BDU-da beynəlxalq konfrans öz işinə başlayıb

 

Bu gün Bakı Dövlət Universitetində (BDU) "Hüququn və hüquqi təhsilin keçid dövründə olan ölkələrin inkişafında rolu: Azərbaycan nümunə kimi” adlı beynəlxalq konfrans işə başlayıb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, BDU, Ədliyyə Nazirliyi nəzdində Ədliyyə Akademiyası və Alman İnkişaf Agentliyi (GİZ) tərəfindən birgə təşkil olunan beynəlxalq konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycanın sürətlə inkişaf edən ölkə olmaqla bir çox böyük miqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib. Rektor deyib ki, güclü hüquqi sistem sağlam investisiya iqliminin əsasını təşkil edir və BDU-nun Hüquq fakültəsi bunun vacibliyini anlayaraq hüquq təhsilinin gələcək inkişaf yollarını müəyyən etməyə yardımçı olacaq beynəlxalq konfransın keçirilməsinə qərar verib.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev isə bildirib ki, bu tədbir Almaniya, Litva kimi inkişaf etmiş ölkələrin, Moldova, Makedoniya, Gürcüstan kimi inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə tanış olmağa uyğun bir platformadır. Dekan onu da əlavə edib ki, konfransda BDU, Moldova Dövlət Universiteti, Vilnüs Dövlət Universiteti, Avropa Humanitar Universiteti, Makedoniya Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Azad Universitetinin müəllim heyəti və Gürcüstanın Vəkillər Kollegiyasının üzvü iştirak edir. Burada hüquq təhsilindəki cari problemlər, qarşıya qoyulan məqsədlər və həmin məqsədlərə çatmaq üçün görüləsi tədbirlərin müəyyən olunması müzakirə olunacaq.
Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfovun çıxışından sonra "Qanunun aliliyi – institusional islahatın simvolu" mövzusunda Moldova Dövlət Universitetinin professoru Olesea Plotnik, "Litvada İnzibati hüquq çərçivəsində qanuni gözləntilərin müdafiəsi” mövzusunda isə Vilnüs Universitetinin professoru, Litvanın Hüquq İnstitutunun direktoru, professor Jurgita Paužaitė-Kulvinskienė məruzə ediblər.
Konfrans iki gün davam edəcək və hüququn müxtəlif sahələrinə dair məruzələr dinləniləcək.






Fikirlər