“Bu iyrənc sifətlərin qarşısında nə danışmalıyam ki…”

 Картинки по запросу əli nagıyev

Bu gün hakim partiyanın, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 24 il keçir. 1992-ci ilin 21 noyabrında Naxçıvanda partiyanın təsis konfransı keçirilib və Heydər  Əliyev YAP-ın sədri seçilib. 

Bu gün YAP deyiləndə mərhum Heydər Əliyevdən sonra bir neçə şəxsin ismi yada düşür, məsələn, Əli Nağıyev, Sirus Təbrizi, Ziya Bünyadov. Təəsüflər olsun ki, bu gün Sirus Təbrizi və Ziya Bünyadov həyatda yoxdur və o günlər haqqında xatirələrini bizimlə paylaşmaq iqtidarında deyillər. 
YAP-ın yaradılmasında “Yaş senzi mitinqləri”ndən başlayaraq Heydər Əliyev ətrafında partiya yaratmaq ideyasının müəllifi olmuş, iki dəfə Naxçıvana gedərək o zaman Ali Sovetin sədri olan H.Əliyevə bu ideyanı çatdırmış, H.Əliyevin razılığını aldıqdan sonra partiyanın təşkilatlanmasına rəhbərlik etmiş, Azərbaycanı rayon-rayon, kəndbə-kənd gəzərək təşkilatlanma prosesini həyata keçirmiş, bir sözlə YAP-ın yaradılmasında böyük xidməti olmuş sabiq nazir Əli Nağıyev isə bu gün həmin tarixin canlı şahididir. Məhz bu gün Əli Nağıyevlə danışıb onu təbrik etməsəydik və bugünlə bağlı fikirlərini öyrənməsəydik yəqin ki, günah olardı. 
Əli Nağıyev  müsahibələrimizin birində belə bir ifadə işlətmişdi: “Bu gün özünü YAP-a “dürtənlər” çoxdur və o zaman partiyaya müxalif mövqedə dayananlar, partiyaya qərargahın verilməsinə mane olanlar bu gün partiyanın İdarə Heyətinə hətta müavin səviyyəsinə dırmaşıblar. Həmin adamların partiyanın yaranmasından danışmağa haqları yoxdur”.  Məhz bu ifadədən də yola çıxaraq bu gün YAP-ın adından danışmağa haqqı çatan Əli Nağıyevin fikirlərini öyrənmək qərarına gəldik. 
Təəsüflər olsun ki, Əli Nağıyevin səs tonunda bayram əhval-ruhiyyəsindənsə inciklik, küskünlük, giley açıq-aşkar hiss olunurdu. Zəngimizin məqsədini öyrəndikdə isə bu incikliyin bir daha şahidi olduq: 
“İndi o qədər danışanlar var ki, mənim danışdıqlarım da hazır süfrəyə yekə çömçəsiylə dürtülənlərə  tikan kimi gəlir. Çünki onlar haram yeyənlərdir. Ona görə mən bu mövzuda heç danışmaq istəmirəm. Danışanlar da sürüylədi, ağzılarına gələni, bildiklərini də, bilmədiklərini də danışırlar. Allah rəhmət eləsin, Cavid Əfəndi demişkən, “Söyləşərlər, anlaşılmaz sözləri, Həp baxarlar, görməz ancaq gözləri.” Ona görə də qoy danışsınlar, mən bu mövzuya heç qayıtmaq istəmirəm. Qoy haram yeyənlər yesinlər, o yem güdənlərin məqsədi  dövlət deyil, millət deyil, onların məqsədi ancaq yemdir. Mən bu iyrənc sifətlərin qarşısında nə danışmalıyam ki?!  
Nizami babamız gözəl deyib, 
“Nizami, İsa tək çəkil bir yerə, 
Xırmanı burax sən ot yeyənlərə,
Günəş kimi od vur bu dünyaya sən,
İsasız nə çıxar bu eşşəklərdən”. 
Görün indi bu kişi ətrafındakı simasızlardan nə qədər yanıb…”

 






Fikirlər