Yanacaqdoldurma məntəqələrinin (YDM) ətrafında yaşayış məntəqələrinin salınması və ya onların yaşayış məntəqələri ətrafında tikilməsinin təhlükəli olduğu deyilsə də, nədənsə Bakıda buna əməl edilmir. Son zamanlar bəzi YDM-lər ətrafında yeni yaşayış binalarının tikintisinə başlanılıb.
Musavat.com-un məlumatına görə, təhülkəsizlik tədbirlərinə əməl olunduğu halda YDM-lərin yaşayış binalarından ən azı 50 metrlik məsafədə yerləşməsi nəzərdə tutulur.
“Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyyə olunur. Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaq saxlama çənlərindən hesablanmalıdır” - deyə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin “Yanacaqdoldurma məntəqələri: yanğın-partlayış təhlükəsizliyi üçün zəruri tədbirlər” başlıqlı yazısında qeyd edilir.
Ancaq paytaxt Bakının bir neçə yerində apardığımız müşahidələr göstərir ki, qeyd edilən təhlükəsizlik tədbirlərinə heç də əməl edilmir.
YDM-lərin 3-5 metrliyində bu gün də yaşayış binaları tikilir. Təhlükə göz görə-görə ucaldılsa da, nədənsə aidiyyəti qurumlar bununla bağlı heç bir tədbir görmür.
Bir neçə dəfə paytaxtda yaşayış binalarının, insanların sıx olduğu məntəqələrin yaxınlığında yerləşən YDM-lərdə qəzalar baş verib. Hətta bu cür qəzaların insan itkilərinə səbəb olmasından sonra paytaxt Bakıda hazırda da fəaliyyət göstərən YDM-lər gündəmə gəlib.
Həmin YDM-lər binaların, ictimai obyektlərin bir neçə metrliyində yerləşir. Belə olan halda baş verə biləcək istənilən partlayışda faciənin miqyasının genişlənməsi qaçılmaz ola bilər. Lakin bu məsələ dəfələrlə gündəmə gətirilsə də, nəticə əldə olunmur.
Ekspertlər deyir ki, bu cür tikililərə əvvəlcə rayon icra hakimiyyətləri, daha sonra isə Fövqaladə Hallar Nazirliyi (FHN) nəzarət etməlidir.
"Təhlükəsizlikə bağlı YDM-lərlə yaşayış məntəqələri arasında məsafənin 50 metr olaraq, nəzərdə tutulması doğru deyil".
Bunu musavat.com-a tikinti təhlükəsizliyi ilə bağlı danışarkən ekspert Rəşad Vəliyev deyib.
Onun sözlərinə görə, YDM-lərdə kiçik qəzalarla yanaşı, böyük partlayışların da olması mümkündür: "50 metr məsafə olanda baş verə biləcək kiçik yanğınlar təhlükəsiz ola bilər. Ancaq onu da nəzərə almalıyıq ki, yanacaqla dolu çənlərin olduğu belə məntəqələrdə yanğınlardan, qəzalardan sonra partlayışlar da baş verə bilər. Avropa ölkələrində, eləcə də qonşu ölkə Türkiyə belə deyil. Diqqət yetirsəniz, görə bilərsiniz ki, həmin ölkələrdə YDM-lər ətrafında heç bir obyekt yoxdur. Bu da təhlükəsizliyə tam şəkildə əməl olunması deməkdir. Biz də isə binaların altında, şəhərin ən sıx küçələrində belə, YDM-lər var. Buna əvvəlcə icra hakimiyyətləri tikintiyə icazə verərkən nəzarət etməlidir. Sonra isə FHN və aidiyyəti üzrə digər dövlət qurumları bunu diqqətdə saxlamalıdırlar".
Fikirlər