Yağış "Azəravtoyol"u gücləndirlimiş iş rejiminə məcbur etdi
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) güclü yağışlarla əlaqədar Bakı və Abşeron ərazisində yollarda tıxacların qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejiminə keçib. Bu barədə“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, axşamdan etibarən bəzi ərazilərdə yağışın normadan artıq yağması nəticəsində yollarda avtomobillərin hərəkətində çətinliklər yaranıb: "Hazırda Binəqədi rayonuna və Biləcəri qəsəbəsinə gedən yollarda çətinliklər var. Çünki, sözügedən ərazilərdə kollektor yoxdur. Hər dəfə yağış yağanda bu yolları su basır. Bundan başqa, paytaxtın Əhməd Ağaoğlu və Təbriz küçəsinin kəsişməsində kollektor olsa da, intensiv yağış nəticəsində bu kollektor da suyu ötürməyə çatdırmır, suyu geriyə verir, nəticədə su yola dolur". A.Nəcəfli deyib ki, Bakının Ziya Bünyadov prospektində "Xaqani petrol" yanacaqdoldurma məntəqəsinin ətrafında, Xətai və Neftçilər prospektində də nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Həmin ərazilərdə də mövcud su ötürücü xətlər çatdırmadığından sel suları geriyə, avtomobil yollarına axır. Hazırda əraziyə "Azəravtoyol" əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və "Azərsu" ASC-nin texnikaları cəlb edilib, yollardan suların çəkilməsi və hərəkətin bərpa edilməsinə başlanılıb.