Ziya Bünyadov prospektində dövlətin yağış suları ilə yuyulan milyonları... - REPORTAJ, VİDEO, FOTOLAR

Ziya Bünyadov prospektində dövlətin yağış suları ilə yuyulan milyonları... - REPORTAJ, VİDEO, FOTOLAR

Son illər paytaxtda və regionlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır.
Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülürdü. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilib.
Lakin buna baxmayaraq 3 gündür, yağan yağış göstərdi ki, yol infrastrukturu dəfələrlə yenilənsə də, qış mövsümünə hazır deyil. Yağış suları paytaxt yollarını, küçələrini, yeraltı keçidləri keçilməz hala saldı. Yol kənarlarında suyun axıdılması üçün yetərincə barmaqlıqlar olmadığından günlərlə yollarda sel axdı. Yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya sistemi də yetərsiz olduğundan quyular daşdı və suyun çəkilməsi çətinləşdi. İş o yerə çatdı ki, əhalinin köməyinə FHN əməkdaşları gəldi. Yollardan su xüsusi maşınlarla çəkildi ki, işə polis əməkdaşları da cəlb edildi. 
Bu durum isə təbii ki,yuxarıda sadaladığımız işlərin keyfiyyətini sıfıra endirdi. Məlum oldu ki, illərlə yol infrastrukturuna səpilən milyonlar bir günün içində təbiətə təslim ola bilər. 
İki gündə yağan güclü yağış paytaxtın əksər prospektlərində nəqliyyatın hərəkətini də iflic etdi. Belə ki, nəqliyyatın intensiv hərəkət etdiyi “Dərnəgül yolu” kimi tanıdığımız Ziya Bünyadov prospektində uzun tıxaclar yarandı. 
Qeyd edək ki, prospektin ümumi uzunluğu 9,2 kilometrdir və Xutor dairəsindən Böyükşor qovşağınadək uzanır. Prospektdə bir neçə avtomobilin yağış suları nəticəsində sıradan çıxması və yolda gölün yaranması nəqliyyatın hərəkətini məhdudlaşdıraraq tıxacların yaranmasına səbəb oldu. Təssüflər olsun ki, bu problemlər hələ də tam həllini tapmayıb. Hər dəfə yağış yağada sadaladığımız problemlər qaçılmaz olur.  
Sosial şəbəkələrdə Heydər Əliyev prospektində, yeraltı tunellərin kənarlarından yağış sularının axması ilə bağlı görüntülər paylaşıldı və bu ictimaiyyət tərəfindən qınaqla qarşılandı. Yolun ortasında yerləşən kanalizasiya lyuklarının fontan kimi püskürməsi də sosial şəbəkələrdə paylaşılan videolarda əksini tapdı. Yolların su axıtma sisteminin qaydasında olmaması, aparılan tikinti-təmir işlərinin keyfiyyətli aparılmaması hazırda gündəmdəki əsas müzakirə mövzusudur. 
Musavat.com-un əməkdaşı yağış suları çəkiləndən sonra Ziya Bünyadov prospektində olub və iki gün öncə yolda yaranan vəziyyətin səbəbini araşdırıb. Ziya Bünyadov prospektində ilk baxışdan yağış sularının axıdılması üçün lazım olan infrastruktur nəzərə çarpır. Yol kənarında hər 10 metrdən bir kanalizasiyaya açılan dəmir barmaqlıqlar var. Lakin bu barmaqlıqlara diqqətlə baxdıqda su ilə dolu olduğunu açıq-aşkar görmək mümkün olur. Yəni, suyun axması üçün hər hansı imkan olmamaqla yanaşı, kanalizasiya suları da daşaraq yol tökülür. Nəticədə həmin barmaqlıqların üstündə fontan yaranır. 
Diqqət çəkən məqamlardan biri də yolun üzərindəki kanalizasiya lyuklarının üzərinin asfaltla ortülməsi, əksəriyyətinin axacaqlarının bağlı olmasıdır. Qeyd edək ki, yağış suları yolun bəzi hissələrində asfalt örtüyünə, bəzi yerlərdə isə yol kənarındakı səkinin daş döşəməsinə ziyan vurub. 
Həmçinin, Ziya Bünyadov prospektində yerləşən “Çerment” körpüsünün altına da yağış suları yığılaraq göl əmələ gətirib. Bu suyun vaxtında çəkilməməsi isə körpünün bünövrəsinə ziyan vura bilər. 
Qeyd edək ki, Ziya Bünyadov prospekti son olaraq 2014-cü ildə əsaslı təmirdən çıxıb. Lakin milyonlarla manat vəsaitin xərcləndiyi prospekt bir günlük yağışa tab gətirə bilmədi. Normal kanalizasiya sisteminin olmaması, zamanında önləyici tədbirlərin görülməməsi, həmçinin yağış səngiyəndən sonra suyun çəkilməməsi yolun da vaxtında əvvəl sıradan çıxmasına səbəb olur.
Musavat.com məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mövqeyini öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. 
A.Nəcəfli  prospektin yağış sularından təmizləndiyini desə də, problemin köklü şəkildə həll olunmadığını etiraf etdi: “Sosial şəbəkələrdə paylaşılan videolar Heydər Əliyev prospektində lentə alınıb. Tunelin girişində aqlay daşların arasında yağış suları axır. Tikinti zamanı bu məqsədli şəkildə qoyulub, qurunt suları həmin deşiklərdən axıdılır. Lakin həmin günü yağış o qədər yağmışdı ki, ərazidə olan yağış kollektorunun gücü çatmayıb, əksinə vurub. Yoldan gələn sular istinad divarları arasından təzyiqlə axırdı. Oktyabrın 16-da yaranan tıxacın səbəbinə gəlincə, “Çerment” körpüsünə çatmamış bir hissə var, orada göl əmələ gəldiyi üçün nəqliyyatın hərəkəti dayanmışdı. Sosial şəbəkələrdə də var ki, kanalizasiya suları qaynayıb, yola dolurdu. Ziya Bünyadov prospektində yağış, drenaj sistemi kollektora qoşulmalıdır ki, gölməçələr yaranmasın. Kollektorun gücü çatmadıqda isə su daşaraq, əks istiqamətdə, yola axır. Həmin günü “Azərsu” ASC-nin və FHN-nin texnikaları cəlb olundu və xüsusi texnikalar vasitəsi ilə su çəkildi. Bundan sonra nəqliyyatın hərəkətində hələ ki, bir səngimə müşahidə olunmur”. 
Anar Nəcəfli hazırda Binəqədi şosesində yağış probleminin qaldığını dedi: “Bu gün Binəqədi şosesində gölməçələr qalmaqdadır. Bu ərazidən başqa heç yerdə su qalmayıb. Səbəbi isə odur ki, şosenin ətrafında kanallar var. Həmin su kanalları dolaraq, yollara daşır. “Azərsu”nun texnikaları suyu çəksələr də, su yenidən yola qayıdır”.     
 














Fikirlər