Azərbaycan bu layihələrə görə rekord həddə borclanıb, görülən işlər isə göz qabağındadır
Dövlət vəsaitləri, xarici kreditlər paytaxt sakinlərini dizə çıxan gölməçələrdən xilas edə bilməyib
Bir neçə gün ölkə ərazisində havanın qeyri-sabit keçməsi, güclü yağışın yağması şəhərlərin belə hava şəraitinə nə dərəcədə hazır olduğunu bir daha göstərdi. Kommunikasiya sisteminə, abadlaşdırılmasına milyardlar xərclənən Bakı bir neçə saat ərzində fasiləsiz yağan yağışa tab gətirə bilmir.
Məlumdur ki, Bakıda yolların çəkilməsinə və təmirinə, mərkəzi küçələrin abadlaşdırılmasına büdcədən xeyli vəsait ayrılır. Amma hər dəfə güclü leysan yağanda məlum olur ki, küçələrin kollektor sistemi bərbad vəziyyətdədir. Hətta bəzi küçələrdə təmirdən sonra bu sistemlərin üstü bağlanıb. Ona görə də küçələrə və yollara yığılan sular bütün paytaxtı böyük gölməçəyə bənzədir.
Memarlar hesab edir ki, Bakının küçələri standartlara uyğun salınmadığından qısa müddət sonra orada çuxurlar, yağış yağdıqda isə gölməçələr yaranır. Belə ki, iri şəhərlərdə yollar salınarkən orta hissəsi nisbətən hündür götürülür ki, su yollarda dayanmasın. Yolun kənarında isə üstü dəmirlə örtülü xüsusi xətlər çəkilməlidir. Yoldan axan sular həmin xətlə mərkəzi kanalizasiyaya istiqamətləndirilməlidir. Ekspertlər bildirir ki, Bakıda qəsəbələrarası və qəsəbədaxili yollar çəkilərkən ilk növbədə yol salınacaq qrunt bərkidilməli, yağış suyu üçün axacaqlar qoyulmalıdır. Paytaxtın kanalizasiya və drenaj sisteminin 90 faizi işləmədiyindən yağış yağan kimi küçələrdə qayıqlardan istifadə etmək lazım gəlir.
Halbuki, hər il bu istiqamətdə dövlət büdcəsi, beynəlxalq maliyyə institutlarının kreditləri, habelə qrantlar hesabına milyonlarla manat vəsait ayrılır. 2006-cı ildən indiyədək təkcə paytaxtın kommunal təsərrüfat sisteminin qurulmasına, abadlaşdırılmasına milyardlar xərclənsə də, nəticə bu gün göz önündədir. Bakının bir neçə saatlıq yağışına dözə biləcək küçəsi belə yoxdur.
Məsələn, bir neçə il öncə Nəqliyyat Nazirliyinin sözçüsü bəyan etmişdi ki, Bakı şəhərində avtomobil yolları şəbəkəsinin cəmi 10-15 faizində yağış-kanalizasiya sistemi var: «Digər heç bir yerdə son vaxtlar yağış-kanalizasiya sistemi qurulmayıb. Ona görə də yağış yağanda yollarda göllər əmələ gəlir. Hələ nəzərə almalıyıq ki, yolların yağış-kanalizasiya sisteminə məişət kanalizasiyaları da qoşulur. Təsəvvür edin ki, heç yağış kollektorları yerüstü suları kənarlaşdıra bilmir, qaldı ki, yeraltı suyu idarə etsin».
Bəs, xərclənən vəsaitlər hara gedib? Məlumdur ki, Bakı şəhərinin küçə və yollarının təmiri, lazımi qaydada saxlanması işinə görə «Azəravtoyol» ASC və Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır. Amma yerin altındakı kommunikasiyaların çoxuna görə «Azərsu» ASC cavabdehdir.
Hələ 2006-cı ildən prezidentin sərəncamına əsasən, Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı hazırlanmışdı. Proqram 2006 və 2007-ci ili əhatə edirdi. Məhz həmin layihə çərçivəsində su və kanalizasiya sisteminin yenidən qurulmasına 20 milyon manata yaxın vəsait ayrılmışdı.
Daha sonra «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı qəbul edilib. Onlardan biri 2011-2013-cü illəri, digər isə 2014-2016-cı illəri əhatə edir.
Hər iki sənəd çərçivəsində «Azərsu» ASC və digər qurumlar üçün su və kanalizasiya sisteminin təmir və yenidən qurulmasına vəsait ayrılması nəzərdə tutulub. Təəssüf ki, bu proqramlara uyğun olaraq, həmin istiqamətə yönəldilən məbləğin həcmi tam açıqlanmır.
Hökumətin 2015-ci ilə dair hesabatında açıqlanır ki, sözügedən proqram çərçivəsində Bakı qəsəbə və kəndlərində istehlakçılarının içməli su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər davam etdirilib. Ötən iki ildə 668.4 km uzunluğunda müxtəlif diametrli su, 116.2 km kanalizasiya xətti və kollektor çəkilib, 14 km-lik Bayıl-Bibiheybət -Lökbatan tunel tipli kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Nardaran və Səbail rayonunun Badamdar qəsəbələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılıb.
Bundan əlavə, «Azərsu» ASC ayrıca olaraq, həm dövlət büdcəsinin investisiya xərclərindən, həm də beynəlxalq maliyyə qurumlarından böyük həcmdə borclar alır.
Ümumilikdə, respublikanın su və kanalizasiya sisteminin tikintisinə və bərpasına «Azərsu» ASC dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində 2005-2014-cü il üçün 2.7 milyard manat xərclənib.
Bundan əlavə, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının» həyata keçirilməsi məqsədilə «Azərsu»ya ayrıca olaraq 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Doğrudur, bununla bağlı investisiya layihələrində müxtəlif illərdə dəyişikliklər olub, bəzi xərclər ixtisara salınaraq başqa istiqamətə yönəldilib. Təəssüf ki, həmin layihələrin hər birinin monitorinqi, icra olunanların tam siyahısı ictimaiyyətə şəffaf şəkildə açıqlanmır. Biz yalnız əlimizdə olan rəsmi sənədlər əsasında müəyyən məlumatları toplayaraq, ümumi xərcləri müəyyənləşdirə bilirik.
Hökumətin ötən il üçün bu istiqamətdə investisiya layihələrini əldə edə bilməsək də, hökumətin 2015-ci il fəaliyyətinə dair hesabatında bəzi çıxarışlar aparmaq mümkündür. Məsələn, hesabatda bildirilir ki, investisiya proqramlarına müvafiq olaraq ölkənin mövcüd su təchizat və kanalizasiya sistemlərinin dünya standartları səviyyəsində yenidənqurulması və yaxşılaşdırılması üçün ötən il 510 milyon manatlıq tikinti-quraşdırma işləri icra edilib. Onun 345.4 milyon manatı dövlət büdcəsi hesabına, 160.5 milyon manatı beynəlxalq kredit vəsaitləri hesabına, 3 milyon isə daxili imkanlar hesabına yerinə yetirilib.
Ölkənin su və kanalizasiya sisteminin tikintisi üçün beynəlxalq maliyyə qurumlarından da az həcmdə vəsait cəlb edilməyib. Həmin vəsaitlərin hamısı hökumət zəmanəti kimi dövlət borcu hesab olunur. Məsələn, respublikanın 43 rayonunda su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün Dünya Bankının ayırdığı kreditlərin həcmi 500 mln. dolları keçib.
Hökumətin hesabatına əsasən, 2015-ci ildə Asiya İnkişaf Bankı ilə «Azərsu» arasında «Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı» çərçivəsində 150 milyon dollar məbləğində uzun müddətli kredit sazişi imzalanıb. Yaponiya hökuməti əməkdaşlığa başladığı dövrdən bu günə kimi Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə 273 milyon dollar kredit imzalanıb.
Ümumiyyətlə, «Azərsu» ASC-nin kreditləri dövlətin xarici borclarının böyük hissəsini təşkil edir.
Dünən isə prezident İlham Əliyevin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına suölçən cihazların quraşdırılması işlərinin daha da sürətləndirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılması barədə sərəncam verib...
Göründüyü kimi, bu sahə hələ ki, dövlətin böyük pullarını «yeməkdədir». Sonuc olaraq isə, paytaxtla yanaşı, digər şəhər və rayonların kanalizasiya sistemində əsaslı irəliləyişlərin olmadığını görürük. Əks halda, Bakı dünənki kimi su gölməçələrinin əhatəsində qalmazdı.
Vüsalə RÜSTƏMOVA