Azərbaycanda ORQAN transplantasiyası aktuallaşır

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra orqan transplantasiyası məsələsi daha da aktuallaşacaq.

AzerTaym.az xəbər verir ki Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, orqan transplantasiyası çox bahalı əməliyyatdır və vətəndaşların hamısının bunu etməyə gücü çatmır: "Dövlət tərəfindən səhiyyəyə ayrılan bəlli bir büdcə var. Əgər o büdcənin böyük hissəsi orqan transplantasiyasına xərclənsə, digər xəstəliklərə vəsait qalmaz. Tutaq ki, bir nəfər üçün orqan transplantasiyası orta hesabla 80 min manata başa gəlir, amma 80 min manata digər 100 insanın müayinə və müalicəsini təşkil etmək olar. Buna baxmayaraq, dövlət proqramı çərçivəsində böyrəyin köçürülməsi dövlət hesabına həyata keçirilir. Digər orqanların transplantasiyası da icbari tibbi sığorta işə düşəndən sonra aktuallaşacaq".

O qeyd edib ki, icbar tibbi sığorta tətbiq ediləndən sonra artıq bütün orqan transplantasiyası üzrə bütün xərclər tibbi sığorta tərəfindən ödəniləcək.

Azərbaycanda orqan bağışlanması ilə bağlı cəmiyyətdə problemin olması məsələsinə münasibət bildirən M.Quliyev deyib ki, icbari tibbi sığorta tətbiq edildikdən, iş qurulduqdan sonra insanlarda orqan bağışlaması mədəniyyəti də formalaşacaq: "Bu istiqamətdə təbliğat aparılacaq, cəmiyyətdə tanınmış insanlar nümunə göstərəcək və bu iş tədricən öz qaydasına düşəcək".






Fikirlər