“DTX-nin həbs etdiyi şəxslər “reket” jurnalist deyil” – “Nəşriyyat”dan yeni açıqlama
“Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Dövlət Təhlükəsizlik Xidmətinin “reket” jurnalistlərə qarşı əməliyyatına münasibət bildirib. APA-nın məlumatına görə, A. Əsgərov bildirib ki, DTX tərəfindən keçirilən əməliyyatda həbs olunanlar “reket” jurnalistlər deyil. O qeyd edib ki, “Azərbaycan” Nəşriyyatında “reket” jurnalist yoxdur: “DTX-nin həbs etdikləri jurnalist olsaydı, onları çoxdan nəşriyyatdan çıxarardıq. Onların Mətbuat Şurasının “qara siyahısı”nda da adları yoxdur. Biz bu “qara siyahı”ya ciddi əməl edirik. Siyahıya düşən redaksiyaları nəşriyyata buraxmırıq. DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir. Eldar Mahmudov istədiyi şəxsi bu “jurnalistlər” vasitəsilə qaralayır, pul alır, şantaj edir və yaxud həbs edirdi”. Qeyd edək ki, dünən Azərbaycan Nəşriyyatının direktor müavini Rauf Cəfərov “reket” jurnalistlərin daha çox Azərbaycan Nəşriyyatının binasında fəaliyyət göstərməsi ilə bağlı iddialara münasibət bildirib: “Azərbaycan Nəşriyyatı yer kirayələyən şəxslərin daxili işlərinə qarışmır. Onlar müqavilə əsasında ofis kirayələyirlər, daxili işlərinə qarışa bilmərik. Onların nə iş gördükləri ilə bağlı məlumatımız yoxdur”.