Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 24 il keçir. Təəssüflər olsun ki, YAP-ın yaranmasında xidməti omuş şəxslərin bir çoxu indi həyatda yoxdur.
Həyatda olanlar isə hakim partiyaya düşmən obrazında qələmə verilir. İndiki YAP-çılar isə həmin şəxsləri partiya üçün heç bir iş görməməkdə ittiham edirlər, hətta barələrində ilginc məlumatlar belə səsləndirilər. Bir sözlə, bugünkülər dünənkiləri nəinki qəbul etmək istəmir, hətta üzərilərindən qara xətt çəkməyə çalışırlar. Bunun səbəblərini açıqlamaq isə bir başqa yazının mövzusudur.
Hazırda YAP-ın düşmən mövqeyində gördüyü şəxslərdən biri də partiyada kifayət qədər xidmətləri olmuş sabiq deputat, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğludur.
Moderator.az olaraq E.Sabiroğlunun bir zamanlar möhtəşəm təntənəylə, yüksək bayram əhval-ruhiyyəsiylə qeyd etdiyi bu günlə bağlı fikirlərini öyrəndik.
İlk öncə “Partiyada kifayət dərəcədə xidmətləri olan şəxs kimi düşüncələrinizi bölüşmək istərsinizmi?” sualımızı cavablandıran E.Sabiroğlu bunları dedi:
“Nə xidmət, keçdi belə şeylər. Xidmət sözünü dilə gətirmək süngü ilə qarşılanır. Utanmadan deyilər ki, heç Eldar Sabiroğlunun üzvlük bileti belə yoxdur. Nədən danışım? İndi münasibətlər elə formalaşıb ki, bu adamlar hər şeyi dana bilirlər. Həqiqəti söyləmək bir vicdan məsələsidir. Bu olmadıqda nəyi desən eşitmək mümkündür. İndi partiyada Heydər Əliyevin arxasınca danışanlar və onun üzünə belə həyasızlıq edənlər at oynadırlar. Heç soruşan varmı ki, niyə və hansı kriteriyalara görə bu cür riyakar, ikiüzlü şəxslər haradan və necə qoşulublar YAP-a? Təəssüflər olsun ki, həm partiyada, həm də partiyanın adı altındə dövlət orqanlarına yerləşənlərin indi sayı-hesabı yoxdur. Əziyyət çəkənlərin böyük bir qismi isə kənarda dayanıb. Onların sinəsindən itələyib yaxına buraxmırlar. Əli Nağıyev canlı şahiddir. Yəqin etiraf edər ki, hansı əziyyətlərim olub”.
Sabiq nazirin adını çəkən E.Sabiroğluya bu gün Əli Nağıyevlə də danışdığımızı və onun da incik olduğunu bildirdik:
“Onun çox böyük haqqı var. Partiyanın qurulmasında ona bərabər ikinci şəxsi tanımıram. Əli Nağıyev yaddaşıma misilsiz xidmətləri və əməyi ilə həkk olub. Onunla demək olar ki, bütün regionları qarış-qarış gəzib partiyanın təbliğatı ilə məşğul olmuşuq. Gecələr maşının nasazlığı üzündən yollarda qalmışıq. Hətta belə anlarda olub ki, sınıq-salxaq QAZ 24-ü Əli müəllimlə bərabər nəfəsimiz kəsilənə qədər arxadan itələyib “xod”a salmışıq. Maşını idarə edən və vaxtı ilə Əli Nağıyevin sürücüsü işləyən indiki deputat Mirkazım Seyidov bunları yəqin ki, etiraf edər. Partiyanın ideoloji işinə gözlərimin nurunu qoymuşam. Elə günlərim olub ki, Əli Nağıyevlə partiyanın qərargahında ac-susuz yazılar üzərində sabahı diri gözlə açmışıq. Əli Nağıyevin çəkdiyi əziyyətləri necə heçə endirmək olar? O, özünün sarsılmaz sədaqəti və Heydər Əliyevə dərin inamı ilə partiyanın tarixində müstəsna, müqayisəsi çətin olan bir iz qoyub. Bu izi əsla silmək mümkün deyil. Çox arzu edərdim ki, belə bir adam partiyanın ildönümü günlərində tədbirlərə dəvət edilsin və ona fikirlərini, xatirələrini bölüşmək imkanı yaradılsın. Onun indi daxilən çəkdiyi əzabı başa düşürəm və ona Heydər Əliyev naminə səbrli, dözümlü olmağı arzulayıram. Nə etməli ki, indi həyat belə gətirdi. Partiyaya soxulub da öz şəxsi maraqlarını güdən və reallaşdıran o qədər adam var ki, bu daralmış cığırı genişləndirməyə sadəcə Əli Nağıyev və partiyanın yaranmasında fədakarlıq göstərən digər insanların gücü yetməz”.