Dünən Sherg.az saytında "Sabiq nazir etiraz etdi: "Gənclərin kitabları pul verib oxuması absurddur" başlıqlı məqalə dərc olunub. Yazıda keçmiş təhsil naziri Firudin Cəlilov Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxananın oxucu biletinin qiymətini 5 manatdan 100 manata qaldırmasına narazılıq ifadə edib.
Və bildirib ki, gənc alimlərə kitabxanadan pulsuz istifadə etməyə şərait yaratmaq AMEA-nın borcudur.
Professorun ittihmalarına cavab verən AMEA Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qeyd edib ki, kitabxana belə bir qərar qəbul etməklə onun fəaliyyətini tənzimləyən heç bir qanunu pozmayıb: "
Xüsusən də Nizamnamə tələblərinə ciddi şəkildə əməl edib. Xatırlatmaq istərdik ki, MEK-in əsas işi AMEA əməkdaşlarına xidmət etməkdir, çünki MEK AMEA-nın strukturudur. Bunu nəzərə alaraq biz Akademiya əməkdaşları üçün qiymətləri əvvəlki məbləğdə, yəni bir illik istifadə üçün 5 AZN olaraq saxlamışıq. Hətta AMEA-nın magistraturasında oxumaq hüququ qazanmış şəxslər, Qarabağ müharibəsi veteranları və bütün digər əllilik qrupuna aid olan vətəndaşlarımız üçün kitabxanadan istifadə pulsuzdur. Qəbul edilən yeni qərara görə, bu kateqoriyaya daxil olmayan şəxslərə kitabxanadan bir illik istifadə üçün 100 AZN olaraq müəyyən edilib. 24 min kvadratmetr ərazimizdə yerləşən xidmətlərimizdən istifadə etmək istəyən vətəndaşlarımıza, oxucularımıza fərqli və müasir xidmətlərin göstərilməsi, kitabxanada olan informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi üçün (bunun üçün əlavə işçi qüvvəsinə ehtiyac var ki, buna da maliyyə lazımdır) bu qərarı qəbul etmişik. Nəzərə almalıyıq ki, 2017-ci ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi 2016-cı il illə müqayisədə 1,05 dəfə azdır. Bu isə öz növbəsində yeni və müasir kitabxanada fərqli xidmətlərin göstərilməsi üçün büdcədənkənar gəlirlərin artırılması məcburiyyəti yaradır".
M. Göyüşlünn sözlərinə görə, heç kimi vətəndaşın MEK-in aylıq üzvlük haqqından iki dəfə artıq olan internet haqqı, telekommunikasiya xidmətlərinin artıq olması təəccübləndirmir və mübahisə doğurmur:
"Unikal sənədlərin və informasiya mənbələrinin qorunub saxlanıldığı elm məbədindən informasiyanın əldə edilməsi üçün qoyulmuş illik abunə haqqı kifayət qədər aşağıdır".
Qurum sözçüsü xatırladıb ki, bu qərarın qəbulundan sonra da MEK-in oxucu sayındakı artım əvvəlki qayda ilə davam edir və bu da bizim öz fəaliyyətimizdə düzgün qərarlar qəbul etdiyimizi göstərir: "
AMEA rəhbərliyinə yaranmış durumdan çıxmaq üçün təkliflər paketi veriib və təkliflər paketində kitab, jurnal, xəritələr və başqa sənədlərin təhlükəsizliiyi üçün texniki təchizat ehtiyacları da öz əksini tapıb. Hazırda AMEA rəhbərliyi kitabxananın problemlərinin həlli ilə yaxından məşquldur".