Hidayət Orucova yeni vəzifə verildi
Ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyində hazırlıq işləri tam başa çatdırılıb. Bu barədə Publika.az-a səfirlikdən məlumat verilib. Səfirlikdə məntəqə seçki komissiyası yaradılıb və Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov komissiyanın sədri təsdiq edilib. Səfirlikdə 16 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsində vətəndaşlarımızın sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahıları tutulub. Referendum keçirilən gün Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər. Həmçinin, səfirlik tərəfindən Qırğızıstanın kütləvi informasiya vasitələrinə ünvanlanan məlumatda Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar əsas prinsiplər haqqında informasiya verilib, həmçinin vətəndaşlarımız üçün seçki məntəqəsinin ünvanı və seçkinin keçiriləcəyi vaxtlar qeyd edilib.