Əməkdaşlarımız cəbhə bölgəsindən yazdılar: “Dinc sakinləri atəşə tuturlar” - REPORTAJ, FOTOLAR, VİDEO

Əməkdaşlarımız cəbhə bölgəsindən yazdılar: “Dinc sakinləri atəşə tuturlar” - REPORTAJ, FOTOLAR, VİDEO

Qapanlı kəndinin sakinləri: "Erməni kimdir ki, biz ondan qorxub, harasa gedək?" 

 

Düşmənin demək olar ki, hər gün müxtəlif növ silahlardan atəşə tutduğu Qapanlı kəndinin sakinləri son günlər yalnız savaş arzusundadırlar. 
Musavat.com-un Tərtərə ezam olunmuş reportyorlarının verdiyi məlumata görə, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri Tərtərin Qapanlı kəndində sakinlərə məxsus iki evi  artilleriya silahından atəşə tutublar. Hər iki evin üzərinə düşən mərmi tikililəri yararsız hala salıb.
Kənddə olduğumuz zaman söhbət etdiyimiz sakinlər bildirdilər ki, aprel ayında ermənilər daha da fəallaşıblar. Onlar əvvəllər avtomat və digər bu kimi silahlardan istifadə edirdilərsə, son zamanlar kənd yalnız artilleriya silahlarından atəşə tutulur. Kənd sakinləri həmçinin qeyd etdilər ki, onlar ordumuza güvənirlər və düşmənin bu kimi təxribatlarından zərrə də olsa, çəkinmirlər. 
Biz orada olduğumuz zaman (29 aprel 15:00 radələri) düşmən avtomat və pulemyotlardan kəndi ara-sıra atəşə tuturdu. Lakin müşahidə etdik ki, atəş səslərinə baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir, hər kəs işinin başında idi.
 
Kənd sakini Mahmud Əhmədov musavat.com-a bildirib ki, düşmənin atəşlərinə baxmayaraq, kənddə yaşamlarına davam edirlər: "Ordumuza güvənirik. Məhz buna görə də, kəndimizdə oturub, həyətimizdə öz təsərrüfat işlərimizlə məşğul oluruq. Ancaq düşmənin atəşinə görə sahələrimizə çıxa bilmirik. Artıq bir neçə gündür ki, ermənilər axşam saatlarından səhərə qədər atəşkəsi pozur, yaşayış məntəqələrini atəşə tuturlar".
Qapanlıda bərbər işləyən Zahid Cəfərov da işinin başında idi. O, bildirdi ki, atışmaya artıq bir növ öyrəşiblər. Ona görə də, düşməndən çəkinmək barəsində söhbət belə, gedə bilməz.
Kəndin 84 yaşlı ahıl sakini Əli Əliyev bildirdi ki, son günlər düşmən fəallaşsa da, bir addım da olsun, kənddən kənara çıxmağı düşünmür: "Camaatımız da elə mənim kimi düşünür. Çünki ordumuza güvənirik. Biz onlara arxayın olub, burada oturmuşuq. Hər gün düşmən atəşkəsi pozur. Ancaq artıq öyrəşmişik".
Yuxarıda qeyd etdiyimiz kimi, düşmənin artilleriya zərbələri nəticəsində Qapanlıda iki evə ciddi zərər dəyib. Həmin evlərdə də olub, hazırkı vəziyyət ilə tanış olduq. 
Evinin üstünə mərmi düşən Elbrus Tanrıverdiyev, hadisəni bu cür danışdı: "Aprelin 28-də gecə saat 4 radələrində gördük ki, ermənilər kəndi intensiv atəşə tutublar. Biz də həyətimizdə olan hamama girdik ki, həyətə mərmi düşən zaman, qəlpələrdən özümüzü qoruyaq. Az sonra mərmilərdən biri bizim evin üzərinə düşdü. Mərminin partlaması nəticəsində evimizin üstü tamamilə dağılıb, bundan başqa otaqlara da ciddi ziyan dəyib. Eyni zamanda otaqda olan bir çox əşyalarımız da yararsız vəziyyətə düşüb. Düşmən demək olar ki, hər dəfə artilleriya silahlarından kəndə atəş açır. Rayon İcra Hakimiyyətinin nümayəndələri bir neçə dəfə evimizə gələrək, dəyən zərərin miqdarını hesablayıblar. Evimizin üzərini müvəqqəti örtmək üçün xüsusi çadır da veriblər".
Daha sonra düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşən və 2 gün öncə üzərinə mərmi düşən digər evə yollandıq. Mənzilin sahibləri hazırda evdə olmasalar da, qonşu Rasim Hüseynovla söhbət etdik. 
R.Hüseynov bildirdi ki, düşmənlə aralarındakı məsafənin 1 kilometrdən də az olmasına baxmayaraq, heç nədən çəkinmirlər: "Harasa getmək fikrimiz yoxdur. Erməni kimdir ki, biz ondan qorxub, harasa gedək. Hər kəs öz işinin başındadır. Heç nədən narahat deyilik. Lakin bu ərazidə düşmənin atəşi nəticəsində bütün evlərə ziyan dəyib. Qonşunun evinin də üzərinə mərmi düşüb, mənzili tamamilə yararsız hala salıb. Erməninin əlindən başqa heç nə gəlmir. Kənardan durub, dinc sakinləri atəşə tuturlar. Ancaq ordumuz da onlara layiqli cavabı verir. Ona görə də, narahat deyilik".
Onu da qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, düşmənin aprelin 27-dən 28-nə keçən gecə açdığı atəş nəticəsində zərər görən 58 yaşayış evinin təmiri ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılmasına başlanılıb. Yaxın zamanlarda müvafiq addımlar atılacaq.
 
Tərtər
 

























Fikirlər