"O deputat barəsində CİDDİ tədbir görülməliydi"

Image result for əli ömərov

“Ölkədən kənarda yaşayan, çalışan həmvətənlərimizi “otxod” adlandıran deputat haqqında ciddi tədbir görülməli idi. Azərbaycan xalqının xarici ölkələrdə, dünyanın bütün yerlərində elə görkəmli şəxsiyyətləri var ki, onlar xalqımızın fəxri hesab olunurlar. Gedib hansısa məsələylə bağlı müraciət etsək, dərhal kömək edərlər”.

Bunu Moderator.az-a açıqlamasında sabiq baş prokuror Əli Ömərov deputat Astan Şahverdiyevin xaricdə yaşayan azərbaycanlıları “otxod” adlandırmasına münasibət bildirərkən deyib.
Əli Ömərov azərbaycanlıları “otxod” adlandırmağın cinayət olduğunu vurğulayıb: Bazarlarda işləyən azərbaycanlılara gəldikdə isə, o deputatdan soruşmaq lazımdır ki, “otxod” adlandırdıqlarının xaricə nəyə görə getməsi ilə bir maraqlanıbmı? Bilirmi ki, onlar öz xoşuna getməyiblər ora, hazırda respublikada böyük işsizlik ordusu var və onlar da məhz işsizlikdən üz tutublar o bazarlara. Onlar üçün ölkədə şərait yaradılsa, balalarına çörək qazana bilsələr, nə işləri var qürbətdə. Dəli deyillər ki, xoşluqla çıxıb gedələr, hamı yaxşı bilir ki, ehtiyac üzündən gediblər. Yarım milyon, bir milyon azərbaycanlı gedib xaricdən ailələrinə pul göndərməsəydi, təsəvvür edin o zaman aclığın həddi hara çatardı, respublika dağılardı. Onlara təşəkkür etməkdən ki, gedib respublikaya pul göndərirlər, sakitliyi təmin edirlər, əksinə onları “otxod” adlandırır”. 
Sabiq prokuror daha sonra qeyd edib ki, deputat Astan Şahverdiyev barəsində ciddi tədbir görülməliydi: “Düşünürəm ki, özünü, sözünü bilən adama bu ifadəni işlətmək yaraşmaz. O ifadəni ancaq ağılsız adam işlədər. O cümlədən də o ifadənin sahibi haqqında ciddi tədbir görülməliydi. Özü öz mandatını təhvil verməliydi, bunu etmədisə deputatlıqdan kənarlaşdırılmalıydı. Xalqını “otxod”, “tör-töküntü” adlandıran insandan deputat olarmı?” 
Əli Ömərov, həmçinin qlobal platforma olan “Change.org” saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiyanın yerləşdirilməsinə də münasibət bildirib: 
“Zəngəzula bağlı petisiya qaldıran insanlar çox tədqirəlayiq bir işə imza atıb. Bu bizim xalqımız tərəfindən qaldırılmasa da, rus xalqı tərəfindən qaldırımış məsələdir. Düşünürəm ki, onlar dünyaya Zəngəzurun, İrəvanın qədim Azərbaycan torpağı olması həqiqətini  bəyan etmək istəyirlər. Ona görə də mən bu petisiya məsələsini qaldıranları alqışlayıram, onlara təşəkkür edirəm. Ölkə prezidenti də dəfələrlə çıxışında qədim Zəngəzurun, İrəvanın Azərbaycan torpağı olduğunu deyib. Ona görə də bu məsələni ciddi qaldırmaq, bütün dünyaya car çəkmək lazımdır ki, İrəvan, Zəngəzur bizim tarixi torpaqlarımızdır. Və hələ üstəlik bunlar bizim Qarabağ torpaqlarımızı da işğal ediblər. 
Hesab edirəm ki, hakimiyyət də bunu dəstəkləməlidir, daha ciddi adımlar atmalıdır və biz Zəngəzuru tələb etməliyik. Qədim Azərbaycanın Ağbaba mahalı, Göyçə mahalı bizim torpaqlarımızdır və bunları ermənilərdən tələb etmək lazımdır. Düzdür, nəticəsinin nə olacağını demək mümkün deyil, amma biz öz haqqımızı tələb etməliyik. Bu barədə Deportasiya Qurbanları Cəmiyyəti olaraq da bəyanat vermişik”.
AzerTaym.az 






Fikirlər