"Sülhəddin bəy deyib İlhama çatdırın, Rəsul Quliyevə desin ki..."

"Müdafiə nazirinə bax, Ali Baş Komandanı vecinə almır" 
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 
Əvvəlini bu linkdən oxumaq olar--- 
Yeri gəlmişkən, kitabın bu bölümndə İlham İsmayılın 4 iyun Gəncə hadisələri ilə bağlı qeydləri də olduqca önəmlidir və o dövrün ümumi ab-havasına, məmurların dövlətə və prezidentə nə dərəcədə sadiqliyinə bir daha işıq salır...
...Gəncə tədricən siyasi proseslərin mərkəzinə çevrilirdi. Əhalinin bu proseslərə heç bir aidiyyatı olmasa da Surət Hüseynovun Gəncədə imkanlarının geniş olması, ən böyük gücünün isə şəhərdə dislokasiya edilmiş 709 nömrəli  briqadanın hərbçiləri olduğu məlum məsələ idi. Sonuncu amil hakimiyyət uğrunda mübarizə edən qüvvələri  Gəncəyə cəlb edirdi. Adıçəkilən briqadanın hərbçiləri Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonuna nəzarət edir, təlimlərini burda keçirdilər, əgər buna təlim demək olardısa...Poliqondan məlumat almaq imkanlarımız vardı. Təlim zamanı əsgərlərin ”uraaa, qorkomu aldıq” çığırıb kəndirlə binalardan birinin başına çıxmaları barədə də informasiya almışdıq. Kəlbəcərin işğalı Elçibəy hakimiyyətini xeyli zəiflətsə də Gəncədə baş verənlərə son qoymaq qərarı verilmişdi.
Mayın sonlarında Bakıdan Sülhəddin Əkbər, baş prokuror İxtiyar Şirinov və başqa hakimiyyət nümayəndələri Gəncəyə gəldilər. Qərargah MTN Gəncə şəhər şöbəsi idi. Seyfəli poliqonunda baş verənlər haqqında və digər vacib əməliyyat məlumatlarını Gəncəyə gəlib Sülhəddin Əkbərə məruzə etdim. Məlumatı verəndən sonra Sülhəddin bəy: ”Sən Şəmkirdə ol, bura gəlməyə ehtiyac yoxdu. Məlumatları əməliyyat telefonuyla  çatdırarsan”  dedi. Səhər  Gəncədən Şəmkirə işə gedəndə qısa lüləli topların Könüllü kəndinin yaxınlığında Seyfəli poliqonuna tuşlandığını gördüm. Həmin gün öyrəndim ki, müdafiə naziri Dadaş Rzayev Şəmkirin  Kür qəsəbəsində tabeliyində olan bir qrup hərbçiylə toplantı keçirib. Toplantının Seyfəli poliqonuyla, ümumiyyətlə 709 nömrəli briqadayla bağlı keçirildiyi məlum məsələ idi, amma nə rayon rəhbərliyinə, nə MTN rayon təşkilatına bu məsələlərlə əlaqədar nə Gəncədəki qərargah tərəfindən, nə də D.Rzayev tərəfindən  heç bir məlumat verilməmişdi. Hər halda yerli əməliyyat şəraitini Dadaş Rzayev bizim qədər bilmirdi və görüləcək tədbirlərin detallarını açıqlamadan məlumatlandırıb, hər ehtimala qarşı əlavə informasiyalar almalı idi. İşə çatandan bir saat sonra Seyfəli kəndinin bir qrup sakini kənd icra nümayəndəsilə bir yerdə  bölməyə gəldi. Toplardan bəhs etdilər, əhalinin təşviş keçirdiyini, ölüm-itim olmasından qorxduqlarını şikayət etdilər. Onları sakitləşdirib, kənd əhalisinə zərər gəlməyəcəyini söylədim.
Məsələnin Seyfəli poliqonuyla deyil, Gəncəylə - konkret olaraq Surət Hüseynovla bağlı olduğunu, onun zərərsizləşdirilməsiylə  məsələnin həll olunacağını, əhalinin də təşvişdə olduğunu  telefonla Gəncədəki Qərargaha çatdırdım. Qərargahın cavabı çox nikbin  oldu: “Narahatçılığa əsas yoxdu, hər şey nəzarətdədi, nə edəcəyimizi bilirik, sən Şəmkirdə ol”. Gecə Şəmkirdə, bölmədə qaldım.
 
1993-cü ilin 4 iyunu Azərbaycanın tarixini, yolunu dəyişdirən, bu yola inanan insanların talelərini  dəyişdirən gün kimi açıldı. Saat 10-da Gəncəyə zəng etdim. Rəfail Mirzəyev gərgin danışıqlar getdiyini deyib, sonra zəng etməmi xahiş etdi. İki saatdan sonra bir də zəng etdim. Rəfail vəziyyətin çox pis olduğunu söyləyib dəstəyi asdı. Bakıdan zənglər gəlir,  atışma olduğu barədə informasiyalar verilirdi. Günorta əməliyyat telefonu ilə bir də zəng edəndə telefonda  səsinə adət etdiyim Zirnis Yulyanın (Gəncə şöbəsinin rabitəçi əməkdaşı) yerinə bir cavan oğlan səsi gəldi. Kimliyini soruşanda: ”Tutmuşuq, buranı da tutmuşuq” - dedi. Şəmkir Gəncədən cəmi 40 km. məsafədədi, Gəncə şöbəsini tutanlar Şəmkiri də tuta bilərlər. Əsas məsələ bütün məxfi materialların ələ keçməməsidi. Təcili bütün məxfi materialları qablaşdırıb inandığım bir evdə bir müddət gizlətdim.
  
Olanları dərk etmək, fikrimi cəmləmək istəyirdim. Gəncəyə gedimmi? Getsəm nə edəsiyəm ki? İnformasiya vermək..,Bakıdan olan zənglərdən hiss edirdim ki, məndən daha çox informasiyaları var. Elə bu vaxt nazir Fəxrəddin Təhməzov şəhər telefonu ilə zəng etdi. Əməliyyat rabitəsini təşkil edən Gəncə çöbəsi Surət Hüseynovun adamları tərəfindən tutulmuşdu. Təhməzov  müdafiə naziri Dadaş Rzayevi soruşdu. Bilmirəm – dedim. Təhməzov:
-O Tovuzdan çıxıb, Gəncəyə doğru getməliydi. Onu prezident axtarır. Çıx yollara bax, onu tap, qoy prezidentlə təcili əlaqə yaratsın.
Əməkdaşlarımızdan birini Tovuz istiqamətinə göndərdim, özüm Gəncə istiqamətində yola çıxdım. Yolboyu  fikirləşirdim ki, idarəetməyə bax, müharibə gedən ölkədə prezident müdafiə nazirini axtarır və tapa bilmir. Müdafiə nazirinə bax, Ali Baş Komandanı vecinə almır. Könüllü kəndinin yaxınlığındakı Yol Polisindən hərbi kolonun keçib-keçmədiyini soruşdum. Dairəvi yolla Xanlar istiqamətində getdiklərini dedilər. Üçtəpə kəndi yaxınlığında hərbi kolonun dayandığını gördüm. Kolon da nə kolon? Üç PAZ avtobusunda əsgərlər, iki zirehli maşın, iki UAZ markalı əsgər maşını və ağ rəngli, QAZ-31 markalı Müdafiə Nazirinin maşını. Nazirin maşınına yaxınlaşmaq istəyəndə iki zabit və üç əsgər qarşımı kəsdi. Özümü təqdim etdim, naziri prezidentin göstərişiylə görməyimi bildirdim. Zabitin biri ağ maşına yaxınlaşıb Dadaş Rzayevlə söhbət etdi. Zabit geri dönüb nazirin artıq prezidentlə danışdığını dedi. Dadaş Rzayevlə çoxdan tanış idik, birlikdə Polyaniçkonu müşayət etmişdik, bir neçə dəfə Şəmkirdə  komendant polkovnik Maqomedovun da iştirak etdiyi naharda bir yerdə olmuşduq. Zabitə: - Dadaş müəllimlə söhbət etmək istəyirəm-deyəndə zabit nazirin çox məşğul olduğunu deyib görüşməyin mümkünsüz olduğunu söylədi. Belə bir bürokratik yanaşma, hərbçilərin özünü şübhəli aparması, əsəb yaradırdı. Maşını bir az irəli sürüb saxladım və hərbi dəstənin nə vaxt Gəncəyə doğru hərəkət edəcəyini müşahidə etməyə başladım. Təxminən saat 18.00 radələri idi. Hərbi kolon,  başda nazirin ağ “Volqa”sı olmaqla geriyə istiqamət aldı. Yol Polisi məntəqəsinədək təqib etdim, fikirləşirdim ki, bəlkə Aeroport yolu istiqamətində şəhərə girmək istəyirlər? Kolon Şəmkir-Tovuz istiqamətində, necə deyərlər”tam sürətlə”geri döndü. Bölməyə qayıdıb nazir Fəxrəddin Təhməzova zəng edib hər şeyi dedim. Nazirin heç bir söz deməməsindən hiss etdim ki, Dadaş Rzayev prezidentlə danışmayıb.
  
1993-cü il 4 iyun qiyamı barədə çox yazılıb, çox danışılıb. Gəncə və ətrafda baş verən hadisələr, kimin necə rol oynaması, Surət Hüseynovun hakimiyyət qüvvələrinə necə qalib gəlməsi, onu tərksilah etməyə gələn  hakimiyyət nümayəndələrinin Gəncədə necə özfəaliyyət nümayiş etdirmələri, qeyri - peşəkarlıq  göstərmələri  barədə çox deyilib. Mən yalnız özümün iştirakıyla bağlı məqamları yazıram. Kənardan, sonradan deyilənləri yox...
  
Gecə bölmədə qaldım. Hələ də fikirləşirdim ki, hakimiyyət toparlanacaq, sabah qəti tədbirlər görəcək. DİN-in, MTN-in, ordunun gücündən istifadə edəcək, qanunsuz  hərəkətlərə son veriləcək, yəni normal dövlətlərdə çevriliş cəhdləri adətən belə yatırılır. Kənd təsərrüfatı naziri Tofiq Hüseynov zəng edib Gəncəyə gəlmək istədiyini deyəndə məsləhət bilmədim. Dövlət adamlarının əksəriyyətinin Surət Hüseynovun  yaxın adamı  “Zobik” ləqəbli Ruslan tərəfindən tutulduğunu, avtomobillərin  alındığını deyib, ehtiyyatlı olmağı söylədim. T.Hüseynovun elə həmin gün-ayın 5-də Gəncənin girəcəyində  Surət Hüseynovun adamları tərəfindən həbs edildiyi xəbəri gəldi. Fəxrəddin Təhməzov zəng edib informasiya istədi, həbsdəkilər barədə məlumat lazım olduğunu tapşırdı. Gəncədə iki yaxın dostumun Zobiklə münasibəti olduğunu bilirdim. Bu gün də onların adını yazmağa çəkinirəm. Bu insanlara qarşı hələ də təhlükə yarana bilər. Hər ikisini Şəmkirə çağırıb həbsdə saxlananlara baş çəkməklərini, ordan bir informasiya gətirmələrini xahiş etdim. Dostlar asanlıqla həbsdəkilərlə görüşə bilmişdilər. İçəridəkilər də hələ nikbin idilər, dövlətin tezliklə onları azad edəcəklərini güman edirdilər. Dostlarım ikinci dəfə həbsdəkilərə baş çəkəndən sonra  mənimlə görüşdülər və Sülhəddin Əkbərin mənə sifarişini çatdırdılar. Sülhəddin bəy dostumun birinə deyib ki, İlhama çatdırın, Rəsul Quliyevlə telefon əlaqəsi saxlasın və Rəsula desin ki, onu təcili azad etmək lazımdır. Bölmədə yalnız əməliyyat rabitəsi vardı, hökumət rabitəsi icra başçısının kabinetində idi. Başçının yanına gəlib Rəsul Quliyevə zəng etdim. Özümü təqdim edəndən sonra zəngimin məqsədini  söylədim. R.Quliyevlə aramızda belə bi rtelefon söhbət oldu.
R.Quliyev:
-Yaxşı, başa düşdüm. Gəncədə vəziyyət necədi?
-Bildiyiniz kimi, gərgin olaraq qalır.
-Gəncənin icra başçısı Elxan Qədimov hardadı?
-Mən Şəmkirdən iki gündü heç yana çıxmıram. Onun da harda olduğunu bilmirəm.
-Xalq, gəncəlilər necə qarşılayıblar bu məsələni? Nə deyirlər?
-Ölənlər var deyin camaat narahatdı. Qorxurlar qırğın, qarşıdurma olsun, yenə ölüm-itim olsun.
-Surət yaxşı oğlandı e, gəncəlilər onun xətrini istəyirlər.Tanışsanmı Surətlə?
-Tanışlığımız var, amma yaxın deyilik.
-Qardaş, o yaxşı oğlandı, hər şey də yaxşı olacaq.
-Mən də istəyirəm ki, hər şey yaxşı olsun.
-Sülhəddinin özünü gördün?
-Xeyr, ora mənim adamlarım gedir, xəbəri də onlardan göndərib.
Kiçik pauzadan sonra:
-Sülhəddinə de narahat olmasın, bir-iki günə hamını buraxacaqlar.
-Mən də elə fikirləşirəm.
-Sağ ol.
Telefonla danışıb bölməyə qayıtdım. Əməliyyat rabitəsini birbaşa Bakıdan bərpa etmişdilər. Telefona zəng gəldi. Dəstəyi qaldırdım. Danışan kəşfiyyat idarəsinin rəisi Eldar Məmmədəliyev idi. Könülsüz, yüngül salamlaşmadan sonra Məmmədəliyev:
-Sən Gəncədə tutulanların yanına kimləri göndərmisən?
- Burda nə var ki? İnformasiya üçün göndərmişdim.
-Kimdi onlar?
-Buna nə ehtiyac var?
-Yox, biz bilməliyik ora kim gedir. Agentlərdi ora gedənlər?
Xeyr,agent deyillər, dostlarımdı.
-Nazirin xəbəri var?
-Nazir informasiya istəyir, mən də hər vasitədən istifadə edirəm.
-Əməliyyat hazırlayırsınızsa bizim xəbərimiz olmalıdı, özbaşına hərəkət etmək olmaz.
Bu “özbaşına”sözü məni hövsələdən çıxardı:
-Eldar müəllim, nə vaxtdan rayon səviyyəsində görülən əks-kəşfiyyat tədbiri kəşfiyyatla razılaşdırılır? Rəsul müəllim Sizə düzgün çatdırmayıb məsələni. Bu Sülhəddinin Rəsul Quliyevə göndərdiyi sifariş idi, mən də çatdırdım. Əməliyyat olsa, hər halda bizim bölmənin səviyyəsində yox, respublika miqyasında olacaq, o zaman siz də biləcəksiniz.
-При чем здесь Расул Кулиев? Mən deyirəm ki, rəhbərliyin icazəsi olmadan heç bir tədbir keçirilməməlidi.
-Nazir bilir, soruşa bilərsiniz
Dəstəyi yerinə qoydum və bir də qaldırıb Fəxrəddin Təhməzovla danışdım...
Ardı var...






Fikirlər