MƏLEYKƏ ABBASZADƏ TƏHSİL NAZİRLİYİNİN BOSTANINA YENƏ DAŞ ATIR

Nadir İsrafilov: “Elə bir ay və il olmur ki, imtahan qaydalarında dəyişiklik eləməsinlər”

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Təhsil Nazirliyi
birgə işçi qrupu yaradıb. Şagirdlərin kurrikulum nəticələrini birgə təhlil edən işçi qrupu 9-cu
sinif buraxılış imtahanın yeni modeli üçün layihə hazırlayıb. Hazırlanan yeni qaydalar isə
Ədliyyə Nazirliyi və Nazirlər Kabinetində hüquqi müstəvidə təsdiqlənmə prosesində keçir.
Şuranın sədri M.Abbaszadə imtahanlara yeni fənlərin əlavə edilməsini məqsədəuyğun hesab
etmir. O deyib ki, şagird riyaziyyat fənnini az mənimsəyibsə, onu digər fənlərdən, məsələn,
fizikadan testə cəlb etmək düzgün deyil. 5-6-ci sinif şagirdlərinin sürətlə oxumağı
bacarmadıqlarını deyən sədr onların mətni heca ilə oxuduqlarını bildirib. Bu fikirləri
səsləndirməklə M.Abbaszadə orta məktəblərdə təhsilin keyfiyyətinin hələ də aşağı səviyyədə
olduğunu iddia edir.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil eksperti Nadir İsrafilov M.Abbaszadənin bəyanatlarını
başa düşmədiyini söyləyib. Onun sözlərinə görə, təhsil sistemində olduqca çox dəyişikliklər
edilir, amma ortalıqda müsbət nəticələr yoxdur: 
"Bu layihəni səhv addım hesab edirəm. Layihənin qəbul ediləcəyi təqdirdə isə hüquqşünasların heç bir müdaxilə edə bilməyəcəyi ümumiyyətlə yanlış haldı. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, kim nə istəyir, onu da edir. Belə halların baş verməsi təhsilimizin nüfuzuna və gələcək perspektivlərinə kölgə salır. 5 və 6-ci sinif şagirdlərinin sürətli oxumağı bacarmadıqları açıqlamasını vermək nə deməkdi? Dövlət rəsmisi səviyyəsində belə ifadələr işlətmək nə qədər düzgündür? Əvvəla, şagirdlər
sprinter qaçışına qoşulmayıb ki, sürətli oxunu yerinə yetirsinlər. Şagirdlərdən kimsə heca ilə
oxuya bilər, amma bunu bütün respublikanın təhsil məktəbinə şamil etmək düzgün deyil.
Cəmiyyət arasında belə bir fikir formalaşmışdı ki, uzun illərdən bəri TQDK ilə Təhsil Nazirliyi
arasında soyuq müharibə gedir. Məleykə Abbaszadənin belə açıqlama verməsi yenidən Təhsil
Nazirliyinin bostanına atılan daşa bənzəyir. Hətta ən ciddi ekspertlər bu cür ifadələr işlətmirlər.
Əlbəttə ki, təhsildə problemlər var və onları göstərmək lazımdır. Amma bunu hökm formasında
ümumiləşdirib demək olmaz”.
Təhsilin formasında deyil, məzmununda dəyişiklik edilməsinin lazım olduğunu bildirən ekspert,
bütün dəyişikliklərin sanki göstəriş üçün edildiyini də vurğulayıb: 
"Bu qədər dəyişikliklərin heçbir effekti də yoxdur. Sadəcə yerimizdə sayırıq. Vahid bir imtahan forması düşünülməlidir. Elə bir ay və il olmur ki, imtahan qaydalarında dəyişiklik eləməsinlər. Təhsildə məzmuna xidmət edən dəyişiklik aparmaq lazımdır. Başa düşmürəm ki, məqsədimiz nədi və biz nəyə nail oluruq.
Sovet dönəmində imtahanlar 5-ci sinifdən başlayırdı və uşaqlar imtahan vərdişlərini
mənimsəyirdilər. Onlar artıq 11-ci sinifdə imtahana hazır idilər. Amma sonra uğursuz bir qərar
verdilər və bu imtahanları aradan götürdülər. Ali məktəblərə ixtisaslar üzrə qəbul olunma bizim
təhsilimizin tənəzzülə uğramasına səbəb oldu. Çünki uşaqlar ancaq ixtisas fənlərini oxudular və
beləliklə, məktəb mühiti dağıldı”.

 






Fikirlər