Pirallahıda mərkəzi yol yenidən qurulur
Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulmasına başlanılıb. “Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, tikinti işləri çərçivəsində rayon mərkəzinə gələn avtomobil yolun və mərkəzi küçənin yenidən qurulması nəzərdə tutulub. Ümumilikdə sözügedən avtomobil yolunun və yolun davamı olaraq Səməd Vurğun küçəsinin uzunluğu 8 km, mövcud eni isə 6-7 metr təşkil edir. Uzun müddətdir ki, təmir işlərinin aparılmaması nəticəsində yolun hərəkət hissəsində qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər törədirdi. Üstəgəl əksər ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların rahat və təhlükəsiz hərəkət etməsində problemlər yaradırdı. Hazırda isə sadalanan problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır. Yol yatağı 10-18 metr enində genişləndirilir. Belə ki, yolun 4 km-i 8 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə 1 metr çiyinlər də daxil olmaqla ümumi eni 10 metr, 4 – 5.6 km-lik hissəsi yolun hərəkət hissəsi 15 metr, hər bir tərəfdə piyada səkilərinin eni 1.5 metr olmaqla ümumi eni 18 metr, 5.6 – 8 km-lik hissəsi isə 12 metr hərəkət hissəsi və 1.5 metr səkilər olmaqla yol yatağının eni 15 metr təşkil edəcək. Hazırda yolun genişləndirilməsi, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və kənara çəkilməsi istiqamətində işlər aparılır. Bu işlərə paralel olaraq yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində addımlar atılır. Zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün sistemin yaradılması da nəzərdə tutulub. Ümumilikdə layihə çərçivəsində yolun hərəkət hissəsinin 85 min m2 sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək, yol boyu 16 min paqon-metrə yaxın yeni səki daşı düzüləcək.