Mətbuat Şurasından Hacıbala Abutalıbovun “lopatka” söhbətinə CAVAB

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə qeyri-adi açıqlama ilə gündəmə gəlib.

 Bakı meri ATV-nin "Son xəbər” proqramına müsahibəsində Nərimanov rayonunda aparılacaq abadlıq işlərindən danışarkən KİV nümayəndələrinə qarşı növbəti qərəzli münasibət ortaya qoyub.

Belə ki, Bakının  Binəqədi və Zabrat qəsəbələrini yağış yağması nəticəsində su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb: 
"Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.

 Merin açıqlamasına Parlament Junalistləri Birliyi (PJB) etirazını bu şəkildə ifadə edib.

 PJB sədri Elşad Eyvazlı açıqlamasında ölkə jurnalistlərinin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında “lopatka”aksiya keçirməsini təklif edib. 

“Bütün jurnalistlərə müraciət edirik. Hacıbala Abutalıbovun jurnalistləri lağa qoymasına etiraz olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirək. Aksiyaya qatılacaq jurnalistlər əllərində bel götürsünlər. Biz aksiyanın keçirilməsi ilə bağlı icazə üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Jurnalistlərlə bu şəkildə davranmaq yetər. Biz Azərbaycanda məmurların jurnalistlərlə belə davranışına son qoymalıyıq. Bakı meri səsləndirdiyi fikirlərin izahını verməlidir”.

 Modern.az saytı məsələ ilə bağlı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovla da əlaqə saxlayıb. Sədr açıqlamasında bunları deyib.

 “Hacıbala müəllim, hər zaman özünün orijinal fikir və təklifləri ilə seçilir. Ötən gün jurnalistlərlə bağlı söylədiyi fikirlər də bu qəbildəndir.

Hesab edirəm ki, Hacıbala Abutalıbov kifayət qədər təcrübəyə malik insandır. Azərbaycanın müstəqilliyinin inkişafında və möhkəmlənməsində xüsusi xidmətləri olub. Düşünürəm ki, bu dəfə də o, orijinal fikirləri ilə seçildi”.






Fikirlər