqəti yaşayan E.Abdullayev tərəfindən onun qardaşı M.Abdullayev barədə xeyirxah niyyətlə dərc olunmuş yazıya görə həbs də edildi... Lakin Beynəlxalq təşkilatların tövsiyyəsi və Prezident İlham Əliyevin bu qanunsuz və əsassız həbsə sərt reaksiyasından sonra Bakı Apellyasiya Məhkəməsi jurnalisti iki gün sonra həbsdən azad etdi. Ardınca isə jurnalistin həbsdə yatdığı Bayıl tərcidxanası sökülüb dağıldı, ölkədə söz azadlığına sipər çəkmək istəyən Elşad Abdullayevin rəhbəri olduğu ABU qanunsuz tələbə qəbuluna və s. görə Təhsil Nazirliyi tərəfindən yoxlanılaraq bağlandı, E.Abdullayev Fransaya qaçdı, hələ də istintaqdan yayınır (barəsində Azərb Res. CM-nin 5 ağır maddəsi ilə cinayət işi qaldırılıb, həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib). Hətta bu ilin martın 14-də baş redaktorun evinə benzin tökərək yandırmaq da istədilər, lakin yenə də Tanrı göydən baxdı və o nadanların əməllərini istintaqda çözməyə qərar verdi...
*** 
Bu günə kimi dövlət yardımından (KİV-ə Dəstək Fondunun) məhrum edilmiş «Təzadlar» qəzeti baş redaktor Asif Mərzilinin mübarizliyi, kollektivin isə təpəri və dözümü ilə dayanmadan nəşr olunur, bütün təzyiq və təpkilərə dözərək irəliyə doğru addımlayır. Bilirik ki, başımıza gələnlər başımıza gələcəklərin ən pisi deyil (Allah Xudu Məmmədova rəhmət eləsin!), amma həm də bilirik ki, bunlar Azərbaycan naminə uzun, incə bir yolda baş verir… Biz onu da bilirik və əminik ki, haqq nazilsə də, üzüləsi deyil. Həm də bilirik ki, başı üzrində Qarabağın azadlığına çağırış şüarını əzmlə saxlayan bir qəzet heç vaxt dayana bilməz, həm də dayandırıla bilməz. Nə qədər çətin olsa da dözməliyik! Çünki arxada çətin keçmişimiz, qarşıda tarixi çətinliyə sinə gərən Azərbaycan, yuxarıda isə Tanrı dayanıb! 
Tanrı köməyinizdə və köməyimizdə olsun!
«Təzadlar»






Fikirlər