Efiri çadır toyuna kimlər çevirir? – Ekspertlər
Millət vəkili Qənirə Paşayevanın səviyyəsiz verilişləri tənqid etməsindən sonra efirdəki qüsurlar yenidən gündəmə gəlib. Axar.az xəbər verir ki, şit, bayağı verilişlərin “zənginliyinə” görə Azərbaycan kanallarından ekspertlər də narazıdır. Media eksperti Zeynal Məmmədli vurğulayıb ki, kanallarda toy mərasimlərinin, bayağı verilişlərin yayımlanması həm də tamaşaçı zövqünə bağlı olan məsələdir: “Təəssüf ki, heç bir televiziya rəhbərinə deyə bilmirik ki, efirində toy vermə! Deyəcək, mən reytinqə, reklama işləyirəm, tamaşaçı buna baxır, mən də bunu verirəm. Burada əsas problem odur ki, cəmiyyətin zövqü niyə bu səviyyəyə düşüb. Bu, əslində, ziyalıların problemidir. Onlar cəmiyyətin zövqünün normal formalaşması ilə məşğul olmalıdırlar. Milli Televiziya və Radio Şurası da bu məsələyə birbaşa müdaxilə edə bilər. O tip verilişlərə alternativ olaraq, maarifləndirici verilişlər efirə getməlidir. Yalnız tamaşaçının zövqünü yüksəltməklə bu tip verilişlərdən can qurtulmaq mümkündür”. Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bu məsələdə TV rəhbərlərini günahlandırıb: “Biz mətbuatda, saytlarda, televiziyada dəfələrlə bu cür neqativ halları tənqid etmişik, çıxış yolları göstərmişik. Amma televiziya rəhbərlərində ictimai qınağa qarşı bir saymazlıq var. Yəni onlar qəti şəkildə deyilənlərə, tənqidlərə əhəmiyyət vermirlər. TV rəhbərlərinin toy tipli verilişləri yığışdırmaqla bağlı hər hansı addımı atmasını gözləyə bilmərik. Çünki onlar özləri bu məsələdə, yəni belə verilişləri efirdən çıxarmaqda maraqlı deyillər. Biz ancaq öz səylərimiz nəticəsində nə isə edə bilərik”. Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva telekanallarda yayımlanan bayağı verilişlərlə bağlı yazısında toy mərasimlərinin efirə verilməsini, səviyyəsiz verilişlərin kanalları bürüdüyünü tənqid edib AzerTaym.az