Azərbaycan Texniki Universitetində (AzTU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yol açan Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib.
Rektor bildirib ki, həmin dövrdə hakimiyyətdə olan səriştəsiz, xəyanətkar, dağıdıcı qüvvələrin düşünülməmiş hərəkətləri Azərbaycanın bir dövlət kimi varlığına ciddi təhlükə yaratmışdı: “Ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Respublikamızın bir çox bölgələrində xaos, anarxiya baş alıb gedirdi. Xalqımız çox düzgün olaraq hesab edirdi ki, ölkəmizi belə təhlükəli vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev çıxara bilər. Ona görə də geniş xalq kütlələrinin təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi.”
Tədbirdə Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalq kütlələrinin birliyinin təmin edilməsi, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması, ölkəmizin sərvətlərindən məqsədyönlü istifadə olunması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətlərindən danışılıb.
Qeyd olunub ki, Azərbaycan getdikcə dünyanın hər yerində demokratik dəyərlərə üstünlük verən, insan hüquqlarını qoruyan, tolerant və beynəlxalq əməkdaşlığa sadiq bir ölkə kimi tanınır.
AzerTaym.az