"Toxun acdan nə xəbəri var?" — Akif Nağıdan Çingiz Qənizadəyə sərt cavab

"Toxun acdan nə xəbəri var?" — Akif Nağıdan Çingiz Qənizadəyə sərt cavab

Millət vəkili Çingiz Qənizadə bildirib ki, bu insanlar 25 ildir “qaçqın” statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar?

"Axı ötən dövrdə onların sosial təminat, mənzil məişət və məşğulluq problemlərinin həlli ilə bağlı kompleks tədbirlər görülüb. Ölkədə bütün çadır şəhərcikləri ləğv edilib, müasir infrastruktura malik yeni qəsəbələr salınıb, əksər qaçqın və məcburi köçkünlər ev və mənzillərlə təmin edilib. Qaçqın və məcburi köçkünlər arasında işsizlik səviyyəsi 15 faizə enib. 25 il ərzində həmin insanların övladları dünyaya gəlib, təhsil alıb, ayrı-ayrı dövlət orqanlarında çalışırlar. Bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin əvvəlki statusunun saxlanılması nə dərəcədə məqsədəuyğundur?"

Bundan əlavə millət vəkili deyib ki, ötən 25 ildə dövlətin diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlərin hamısının həyat səviyyəsində mühüm dəyişikliklər olub. Bu kateqoriyadan olan insanların böyük əksəriyyətinin mənzil problemi həll olunub, az bir qismi isə hələ də yataqxanalarda və digər yerlərdə məskunlaşıblar.

Çingiz Qənizadənin səsləndirdiyi fikirlərə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Ölkə.Az-da münasibət bildirib:

"Çingiz Qənizadənin yəqin rahat şəraiti var, elə bilir ki, hamı rahat yaşayır. Qazancı var. Bu çox yalnış bir yanaşmadır. Məcburi köçkünlər yurd- yuvalarından çıxarılıblar. Onlar harada məskunlaşıblarsa onlara ev tikib veriblər, onlara order verilmir, müvəqqəti məskunlaşıblar. Qaçqınlar üçün işsizlik əsas problemlərdən biridir. Onlar öz hesablarına dola bilmirlər.

Təxminən 200 min məcburi köçkün evlə təmin olunub. Yerdə qalan 700 minə yaxın ümumi qaçqın kütləsindən 500 mini acınacaqlı şəraitdə yaşayır. Məcburi köçkünlər üçün Bakı və Qarabağ ətrafında qəsəbələr salınıb. Bakı və ətrafında salınan qəsəbə sakinləri iş tapa bilir, ancaq bölgələrdə yaşayan məcburi köçkünlər üçün qəsəbələrdə iş yoxdur.

Dövlət öz borcunu yerinə yetirə bilməyib, ərazi bütövlüyünü qoruya bilməyib. Buna görə də, məsuliyyəti də dövlət daşıyır. Dövlətin məsuliyyəti ucbatından o insanlar didərgin düşüblər. Ona görə də, nə qədər ki, o insanlar öz yurdlarına qayıtmayıblar, onların yaşamaq məsuliyyəti dövlətin üzərinə düşür. Dövlət o insanlar torpaqlarına qayıdana qədər öz borcunu yerinə yetirməlidir. Hüquq da, konstitusiya da bunu tələb edir".






Fikirlər