Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...
GƏNCƏ –TALEYİMƏ YAZILAN ŞƏHƏR
1983- cü ilin avqust ayında Bakıya qayıtdım. Hələ məzuniyyət başa çatmamışdı,bir neçə gün də istirahət edə bilərdim.Bacım Dilşadgil Şuşada idilər,məni də ora dəvət etdilər və təxminən 10 gün Şuşada qaldım. 23 ildi Şuşasızıq və hər dəfə fikirləşirəm ki,nə yaxşı o vaxt 10 gün də olsa Şuşada qaldım.Məzuniyyət bitdi,Bakıya gəldim.Komitədə sədr Ziya Yusifzadə Minskdən gələnlərə DTK-nın vəsiqələrini təqdim edib iş yerlərimizi elan etdi.Mənim Gəncə şəhər şöbəsinə göndərildiyim elan olunanda bunu talenin qisməti kimi dəyərləndirdim,necə deyərlər”niyyətin hara ,mənzilin ora”.Gəncəni həmişə sevmişəm,həm də Tərtərə cəmi 80 km məsafədə.Gəncə çox milli şəhərdi və təsadüfi deyildi ki,Azərbaycanda belə bir deyim vardı:”Bakı Azərbaycanın,Gəncə azərbaycanlıların paytaxtıdır.”Mənimlə bərabər Şahnazarov Aleksandr da Gəncəyə göndərildi.Ümumiyyətlə ,məni heç vaxt böyük şəhərlər özünə cəlb etməyib.Bu gün də imkanım olsa,gedib kəndimizdə yaşayaram.Payızın ilk günlərində Gəncəyə gəldim.Şöbənin rəisi polkovnik Adna Adnayev kollektivi yıgıb məni təqdim etdi(Şahnazarovdan bir neçə gün sonra gəlmişdim).DTK-da əməliyyat işi “obyekt-xətt”(обьектово-линейный) prinsiplərilə müəyyən edilirdi.Elə həmin gün obyekt kimi Xanlar rayonu,xətt kimi isə axtarış sahəsi həvalə olundu. Xanlar rayonu ərazisində bütün xəttlər üzrə əməliyyat işləri görməli , şöbə üzrə isə DTK-nın axtarışında olanlar üçün əməliyyat-axtarış tədbirlərini həyata keçirməli idim.Məni Xanlar rayonunun rəhbərliyinə təqdim etdilər.Birinci katib Murad Aşurovla tanış olduq.Murad müəllimlə bu gün də münasibətlərimiz davam edir.Tədricən rayonun ictimaiyyətilə tanış olur,normal münasibətlər formalaşırdı.Xanlar(indiki Göy-göl rayonu)böyük rayon idi ,mən işlədiyim müddətdə Samux rayonu yaranmamışdı,rayon şimaldan Gürcüstan SSR-lə,Mingəçevir su anbarı,Qax rayonu,şərqdən Goranboy,cənubdan Kəlbəcər,qərbdən Daşkəsən,Şəmkir rayonları ilə həmsərhəd idi.Gəncə şəhərinin dörd bir tərəfi Xanlar rayonunun ərazisiydi.Rayonda Sovet Ordusunun raket briqadası,hava hücumundan müdafiə sistemi mövcud idi.Vacib obyektlər sırasında Xanlar konyak zavodu(o vaxt SSRİ konyakının 12 faizi təkcə bu zavodda cəmlənmişdi),heyvandarlıq üçün dərman preparatları hazırlanan Azbioloji kombinat ,Qızılca çınqıl karxanası nəzdində partladıcı maddələr saxlanan ambar,Göy-göl dövlət qoruğu daim olaraq əməliyyat nəzarətində idi.Rayon mərkəzində və 9 kənddə ermənilər,bir kənddə mehseti tüklər,bir kənddə ruslar- malakanlar, rayon mərkəzində assuriyalılar yaşayırdı.Sürgün olmuş millət kimi mehseti türklər,dini zəmində Rusiyadan vaxtilə köçürülmüş baptist-malakanlar,hər zaman mövcud olmuş erməni millətçiliyi,xeyli sayda İrandan köç edib yaşayan kontingent rayonun əməliyyat şəraitini xarakterizə edən,DTK-nın hər zaman hədəfləri idi.Ümumiyyətlə , rayonda baş verən bütün neqativ hallar xüsusi xidmətin nəzərindən qaçmamalı,onların böyüyüb kütləvi narazılığa çevrilməməsi üçün zamanında profilaktik tədbirlər görülməli idi.Bunları deməkdə məqsədim odu ki,əyalət olmasına baxmayaraq bütün istiqamətlərdə işim kifayət qədər vardı.
*****
Xanlar rayon mərkəzi almanlar tərəfindən salınıb.1819- cu ildə Rusiya çarının himayəsini qəbul edən Almaniyanın Vürtemberq əyalətinin almanları Azərbaycana köç edirlər.Qazaxda,Ağstafada,Şəmkirdə məskunlaşan almanların böyük ,həm də nisbətən varlı hissəsi, 520 ailə Gəncənin qərb hissəsində yaşamağa başlayır.Helenendorf, qısaca Yelino deyilən qəsəbəni almanlar salıb. Qəsəbə, çar birinci Aleksandrın sevimli bacısı Yelena Pavlovnanın şərəfinə adlandırılıb. Stalinin göstərişilə almanlar 1938-ci ildə Qazaxstana sürgün edilirlər. Almanlar 120 il yaşadıqları bu yerlərdə böyük mədəniyyət qoyublar.Şərab zavodları,pivə zavodu(sovet dövründə pivə zavodunu tikiş sexinə çevirmişdilər),bondar-mexaniki zavod,süd emalı zavodu,gözəl arxitekturası olan evlər,səliqəli küçələr,lüteran kilsəsi bu gün də rayona fərqli çalar verir.Qeyd edim ki,Xanlar rayonunun adını dəyişəndə ,zənnimcə onun tarixi adını –Helenendorfu bərpa etmək lazım idi.Almaniya dövlətinin bu yerə xüsusi qayğısına köhnə adı bərpa etməklə nail olmaq mümkün idi.Alman dəqiqliyi bütün işlərdə özünü göstərmişdi.Bəzən vaxtilə burda anadan olan almanlar haqqında o vaxtkı Almaniya Demokratik Respublikasından,Moskvadan,Qazaxstandan sorğular göndərilirdi.VVAQ şöbəsində alman jurnalları dediyimiz ,sinif jurnallarına bənzəyən , mürəkkəblə yazılmış qeydiyyat jurnalları vardı.Anadan olan hər kəsin doğulduğu tarixlə yanaşı həftənin günü,günün saatı ,anadan olanın gözünün rəngi dəqiq qrafalarda göstərilirdi.Mürəkkəb isə sanki bu gün yazılmış kimi görünür,bir damcı solğunluğu bilinmirdi.Amma, 30-40 cı illərdə bizim kəndlərdə anadan olanların qeydiyyatını çox vaxt tapa bilmirdik.
1984- cü ilin ilk ayında rəisimiz dəyişdi. Adnayev Bakıya Mərkəzi Aparatda 3- cü şöbənin( Daxili İşlər Nazirliyində əks –kəşfiyyat fəaliyyəti) rəisi təyin edildi.Bizə isə Rəhman Mikayılov gəldi və 7 il rəisimiz oldu.Fevralın əvvəlində Andropov Y.V.öldü.K.U.Çernenkonun dövrü heç nə ilə yadda qalmadı,faktiki olaraq ölkə tezliklə növbəti baş katibin ölüm xəbərini gözləməyə başladı.May ayında ilk verbovkamı etdim.Rəisimizin sözləri yadımdadı:”İlk verbovka həmişə yaddaqalan olacaq,bir də bu gün şəhərdə ən ciddi siyasi akt bu verbovkadı.Yadınızda saxlayın hər agent verbovkası ciddi siyasi hadisədi.” Yazda daha bir əlamətdar hadisə oldu, şəhərin mərkəzində birotaqlı mənzil verdilər,o vaxta qədər şöbənin qonaq evində qalırdım. Artıq öz evim vardı.Ev alanda rəisimiz dedi ki,evlənmək lazımdı,subaylara DTK- da pis baxırlar.Potensial adaxlı olsam da hələ bəyəndiyim yox idi.
Həmin günlərdə mənə yeni bir vəzifə də tapşırıldı-şöbənin şifrəçisi( шифровальщик ) .Mərkəzi Aparatda 3 günlük təlim-hazırlıqdan sonra şifrə işinin sirrlərinə də yiyələndim.
1984-cü il sentyabrda ilk məzuniyyətimə çıxıb Yaltaya getdim ,yaxşı istirahətdən sonra Moskvaya yola düşdüm.Moskvada SSRİ Ali Sovetinin deputatı ,gəncəli Afiq Mayılovla “Moskva” mehmanxanasında görüşdük.Afiq İslandiyadan gəlirdi.Mehmanxanada onunla bir yerdə səfərdən qayıdan şair Nəbi Xəzri,müğənni Xuraman Qasımovayla görüşüb səhər yeməyi yedik.Nəbi müəllim harada işlədiyimi biləndə:” Afiq,dostunu bəlkə bizi izləməyə göndəriblər”-deyə zarafatı etdi.Mən də söz altda qalmadım:”Nəbi müəllim,izlənəsi olsanız heç vaxt onu hiss etməyəcəksiniz,narahat olmayın”.
KƏMƏRLİ HADİSƏLƏRİ
Məzuniyyətdən qayıdıb işə çıxdığım ilk gün Qazax rayonunda iğtişaşlar baş verdiyi məlum oldu. Rəisimiz Qazaxda idi, zəng edib məni və baş əməliyyat müvəkkili Vaqif Həsənovu da Qazağa çağırdı.Məlum oldu ki,Qazağın Kəmərli ,Qaymaqlı kəndlərinə məxsus,Ermənistanla sərhəd olan on min hektar torpaqları Ermənistana veriblər.Camaat da bu məsələyə etiraz edib,Ermənistanın və Azərbaycanın rəsmi dövlət nümayəndələrini döymüşdülər. Azərbaycan DTK-nın müavini general-mayor Bahadur Hüseynov və bir neçə əməliyyat işçisi də Qazax rayon bölməsinin binasında idilər.B.Hüseynov kənddən informasiyanın az olmasından,etiraz edənlərin nələr planlaşdırdıqlarından məlumatsız olduqlarını söyləyib,maksimum informasiya toplamağı tapşırdı.Kimin nə dərəcədə imkanları olduğunu soruşdu.Kəmərli kəndinin adını eşidəndə universitetdən qrup yoldaşım Mahmud Ləzgiyevin o kənddən olduğunu və onun ailəsinin məni tanıdığını deyib kəndə getməyimdə problem olmadığını dedim.General təcili kəndə getməyimi tapşırdı.Vaqif Həsənovla Kəmərliyə getdik.Yolda guya Tiflisdən gəldiyimi ,təsadüfən də Kəmərliyə dönüb hal-əhval tutmaq istədiyimi bəhanə kimi istifadə edəcəyimi fikirləşdim.Kəndə çatıb Mahmudgilin evini soruşdum,darvazanın qarşısına çatanda Mahmudun özünü gördüm və çox sevindim.Hal-əhval tutduqdan sonra hər şey təbii şəkildə davam etdi.Mahmud qardaşı Nəsiminin gələn həftə toyu olacağını,ona görə kəndə gəldiyini dedi.(Növbəti həftə mən toya gəlib iştirak etdim)Çolpalar kəsildi,zoğal arağı açıldı,bir neçə saat qonaq qaldıq.Mahmudun qohum -əqrəbası da bizimlə görüşə gəldilər.Kəndin girəcəyində niyə milis postunun qoyulması ilə maraqlananda baş verən bütün hadisə danışıldı.Məlum oldu ki, Azərbaycan Nazirlər Sovetinin sədr müavini Rəsizadə Ermənistana gedib,Yerevandan erməni kolleqası ilə birlikdə Qazağın Kəmərli kəndinə gəlib və on min hektarın Moskvanın qərarıilə Ermənistana verildiyini əhaliyə çatdırıb.Vəziyyətdən hali olan kənd camaatı kəndə hay salıb, Batdaqlı bulağın yanında bunların qarşısını kəsib, Şayəstə adlı bir qadın çomağı erməninin ağzına soxub, dilimizdə danışa bilməyən Rəsizadəyə də”torpaq satan köpəyoğlu “deyib əzişdirib, hər iki nazir müavinini pəyəyə salıblar. Sonra milis gəlib, zorla camaatı sakitləşdirib,pəyədəkiləri azad edib.İndi camaat etiraz edir ki,torpaq vermirik, respublikanın rəhbərliyi də deyir ki,Moskva verib biz heç nə edə bilmərik.Kənd camaatı nə edəcəklərini bilmirdi ,bir tərəfdən də bəzi fəalları tutub aparmışdılar.Kəmərlidən geri qayıdanda iş yoldaşım da,mən də çox pərt idik.Bu torpaqlar niyə erməniyə verilməlidi ,axı? Canımıza torpaq verilməsinin istiliyi kənd camaatıyla söhbətdən sonra keçirdi.Fikirləşirdik ki,bu etirazdan sonra yəqin torpaqlar verilməz.Rayona çatıb vəziyyəti məruzə edəndə Bahadur Hüseynov əlini stola vurub acıqla :”Günah Rəsizadədə deyil,onu ora göndərəndədi.Başqasını tapa bilmirdilər? O hansı ağılla Yerevana gedib ordan gəlib.?”General bizə təşəkkür edəndə mən ürəklənib soruşdum:Bahadur Mamedoviç,bu etiraza görə yəqin torpaqlar verilməz?.General bir az təəccüb,bir az təəssüflə “ все уже решено “,deyib əlini yellədi.
Bu hadisə bizim gələcək torpaq itkilərimizin siqnalı ola bilmədi.Respublika rəhbərliyi heç bir müqavimət göstərməmişdi.Ermənilərin əlinin Kremldə uzun olduğu bəlli idi,amma, o zaman Heydər Əliyev də Siyasi Büronun üzvüydü və ola bilməzdi ki,Kamran Bağırov bu məsələni ona çatdırmayaydı.Niyə buna mane ola bilməmişdilər? Ağzı qana batan erməninin iştahasını hələ sonra görəcəydik.Həmin il Bakıda “Neftçi”nin oyunu zamanı stadionda torpaqların erməniyə verilməsini plakat qaldırıb yeganə etiraz edən bir şəxs olmuşdu.Kəmərli camaatı tək qalmışdı.Fakt bu idi ki,ölkədə milli ictimai-siyasi şüur səviyyəsi hədsiz aşağı idi.Sonralar Mahmuda vəziyyəti açıb danışdım,amma əlimizdən heç nə gəlmədiyini etiraf etdim.İş-işdən keçmişdi.Respublika rəhbərliyi ziyalıları bu işə cəlb edə bilməmişdi, erməni tərəf istər Qarabağ ,istər digər milli məsələlərdə həmişə erməni ziyalılarını qabağa verirdi.Moskvadan olan təpkilərdə erməni rəhbərliyi arxa planda qalsa da ,işin baş rejissoru onlar idi.Ziyalılarımız ictimai proseslərdə yalnız çapan çalan kimi istifadə olunmuşdu,milli məsələlərdə irəli duranı da millətçi damğasıyla təqib etmişdilər. İllər keçib,amma..,çapan davam edir və mən yenə o qənaətdəyəm ki,ictimai-siyasi şüur səviyyəmiz qonşu Gürcüstandan,düşmən Ermənistandan yuxarı deyil.
1984-cü ilin payızında Xanlar rayon rəhbərliyi dəyişildi.M.Aşurov Şərabçılıq Komitəsinə sədr təyin olundu,yerinə ikinci katib Qərib İsgəndərov qoyuldu.Sonrakı illərdə bu uğursuz dəyişikliyin ağır nəticələrinin şahidi olacağıq.
1985-ci il gəldi .Martın əvvəlində Baş Katib K.U.Çernenko öldü.Sovet adamları dövlət başçılarının ölümünə adət etmişdi.M.S.Qorbaçov Baş Katib seçildi.Ölkədə tədricən hiss olunurdu ki,yeniliklər olacaq.SSRİ-də yeniliklər faktiki Andropovla başlamışdı.Qorbaçovla iş sürətləndi.İlk qərarlar “sərxoşluq və alkoqolizmlə mübarizə”dən başladı.Saltıkov Şedrinin müdrik kəlamı var:”Mən yuxuya gedib yüz ildən sonra ayılası olsam və məndən soruşsalar ki,Rusiyada nə baş verir,həmən cavab verərəm ki, yenə içirlər və talan edirlər”.Görünür Qorbaçov da bu ümummilli bəlanın qarşısını almaq üçün inzibati tədbirlərə əl atmağı ilk mərhələ hesab etmişdi.Azərbaycan isə bu Qərarın ən pis tərəflərindən yapışdı-çoxillik üzüm plantasiyaları ləğv edilməyə başladı.Toylarda içki qadağan oldu, hərçənd mineral butulkalarda süfrəyə araq qoyulması adi hal almışdı,spirtli içkilər satılan ticarət obyektləri azaldıldı.Bu ərəfədə DTK-nı saxtakarlığa məcbur etdilər.Bizə göstəriş verildi ki, Moskvaya bu Qərarın bəyənilməsi haqqında zəhmətkeşlərin teleqramlarını təşkil edin.Bu işin nədən rayon partiya komitələrinə deyil bizə tapşırıldığını soruşanda rəis müavini Mayis Ələkbərov “əmr müzakirə olunmur,yerinə yetirilir”dedi.Təbii, biz onsuz da bu saxtakarlığı yenə raykomlara tapşırırdıq və bu bizi nüfuzdan salan hərəkət idi-xüsusi xidmət orqanı yalana şərik olurdu,hətta təşəbbüsçüsü idi.
1985-ci ilin yayında nişanlandım,növbəti ildə toyumuzun olacağını planlaşdırmışdım.Həyat yoldaşım olacaq Gülnarə öz qohumlarımızdan idi,universitetin biologiya fakultəsində oxuyurdu. 1986- cı ilin aprelində toyumuz olmalıydı.Bu ərəfədə aprelin 16-da ailəmizdə faciə baş verdi.Qardaşımın böyük oğlu,Xarici Dillər institunun ikinci kurs tələbəsi Azər avtomobil qəzasında həyatını itirdi.Bu faciədən hamımız sarsılmışdıq.Toy təxirə salındı.Qardaşım Yusifin həyatı bununla da alt –üst oldu və iki ildən sonra iki dəfə infarkt keçirdi.Məzuniyyət götürüb qardaşımın yanında oldum.İşə başlayanda mayın sonu idi,bir neçə gündən sonra rəis çağırıb məni Moskvaya bir aylıq ezamiyyətə getməli olduğumu söylədi.Moskvada “Xoş məramlı oyunlar” keçiriləcəkdi. Düzü, bir qədər fikrimin dağılması üçün bu yerinə düşən ezamiyyət idi.Şöbədən mən və Vahid Hüseynov Moskvaya ezam olunduq...