RAMİZ MEHDİYEVƏ GÖRƏ YENİ «MÜHARİBƏ» – «Bu qrupun başında Eldar Mahmudov dayanırdı»
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, sabiq YAP-çı deputat Eldar Sabiroğlu növbəti dəfə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əleyhinə yazı ilə çıxış edib. Məqalə əvvəlki yazılar kimi Prezident Administrasiyasının rəhbərinin tənqidi üzərində qurulub. E.Sabiroğlunun növbəti yazısı onunla keçmiş dövlət müşaviri Qabil Hüseynli arasında sərt söz atışmasına səbəb olub. Belə ki, E.Sabiroğlunun Ramiz Mehdiyevin əleyhinə olan məqaləsi dərc olunandan dərhal sonra Qabil Hüseynli keçmiş deputata hücuma keçib. Qabil Hüseynli iddia edib ki, Eldar Sabiroğlu kimlərinsə xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxır: “Eldar Sabiroğlunu kimlərsə danışdırır, o da kimlərinsə xoşuna gəlmək istəyir. Hədəf kimi bəlli şəxsi seçməsi də təsadüfi deyil. O, olmayan hakimiyyətdaxili ziddiyyətlərdən zahirən öz xeyrinə bəhrələnmək istəyir. O, Prezident Administrasiyasında işləməyib. Onun dedikləri uydurmadır. Konstitusiyada yazılıb ki, güc nazirliklərinin hamısı birbaşa prezidentə tabedir. Prezident Administrasiyanın baş verənlərdən xəbərinin olub-olmamasının elə də əhəmiyyəti yoxdur. 11 ildən artıq iş başında olan insanın fəaliyyətindən başqaları nə qədər xəbərdardırsa, Prezident Administrasiyası da bu qədər xəbərdar ola bilərdi. Qərarların qəbul edilməsində, icra olunmasında bu qurumun rəhbəri prezidentdən aldığı tapşırıqlar əsasında işləyir. Prezidentin tapşırığı olmadan, o, hər hansi bir təşəbbüslə çıxış edə bilməz. Onun dedikləri təxəyyülünə gücənərək dediyi fikirlərdir”. Q.Hüseynli daha sonra Eldar Sabiroğlunu “mahmudovçu” qrupun üzvü adlandırıb. Sitat:“Hər kəs bilməlidir ki, Ramiz Mehdiyevə qarşı mübarizə aparan qrupun başında Eldar Mahmudov dayanırdı. Eldar Sabiroğlu da ”mahmudovçu” qrupun üzvlərindən idi…” Eldar Sabiroğlunun Qabil Hüseynliyə cavabı da özünü çox gözlətməyib. “Başdan-ayağa cəfəng bir müsahibədir. Onun dediklərinin heç bir əsası yoxdur”, deyə sözə başlayan Sabiroğlu, Q.Hüseynlini “yeddi partiya dəyişmiş adam” adlandırıb: “Qabil Hüseynlinin halına həqiqətən acıyıram. Yeddi partiya dəyişmiş bu adam özünü necə rəzil günə salır. Onun dəyərini Heydər Əliyev çox dəqiq verib: SİYASİ RİYAKAR. Bu elə bir möhürdür ki, şəxsin həyat səlnaməsindən silinməsi mümkün deyil. Dövlət idarəçiliyində oturub, başqa yerə işləyən adamdan hər nə desən çıxar. Hüseynli Heydər Əliyevin onun barəsində verdiyi sərəncamı dərk edə bilsə, adam içinə çıxmamalıdır. İndi siyasi riyakarlar mənə qarşı kampaniyaya start veriblər. Kişilik kəlməsini dilinə gətirən Qabil Hüseynlidən kişi kimi bir şeyi etiraf etməsini rica edirəm. 2003-cü il prezident seçkiləri ərəfəsində o, mənə nə üçün zəng etmişdi?! İndi məni özündən müştəbehlikdə təqsirli sayan bu adam, İsa Qəmbərin mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Soruşdum ki, Qabil bəy, nə məsələdir, cavab verdi ki, başqan sizi partiyada yüksək görəvdə görmək istəyir. Mehdiyevin sözçüsü qeyd etdi ki, artıq hər şey bitib, Əliyev siyasəti çöküb, xalqın prezidenti İsa Qəmbərdir. Bildirdim ki, yanılırsınız və bu məsələ ilə əlaqədar mənə zəng etməniz hədərdir. İsa Qəmbərlə Heydər Əliyevi və İlham Əliyevi dəyişə biləcək ağılsızlar sırasında deyiləm. Həmən telefonu qapatdı. İndi bu “traynoy” siyasi riyakar gəib mənə dərs keçir.” Xatırladaq ki, daha əvvəl isə Ramiz Mehdiyevə görə Eldar Sabiroğlu ilə YAP-çı deputat Siyavuş Novruzov arasında oxşar mübahisə yaşanmışdı.