Cavid Qurbanov: "Ziya Məmmədovla aramızda heç bir konfliktimiz yoxdur"
Modern.az saytı xəbər verir ki, C.Qurbanov 2015-ci ilin payızında keçiriləcək parlament seçkilərində yenidən iştirakının üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasından asılı olacağını deyib: “Seçkilərə yenidən qatılmağım ilk növbədə partiyanın qərarından asllı olacaq. Yeni Azərbaycan Partiyası hansı qərarı verəcəksə, ona uyğun da addım atacam. Mən partiyanın verəcəyi qərarının əleyhinə çıxası deyiləm ki...”.
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə gətirilməsindən danışarkən bildirib ki, təyinatdan öncə prezident İlham Əliyevin qəbulunda olub. Onun sözlərinə görə, ölkə başçısı dəmir yolu sahəsinə aid müxtəlif tapşırıqlar verib. İlk növbədə bu sahədə keyfiyyətin Avropa standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur. C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-də bir sıra islahatlar, dəyişikliklər aparacağını vurğulayıb. Onun sözlərinə görə, indiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir. Deputat 2000 qatarın və 2000 km dəmir yolunun dəyişdirilməsinin vacibliyini qeyd edib.
O, “Azərbaycan Dəmir Yolları” QSC-də kadr dəyişikliyinin də qaçılmaz olacağını qeyd edərək, yaxşı çalışan işçilərin işdə qalacağını söyləyib.
Nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərindən danışan Cavid Qurbanov aralarında konfliktin olduğu haqda bəzi mətbuat orqanlarının yazdığını təkzib edib.
“Bu yazılanlar, danışılanlar bizim səviyyəmizdən aşağı söhbətlərdir” deyən C.Qurbanov bildirib ki, Ziya Məmmədovla münasibətləri pis olsaydı, yeni təyinatı da mümkün olmazdı. O, Ziya Məmmədovla bölüşəcəyi bir şeyin olmadığını deyərək nəqliyyat naziri ilə şəxsi və iş müstəvisində heç bir konflikt yaşamadıqlarını vurğulayıb.