ARXA CƏBHƏDƏ ÖLDÜRÜLƏN ƏSGƏR SƏHVƏN ŞƏHİD KİMİ DƏFN OLUNUB – Azərbaycanda kuryoz olay (FOTOLAR)

ARXA CƏBHƏDƏ ÖLDÜRÜLƏN ƏSGƏR SƏHVƏN ŞƏHİD KİMİ DƏFN OLUNUB – Azərbaycanda kuryoz olay (FOTOLAR)

Müdafiə Nazirliyi sistemində kuryoz olay baş verib.

BakiPost.az xəbər verir ki, öz əsgər yoldaşı tərəfindən qətlə yetirilən hərbçi səhvən şəhidlər xiyabanında dəfn olunub. 
 Belə ki, aprel ayının  11-də  Zəngilan köçkünlərindən olan Baxışovlar ailəsinin də qapısına tabut gətirilib. Xidmət vaxtı bitməsinə rəğmən, məlum olmayan səbəblər üzündən, təxris olunmayan Rəşid Baxışov Əlağa oğlunun aprel döyüşləri səngiyəndən sonra ölüm xəbəri yayılıb. Onu  aprel ayının 12-də Sumqayıt Şəhidlər xiyabanında dəfn ediblər.  Rəşidin  dəfn mərasimində Sumqayıt və Zəngilan İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn zamanı yaylım atəşi açılıb,  Azərbaycanın Dövlət Himni səsləndirilib. 
 Dəfn mərasimindən  xeyli keçəndən sonra məlum olub ki, Rəşid Baxışovu həmin ərəfədə  döyüş xəttində deyil, arxa cəbhədə öz əsgər yoldaşı tərəfindən qətlə yetirilib. Və onu öldürən şəxs barəsində cinayət işi də açılıb. Buna görə də, Rəşid Baxışov  Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilsə də, ona şəhid statusu verilməyəcək.
 Mərhumun anası Çimnaz Baxşəliyeva isə BakiPost.az-a açıqlamasında oğluna şəhid statusu veriləcəyinə ümid etdiyini deyib: "Bir neçə gün əvvəl Bərdədə oğlumun ölüm işi ilə bağlı məhkəmə oldu, hakimlə danışdıq. O məndən hüzr mərasiminin necə keçirilməsi barədə soruşdu. Dedim, hər şeyi dövlət elədi. O da dedi ki, oğlun döyüş vaxtı rəhmətə gedib. Ona görə də yəqin ki, şəhid statusunu alacaq”. 
 Ç.Baxşəliyeva  deyib ki, oğlunu öldürməkdə təqsirli bilinən şəxs artıq həbs olunub: "Dəqiq bilmirəm kimdir, amma oğlumla bir yerdə xidmət edib. Məhkəmədə gördüm onu, Şirvan şəhər sakinidir. Məncə, bu məsələ yalandı – oğlumu o, öldürməyib, oğlum şəhid olub”.
Rəşid Baxışovun öldüyü gün döyüşlərin getmədiyi, atəşkəs elan olunması məsələsinə gəldikdə isə o belə cavab verib: "Əslində, oğlum 9-da şəhid olub, 10-u səhərsə bizə məlumat verdilər. Hakim də dedi ki, həmin günlər düşmənlər ara-sıra atəş açırmışlar. Ona görə də, oğluma güllənin hansı istiqamətdə dəyməsi hələ dəqiqləşməyib, araşdırılır”. 
Evin yeganə oğlu olan Rəşid Baxışov Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edib.  Yaşasaydı iki gün əvvəl 20 yaşı tamam olacaqdı.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq.
 
 






Fikirlər